Avropa Parlamentinin deputatı Qubad İbadoğlunun həbsini sorğulayıb

Avropa Parlamenti. Foto: shutterstock\Hadrian

Almaniyalı deputat: “Qubad İbadoğlunun qanunsuz həbsi onun korrupsiya araşdırmaları ilə əlaqəlidir”

Avropa Parlamentinin deputatı Avropa Komissiyasına Azərbaycanda həbsdə olan iqtisadçı Qubad İbadoğlu ilə bağlı sorğu göndərib.

Deputat Anja Haga London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin professoru Qubad İbadoğlu ilə bağlı komissiyaya 3 sual ünvanlayıb.

Anja Haga bildirib ki, 2023-cü ilin sentyabrında Avropa Parlamenti Azərbaycanda siyasi məhbus olan Qubad İbadoğlunun işi ilə bağlı təcili qətnamə qəbul edib.

“Professor Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub və hələ də həbsxanadadır. Onun həbsi və həbsdə saxlanılması qurama və siyasi motivlidir. Son günlər gələn xəbərlər göstərir ki, Azərbaycan hökuməti ona adekvat tibbi yardım göstərmir”.

Deputatın sualları bunlardır:

” 1. Komissiyanın vitse-prezidenti/Birliyin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi bu barədə məlumatlıdırlarmı və ya hansı tezlikdə məlumat alırlar?

2. Avropa Birliyi Qubad İbadoğlunun müdafiəsi və onun adekvat tibbi yardımla əhatə olunması üçün diplomatik yollarla mümkün qədər tez nə etməyi planlaşdırır?

3. Avropa Birliyi Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı olan şəxslərə qarşı yönələn sanksiya məsələsinə baxacaqmı?”.

Qubad İbadoğlu. Foto: Meydan TV

Almaniya Bundestaqının deputatı Michael Brand da Qubad İbadoğluna dəstəyini ifadə edib. O, “Instagram” hesabında əlində Qubad İbadoğluya azadlıq tələb edən bukletlə şəklini paylaşıb.

Bildirib ki, Qubad İbadoğlunun qanunsuz həbsi onun korrupsiya araşdırmaları ilə əlaqəlidir:

Almaniya hökumətindən və Avropa Birliyindən təcili müvafiq addımlar atmağı xahiş edib”.

Həmçinin deputat Qubad İbadoğlunun səhhəti ilə bağlı narahatlığını da ifadə edib.

İqtisadçı Qubad İbadoğlu Azərbaycanda iyulun 24-də saxlanıb. Barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçilib, sonradan həbs müddəti artırılıb. Ona qarşı saxta pul, dini-ekstremist materialların hazırlanması, saxlanması və ya yayılması ittihamları irəli sürülüb. Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

Ana səhifəSiyasətAvropa Parlamentinin deputatı Qubad İbadoğlunun həbsini sorğulayıb