Avropa Parlamenti Gürcüstanla bağlı qətnamədə sanksiya çağırışı edib

Avropa Birliyi-Gürcüstan. Foto: Alexandros Michailidis/shutterstock

Avropa Parlamenti Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib.

Qurumun 438 lehinə və 37 əleyhinə səslə qəbul etdiyi sənəddə Gürcüstanda müxalifətçi Elene Xoştariyanın və digər şəxslərin həbslərini pisləyib. Qətnamədə ölkədə “siyasi ədalət və repressiyalara” son qoyulması, həmçinin “siyasi məhbusların dərhal və qeyd-şərtsiz azad edilməsi” tələb olunur. Həmçinin bu yaxınlarda qəbul edilmiş məhdudlaşdırıcı qanunların ləğvi tələb olunur.

Sənəddə qeyd olunur ki, söz azadlığı, toplaşmaq azadlığı və dinc etirazlarda iştirak hüququndan istifadə etdiklərinə görə hədəfə alınan şəxslərin həbsi siyasi motivlidir. Avropa Parlamentinin üzvləri həmçinin hakim Gürcü Arzusu Partiyası tərəfindən siyasi müxaliflərin, jurnalistlərin və fəalların sistematik cinayət təqibini pisləyiblər.

Qətnamədə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin həbsdə qalmasından və səhhətinin pisləşməsindən narahatlıq ifadə olunur. Avropa Parlamenti sənəddə Saakaşvilinin dörd ildən artıqdır ki, oliqarx Bidzina İvanişvili tərəfindən siyasi girov kimi saxlanıldığını qeyd edir.

Parlament saxlanılan şəxslərə qarşı pis rəftar və milli qanunvericiliyin pozulması ilə bağlı iddiaların müstəqil və şəffaf araşdırılmasını tələb edir. Həmçinin etirazçılara qarşı kimyəvi maddələrin istifadəsi ilə bağlı məlumatların araşdırılmasına çağırış edilir.

Sənəddə Rusiya, Çin və İranın Gürcüstanda artan siyasi və iqtisadi təsirindən narahatlıq ifadə olunur. Bu kontekstdə Hudson İnstitutu tərəfindən aparılan tədqiqatın müəllifləri Giorgi Kandelaki və Tinatin Xidaşeliyə qarşı başladılan araşdırmalar da qeyd edilir.

Avropa Parlamenti Gürcüstan hakimiyyətini məhdudlaşdırıcı qanunları ləğv etməyə, siyasi repressiya məqsədilə məhkəməyəqədər həbsdən istifadəni dayandırmağa, məhkəmə müstəqilliyini və ədalətli məhkəmə prosesini təmin etməyə çağırır.

Qətnamədə siyasi məhbusların mövcudluğunun Gürcüstanın Assosiasiya Sazişi çərçivəsində üzərinə götürdüyü öhdəliklərlə uyğun olmadığı vurğulanır.

Sənəddə Avropa Parlamenti Gürcüstan xalqına və onun “demokratik Avropa gələcəyinə” dəstəyini bir daha ifadə edir. Həmçinin Avropa Komissiyası və Aİ üzv dövlətləri təhdid altında olan gürcü fəalları, jurnalistləri və müxalifət nümayəndələrini dəstəkləməyə çağırılır.

Avropa Parlamenti Aİ və üzv dövlətləri demokratik müxalifətə, dissidentlərə, nümayişçilərə və jurnalistlərə qarşı siyasi motivli həbslər və zorakılıqlara görə məsuliyyət daşıyan şəxslərə, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı giriş qadağaları da daxil olmaqla hədəflənmiş sanksiyalar tətbiq etməyə çağırır.

Ana səhifəDünyaAvropa Parlamenti Gürcüstanla bağlı qətnamədə sanksiya çağırışı edib