AXCP fəalının 6 gündür həbsdə quru aclıq etdiyi bildirilir

Foto: Elnur Həsənovun şəxsi arxvindən

Penitensiar Xidmətin Əməliyyat Rejim İdarəsinin rəisi Fikrət Qafarov təcridxanada onunla görüşüb”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı – partiyanın Nərimanov rayon şöbəsinin üzvü Elnur Həsənovun aprelin 18-dən başladığı aclığı davam etdirdiyi bildirilir.
AXCP-dən Meydan TV-yə verilən məlumata görə, Elnur Həsənov 6 gündür quru aclıq edir – qida ilə yanaşı, su içməkdən də imtina edib.

Partiyadan bildirilib ki, aprelin 23-də Penitensiar Xidmətin Əməliyyat Rejim İdarəsinin rəisi Fikrət Qafarov Bakı İstintaq Təcridxanasında Elnur Həsənovla görüşüb:

“Bu gün (aprelin 23-də) səhər istintaq təcridxanasının tibb məntəqəsində Elnur Həsənovu müayinə ediblər. Məlum olub ki, təzyiqi çox aşağıdır – 80-60. Günortadan sonra Penitensiar Xidmətin Əməliyyat Rejim İdarəsinin rəisi Fikrət Qafarov təcridxanada onunla görüşüb, bir saatdan çox söhbət edib, onun bütün problemlərini dinləyib. Qeydlər götürərək deyib ki, məsələni aidiyyəti orqanlara çatdıracaq”.

Elnur Həsənov aclığa başladığını aprelin 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində açıqlayıb. Həmin məhkəmə iclasında AXCP sədri Əli Kərimli ondan aclığı dayandırmasını xahiş edib. Lakin o, qərarında israrlı olduğunu vurğulayaraq, aclığı davam etdirəcəyini söyləyib:

“Ötən günlər ərzində digər partiya üzvləri də onu bu yoldan çəkindirməyə çalışıb, sağlamlığına ciddi zərər dəydiyini nəzərinə çatdırıb. Lakin o, aksiyanı dayandırmaqdan imtina edib. Belə olan halda, heç olmasa, maye – su qəbul etməsi tövsiyə olunub. Bununla da razılaşmayıb. Quru aclıq onun sağlamlığında çox pis fəsadlar yaradacaq”.

Elnur Həsənov “ölüm aclığı” keçirməsi barədə müxtəlif dövlət orqanlarına məktub göndərib.

“Şərlənərək qanunsuz həbs olunmağıma etiraz edirəm. Hüquqlarım təmin edilənə qədər ölüm aclığı elan edirəm.

Mən şəhid qardaşıyam. Həbsimdən 17 gün sonra 62 nəfər erməni əsiri azad edilib. Hansı ki, onlar 3000 şəhidin canına qıyanlardır. Ancaq mən haqq və hüquqlarımı tələb etdiyimə görə zindanda Vilayət Eyvazov tərəfindən əsir saxlanılıram və bütün qurumlar susur”, – Elnur Həsənov məktubunda yazıb.

O, məktubunu Bakı Ağır Cinayətlər Məhkəməsində işinə baxan hakim Cavid Hüseynova, Prezidentin hüquq məsələləri üzrə köməkçisi Fuad Ələsgərova, Ombudsman Səbinə Əliyevaya, Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılova və digər səlahiyyətli şəxslərə ünvanlayıb.

Elnur Həsənov məhkəmədə aclığa başladığını açıqlayarkən onu da əlavə edib ki, məhkəmədə ifadə verəcəyini nəzərə alaraq, deyəcəklərini öncədən təcridxanada 11 vərəqə yazıb. Çünki ifadəsini hakimə yazılı şəkildə vermək istəyirdi. Lakin təcridxanada buna imkan verməyiblər – ifadəsi yazılan vərəqləri əlindən alıblar.

“Məni şərləyib həbs eləməkləri azdır, ifadəmi yazmağa belə, imkan vermirlər”, – Elnur Həsənov bildirib.

Elnur Həsənovun 6 gündür aclıq aksiyası keçirməsi barədə məlumatlara Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

AXCP fəalı 2023-cü il noyabrın 28-dən həbsdədir. O, saxlanılarkən cibindən 5,372 qram narkotik tapıldığı iddia olunur. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.

Elnur Həsənov özünü qətiyyən təqsirli bilmədiyini, narkotikin ona aidiyyəti olmadığını deyib. Onun sözlərinə görə, cibinə narkotiki polislərin özləri atıb. Hesab edir ki, həbsi AXCP üzvü olması, sosial mediadakı paylaşımları, tənqidi fikirlərilə bağlıdır.

AXCP fəalının tutulmamışdan az öncə Facebook hesabında polislərin fəaliyyətini tənqid edən paylaşımı olub. O, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalovun fotosuyla paylaşımında yol polislərini tənqid edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə bu iddiaların əsassız olduğunu, onun konkret fakt əsasında saxlandığını bəyan edib.

Elnur Həsənovun qardaşı 2020-ci ildə 44 günlük müharibədə şəhid olub, atası da 90-cı illərin əvvəlində Qarabağ döyüşlərində sağlamlığını itirib.

Ana səhifəSiyasətAXCP fəalının 6 gündür həbsdə quru aclıq etdiyi bildirilir