Avropa Məhkəməsi bloklanmış saytların şikayətini araşdırır

Avropa Məhkəməsi, Foto: By symbiot/Shutterstock

Araşdırılan digər şikayət AXCP üzvü Məmməd İbrahimin həbs edilməsi ilə bağlıdır

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilən beş şikayəti araşdırır.

Araşdırılan işlərdən 4-ü ölkə ərazisində bloklanmış media saytlarının şikayətləridir.

Bu barədə noyabrın 23-də “aihmaz.org” məlumat yayıb.

Bildirilib ki, şikayətlər Azadlıq Radiosunun (azadliq.org), “anaxeber.az”, “24saat.org” və “xural.com” saytlarının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müraciəti üzrə, məhkəmə qərarları ilə məhdudlaşdırılması ilə bağlıdır:

“Həmin məhkəmə qərarları milli təhlükəsizliyin, ərazi bütövlüyünün, ictimai asayişin, iğtişaşların və cinayətlərin qarşısının alınması maraqları ilə əsaslandırılıb. Ərizəçilər şikayətlərində Konvensiyanın 10 və 18-ci, eləcə də digər maddələrinin pozulduğunu iddia edirlər”.

2017-ci il mayın 12-də Səbail Rayon Məhkəməsinin qərarıyla Azadlıq Radiosunun, “Azadlıq” qəzetinin, Meydan TV-nin, ölkə xaricindən yayımlanan Turan TV-nin və “Azərbaycan saatı” televiziya proqramının saytları bloklanıb.

Məhkəmə qərarları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib.
Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib.

Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib.
Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

2017-ci il martın 10-da Milli Məclisin plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklə internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydaları qəbul edilib.

2018-ci ilin avqustunda Səbail Rayon Məhkəməsi “Az24saat.org”, “xural.com”, “arqument.az” və “anaxəbər.az” saytlarının bloklanması haqda qərar çıxarıb.

Məhkəmə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müraciəti əsasında qərar çıxardığı bildirib.

Digər araşdırılan şikayət AXCP üzvü Məmməd İbrahimin həbs edilməsinin qanunsuzluğu ilə bağlıdır:

“Məmməd İbrahim iddia edir ki, onun cinayət törətməsinə əsaslı şübhələr mövcud olmayıb və azadlıqdan məhrum edilməsi qanunsuz olub. Belə ki, hakim qarşısına çıxarılmazdan əvvəl qırx səkkiz saatdan artıq həbsdə tutulub. Eyni zamanda, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı ilkin məhkəmə qərarı daxili qanunvericiliyin tələblərinə zidd idi. Çünki həbs qətimkan tədbiri yalnız iki ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulduğu cinayətdə ittiham olunan şəxslər barəsində seçilə bilər”.

Sayt yazır ki, M.İbrahimə qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq), daha sonra isə 221.2.2-ci (xuliqanlıq vəzifəli şəxsə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb: “AXCP üzvü Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə söykənərək, şikayət edib ki, onun cinayət törətməsinə əsaslı şübhələr mövcud olmayıb və azadlıqdan məhrum edilməsi qanunsuz olub. Xüsusilə, o, iddia edib ki, hakim qarşısına çıxarılmazdan əvvəl daxili qanunvericiliyin icazə verdiyi maksimum qırx səkkiz saatlıq müddətdən artıq həbsdə saxlanılıb”.

Məmməd İbrahim 2015-ci ilin sentyabrında həbs edilib, AXCP-dən ayrılmış Mikayıl Quliyevi və daha iki nəfəri döyməkdə ittiham olunub.

2016-cı il martın 15-də Nərimanov Rayon Məhkəməsi Məmməd İbrahimi 3 il azadlıqdan məhrum edib.

2018-ci il sentyabrında 3 illik həbs cəzasının başa çatmasına bir neçə gün qalmış 16 saylı Cəzaçəkmə Müəssisəsində Məmməd İbrahimin yastığının altından bıçaq tapıldığı bəyan olunub.

Yasamal Rayon Məhkəməsi Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin təqdimatı ilə Məmməd İbrahim haqqında həbs qətimkan tədbiri seçib.

2019-cu ilin yanvarın 10-da Suraxanı Rayon Məhkəməsi Məmməd İbrahimi cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşya saxlanmasında təqsirli bilərək 5 ay 22 gün müddətinə azadlıqdan məhrum edib.

Fevralda Bakı Apelyasiya Məhkəməsi Məmməd İbrahim barəsində Suraxanı Rayon Məhkəməsinin hökmündən verilən şikayətə baxıb.

Məhkəmə M.İbrahimə verilmiş 5 ay 22 gün azadlıqdan məhrumetmə cəzasını azaldaraq faktiki həbsdə yatdığı müddətlə əvəzləyib və o, həbsdən azad olunub.

Ana səhifəSiyasətAvropa Məhkəməsi bloklanmış saytların şikayətini araşdırır