Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi Prezidentin keçmiş kürəkəni Emin Ağalarova məxsus “Sea Breeze Construction” MMC olub.
Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumata görə, şirkət Qubadlı şəhərində yerləşən yaşayış məhəlləsinin tikinti-quraşdırma işlərini həyata keçirəcək və bunun qarşılığında 34 milyon 412 min 372 manat 80 qəpik alacaq.
“Sea Breeze Construction” MMC şirkəti “Sea Breeze” MMC-yə bağlı törəmə şirkət kimi fəaliyyət göstərir. “Sea Breeze” layihəsi 2006-cı ildə iş adamı və müğənni Emin Ağalarov tərəfindən təsis edilib. Emin Ağalarov Azərbaycan Prezidenti İlham Əliyevin böyük qızı Leyla Əliyevanın keçmiş həyat yoldaşıdır.
“Sea Breeze” layihəsi ilkin mərhələdə Xəzər sahilində otel, restoran və kiçik çimərlik kimi fəaliyyətə başlasa da, hazırda iri miqyaslı istirahət və yaşayış kompleksinə çevrilib və yüzlərlə hektar ərazini əhatə edir.
İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və tikinti layihələrində hakim ailəyə yaxınlığı ilə tanınan və ya dövlət strukturları ilə əlaqəli şəxslərin iştirak etdiyi şirkətlərin yer alması daha əvvəl də araşdırmaçı jurnalistlər tərəfindən təsdiqlənib.
Prezident İlham Əliyev də daha əvvəl İtaliya mediasına verdiyi müsahibədə bildirmişdi ki, ölkədə onun qohumlarının və ailə üzvlərinin biznesdə və müxtəlif layihələrdə iştirakı sirr deyil. Onun sözlərinə görə, bu şəxslər həm xeyriyyəçilikdə, həm də Qarabağda aparılan işlərdə iştirak edirlər.
Emin Ağalarovla əlaqəli şirkətin Qarabağdakı tikinti layihələrində iştirakı ilk dəfədir ki, belə iri tender çərçivəsində müşahidə olunur.
Ekspertlər bildirir ki, iri dövlət layihələrinin məhdud sayda və bir-biri ilə əlaqəli biznes qrupları arasında bölüşdürülməsi rəqabət mühitinə mənfi təsir göstərir. Əsasən də dövlətlə əlaqəli və ya hakimiyyətə yaxın hesab edilən şirkətlərin bu cür layihələrdə üstünlük qazanması şəffaflıqla bağlı narahatlıq doğurur. Ekspertlərin dediyinə görə, bu kimi vəziyyətlər maraqlar toqquşması və qeyri-bərabər imkanlar barədə şübhələri daha da artırır.