Avropa Məhkəməsi seçki işlərini açıqladı: 51 şikayət üzrə 4 qərardad

Xalid Ağəlıyevin şəxsi arxivindən

Hüquqşünas: “Ərizəçilərə təxminən yarım milyon manat təzminat ödəniləcək”

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) oktyabrın 28-də Azərbaycandan göndərilmiş 51 seçki şikayəti üzrə 4 qərardad elan edib.

Hüquqşünas Xalid Ağəliyev bildirib ki, həmin qərardadlar üzrə ərizəçilərə 240 min avroya yaxın, təxminən yarım milyon manat təzminat ödəniləcək.

“Arzu Səmədbəyli və başqaları Azərbaycana qarşı” şikayəti ilə bağlı qərara görə, hökumət 41 ərizəçinin seçki hüququnun pozuntusunu etiraf edib, birtərəfli bəyannamə təqdim edib: “Ərizəçilərin bir çoxu rədd etsə də, AİHM bəyannamə ilə razılaşıb. 37 ərizəçinin hər birinə 4750, 3 ərizəçinin hər birinə 5 min, 1 ərizəçiyə isə 4500 avro təzminat ödəniləcək”.

Bu işdə ərizəçilər 2015-ci ildə keçirilmiş parlament seçkilərində müxalif siyasi partiyalardan deputatlığa namizədliklərini irəli sürüb. Ancaq onların namizədliklə bağlı müraciətləri, dəstəkləyici seçici imzalarının bir hissəsinin etibarlı olmaması əsası ilə qəbul edilməyib.

Mərkəzi Seçki Komissiyasına (MSK) və məhkəmlərə şikayətləri təmin edilməyən ərizəçilər seçki hüquqlarına müdaxilənin baş verdiyini iddia edirdilər.

AİHMAZ yazır ki, məhkəmənin kommunikasiya mərhələsində hökumət iddia olunan pozuntuları tanıyıb və məhkəməyə birtərəfli bəyannamə təqdim edib.

Ərizəçilərin əksəriyyəti bunu rədd etsə də, AİHM bəyannaməni diqqətə alıb.

Qərardada görə, Azərbaycan hökuməti 37 ərizəçinin hər birinə 4750, 3 ərizəçinin hər birinə 5 000, 1 ərizəçiyə isə 4500 avro təzminat ödəyəcək.

“Mübariz Rəhimli və başqaları Azərbaycana qarşı” – işdə müxtəlif siyasi partiya üzvləri olan ərizəçilər 2015-ci ildə keçirilmiş növbəti parlament seçkilərində və 2016-cı ildə keçirilmiş təkrar seçkilərdə deputatlığa namizədliklərini irəli sürüblər.

Seçki qurumu onların namizədliyini də yetərli etibarlı seçici imzası təqdim etmədiklərinə görə, qeydə almamışdı. Ərizəçilərin ali seçki qurumuna və məhkəmələrə şikayətləri isə rədd edilmişdi.

AİHM qarşısında seçki, səmərəli müdafiə vasitələrinə sahib olmaq hüquqlarının pozuntusu mübahisələndirilmişdi. Bu işdə ərizəçilər hökumətlə dostca anlaşıb, müvafiq bəyannaməni AİHM-ə təqdim ediblər.

Qərardada əsasən, 4 ərizəçiyə 4750, 2 ərizəçiyə isə 5000 avro təzminat ödəniləcək.

“Elvin Adıyev və Elçin Namazov Azərbaycana qarşı” növbəti iş isə ərizəçilərin polis əməkdaşının qanuni tələbinə əməl etməməyə görə inzibati qaydada cəzalandırılmaları ilə bağlıdır.

E.Abdıyev həm də kiçik xuliqanlığa görə cəzalandırlmışdı. 3-15 gün inzibati həbs cəzası verilmiş ərizəçilər məhkəmələrin ədalətli olmamasından şikayət etmişdilər.
Bu işdə də tərəflər dostca anlaşıblar.

Qərardada görə, hökumət ərizəçilərin hər birinə 4100 avro təzminat ödəməlidir.

“Emil Mehdiyev və Vahid Əbilov Azərbaycana qarşı” – işdə isə ərizəçilər Yahova Şahidləri dini icmasının üzvləridir. Dini baxışlarına görə hərbi xidmət keçməkdən imtina etmiş ərizəçilər cinayət məsuliyyətinə cəlb olunmuş, 1 il müddətinə azadlıqdan məhrum edilmişdilər. Onlar AİHM qarşısında dini etiqad azadlığı hüquqularına müdaxiləni mübahisələndirmişdilər.

Kommunikasiya mərhələsində hökumət ərizəçilərin iddia etdikləri pozuntulara yol verildiyini etiraf edib. AİHM hökumətin birtərəfli bəyannaməsini diqqətə alıb.

Qərardada görə, Hökumət ərizəçilərin hər birinə 3500 avro təzminat ödəməlidir.

Xalid Ağəliyev bildirir ki, AİHM noyabrın 4-də Azərbaycanla bağlı daha 2 qərar elan edəcək.

Həmin işlərdə ərizəçilər Ermənistan vətəndaşlarıdır.

Ana səhifəSiyasətAvropa Məhkəməsi seçki işlərini açıqladı: 51 şikayət üzrə 4 qərardad