Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Maykl O’Flaherti Azərbaycanın Baş prokuroru Kamran Əliyevə müraciət edərək jurnalist Əfqan Sadıqova qarşı aparılan cinayət təqibindən ciddi narahatlığını ifadə edib və həbsin hüquqi əsasları barədə rəsmi izahat tələb edib. Komissarın məktubu Azərbaycan tərəfinə iyunun 30-da göndərilib.
Avropa Şurasının rəsmisi: “Azərbaycanda tənqidçilərin qisas məqsədilə şərlənərək həbsi adiləşib”
Avropa Şurasının rəsmisi müraciətində Azərbaycanda insan hüquqları müdafiəçilərinə, jurnalistlərə və vətəndaş cəmiyyəti fəallarına qarşı əsassız cinayət təqiblərinin narahatlıq doğurduğunu qeyd edib. O, fərqli və tənqidi fikirlərinə görə həbs olunmuş şəxslərin dərhal azad edilməsinə və ittihamların ləğv olunmasına çağırıb.
Komissar öz arqumentini hüquqi cəhətdən əsaslandırmaq üçün Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) çıxardığı tarixi presedentə – AİHM-in “Əliyev Azərbaycana qarşı” qərarına istinad edib. Bu qərar 2018-ci ildə hüquqşünas İntiqam Əliyevin həbsi ilə bağlı çıxarılıb.
“Məhkəmə həmin vaxt rəsmən təsdiq etmişdi ki, Azərbaycanda hökumət tənqidçilərinin və fəalların uydurma iqtisadi və ya cinayət ittihamları ilə şərlənərək həbs edilməsi mütəmadi təkrarlanan, qisas xarakterli bir sistemli tendensiyadır”,- Komissar Maykl O’Flaherti bildirib və Əfqan Sadıqovun da məhz bu tendensiyanın qurbanı ola biləcəyini vurğulayıb.
Jurnalistin Gürcüstandan deportasiya edildikdən sonra Azərbaycanda yenidən həbs olunmasına toxunan komissar, Baş prokurordan Sadıqov barəsində cinayət işinə əvvəlcə hansı əsaslarla xitam verildiyini və sonradan hansı əsaslarla yenidən başladıldığını soruşub. O, həmçinin ibtidai istintaq dövründə həbsin yalnız müstəsna tədbir kimi tətbiq edilməli olduğunu xatırladaraq, niyə daha yüngül qətimkan tədbirinin seçilmədiyinə dair izahat istəyib.
Baş prokuror: “Əfqan Sadıqovun jurnalist statusu yoxdur”
Azərbaycanın Baş prokuroru Kamran Əliyev isə iyulun 7-də verdiyi cavab məktubunda Komissarın çağırışlarını rədd edərək, Avropa Şurasını Qarabağ münaqişəsi dövründə azərbaycanlıların hüquqlarına diqqət göstərməməkdə və qərəzli olmaqda ittiham edib.
Baş prokuror Əfqan Sadıqovun işinin niyə yenidən açıldığına aydınlıq gətirərkən bildirib ki, bu cinayət işi əvvəlcə bağlanıb və araşdırma dayandırılıbmış. Lakin ondan şikayətçi olan şəxslər bu qərarla razılaşmayaraq məhkəməyə müraciət ediblər. Məhkəmə şikayətçiləri haqlı çıxarıb, işin bağlanması qərarını ləğv edib və prokurorluğa işi yenidən açmaq barədə rəsmi göstəriş verib. Toplanmış sübutlara əsasən, Əfqan Sadıqova qarşı Cinayət Məcəlləsinin 182.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürüldüyü, onun sosial media platformalarından böhtan xarakterli məlumatlar yayaraq əmlak tələb etdiyi iddia olunub.
Sənəddə həmçinin qeyd olunub ki, Azərbaycan qanunvericiliyinə əsasən Əfqan Sadıqov jurnalist hüquqi statusuna malik şəxs kimi tanınmır. (2022-ci ilin fevralından qüvvəyə minən “Media haqqında” Qanuna görə, bir şəxsin rəsmən jurnalist sayılması üçün onun və çalışdığı qurumun dövlət tərəfindən yaradılmış rəsmi Media Reyestrində qeydiyyatı tələb olunur).
Cavab məktubunda həmçinin vurğulanıb ki, istənilən halda jurnalist və ya hüquq müdafiəçisi statusu şəxsi cinayət məsuliyyətindən azad etmir. Kamran Əliyev ibtidai istintaqın tam və obyektiv aparıldığını qeyd edərək, davam edən cinayət prosesinə kənar müdaxilənin yolverilməz olduğunu bildirib.
Əfqan Sadıqov kimdir?
Əfqan Sadıqov “Azel TV” onlayn xəbər saytının və eyniadlı “Youtube” kanalının təsisçisi və baş redaktorudur. O, Azərbaycan hakimiyyətinin tənqidçilərindəndir. Materiallarında əsasən korrupsiya halları, sosial problemlər və məmurların fəaliyyəti ilə bağlı tənqidi süjetlər yayımlayırdı.
Əfqan Sadıqov 2020-ci ilin mayında saxlanılaraq hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə 7 il azadlıqdan məhrum edilib. Həbsindən iki il sonra Prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Azad olunduqdan sonra fəaliyyətini davam etdirən jurnalist, təzyiqlər səbəbindən 2023-cü ilin dekabrında ailəsi ilə birlikdə Gürcüstana köçüb.
2024-cü ilin mayında Azərbaycanda ona qarşı yenidən hədə-qorxu ilə tələb etmə ittihamı ilə cinayət işi başlanıb. O, həmin ilin avqustunda Azərbaycanın göndərdiyi ekstradisiya sorğusu əsasında Gürcüstanda saxlanılsa da, Avropa İnsan Hüquqları Məhkəməsinin qadağası ilə 2025-ci ilin aprelində girov müqabilində sərbəst buraxılıb.
Azərbaycan Baş Prokurorluğu 2026-cı il aprelin 1-də Əfqan Sadıqov barəsindəki cinayət işinin icraatını dayandırıb. Avropa İnsan Hüquqları Məhkəməsinin ekstradisiya qadağası qərarı səbəbindən jurnalisti birbaşa Azərbaycana təhvil verə bilməyən Gürcüstan hakimiyyəti isə alternativ hüquqi yola əl atıb. Bundan dərhal sonra, aprelin 4-də jurnalist Tbilisidə Gürcüstan polisi tərəfindən “polis əməkdaşını təhqir etmə” ittihamı bəhanə edilərək inzibati qaydada saxlanılıb və məhkəmə qərarı ilə aprelin 5-də Azərbaycana deportasiya edilib.
Azərbaycana qaytarıldıqdan bir müddət sonra Əfqan Sadıqov barəsində 2024-cü ildə açılmış köhnə hədə-qorxu ilə tələb etmə işi üzrə istintaq bərpa edilib və məhkəmə qərarı ilə o, iyulun 30-dək 1 saylı Bakı İstintaq Təcridxanasına göndərilib.
Jurnalist özü bu ittihamları qəbul etmir, həbsin qurama və siyasi motivli bir repressiya olduğunu bildirir.
Yerli hüquq müdafiəçilərinin son hesabatına görə, hazırda Azərbaycanda 328 siyasi məhbus var. Beynəlxalq təşkilatlar bu həbsləri tənqidçiləri susdurmağa yönəlmiş qisas tendensiyası adlandırır və onların azad olunmasını tələb edir. Rəsmi Bakı isə ölkədə siyasi məhbus olmadığını, həmin şəxslərin konkret cinayət əməllərinə görə cəzalandırıldıqlarını bildirir.