Atalıq məzuniyyəti

Hər yeni doğulmuş körpəyə 5400 dollar…

Source:

Konstitusiyamız deyir ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır (AR Konstitusiyası, maddə 7.) Unitar olmağı şübhəlidirsə, qalanlarını özünüz düşünün.

Hüquqi və demokratik olan ölkədə məzuniyyətlə bağlı bir kiçik araşdırma apardım. Heç demə, bizdə atalıq məzuniyyəti yox imiş. Qadınlara uşaq böyütmə, baxma məsələlərində daha çox yük düşür. Qanunla onlar (işləyən xanımlar) hamiləlik dövründə və doğuşdan sonrakı dövr ü üçün 126 təqvim günü məzuniyyət verilir (ƏM maddə 125). Bu məzuniyyətin 70 günü doğuş öncəki, 56 günü isə doğuşdan sonrakı müddət üçün nəzərdə tutulub. Doğuş çətin olduqda isə uzadılır və blah blah blah.

Maraqlıdır, qadına bu qədər məzuniyyət verildiyi halda, uşağın dünyaya gəlməsində birbaşa iştirak edən ata üçün qanun nəsə nəzərdə tutub?!

Demək, Əmək Məcəlləsinə edilən dəyişikliklərə əsasən, qadınlar üçünməzuniyyət dövrü 250 günə qədər artırılıb və (!)  hamiləlik dövründə və doğuşdan sonrakı müddətdə qadının arzusu (!) ilə həyat yoldaşına növbədənkənar məzuniyyətə çıxmaq hüququnun verilməsi nəzərdə tutulur.

Ümumiyyətlə, qanuna düzəliş olunsa da, burada “atalıq məzuniyyəti” sözü heç keçmir və verilən məzuniyyət ödənişsiz (!) olur. Belə çıxır ki, əgər qadının arzusu olsa, “I have a dream” desə, kişi bədbəxt oldu. Evdə oturub, pul almayacaq. Ad da olacaq ki, uşağa baxır, maaşsız, pulsuz. Hələ nəzərə alsaq ki, doğuş minimum 200-300 manata başa gələcək, kişi bir ay dəvəsi ölmüş ərəbdən də betər günə qalacaq. Əvvəldə demişdim demokratik, dünyəvi dövlət və  daha nələr. Hanı o dövlət?! Qadına bu qədər haqq verən dövlət, kişi üçün heç bir qanunu tanımır. Düşünürəm ki, bu bizim o mentalitet dediyimiz şeydən qaynaqlanır. Qadın uşaq doğub, böyüdüb, məktəbə göndərməlidir. Yemək bişirməlidir, ev yığmalıdır. Kişi isə bütün günü işləməli, pul qazanmalı, uşağı ilə maraqlanmasa da olar. Əsas evə pul gətirsin. Həm birdən biri desə ki, mən övladıma baxmaq istəyirəm, məzuniyyət istəyirəm, lağlağı başlayacaq. “Yekə kişisən, uşağa baxmaq nədir?!” “Arvad nə üçündür?!” Azərbaycan cəmiyyəti üçün qloballaşma, dünyəviləşmə hələ də gülüş doğurur. Atalıq məzuniyyətinə çıxma az qala kişinin dünyaya uşaq gətirməsi kimi assosiasiya olunur.

Maraqlısı isə odur ki, uşaq bir az tərbiyəsizlik eləyəndə deyirlər ki, ailənin verdiyi tərbiyə budur. Bu söz kişiyə gəlib çatanda, basır arvadı çırpır. Bütün təqsir qadında olur. Kişi məsum və təqsirsiz biri kimi qələmə verilir. Axı bütün günü işdə, gücdə olub. Haqlar bərabər paylansa, uşağın böyüdülməsi ilə hər iki valideyn maraqlansa, əlbəttə ki, daha sonra belə şeylər baş verməz. Amma di gəl ki, bu cəmiyyət hələ belə şeylərə hazır deyil. Nə qadınlar bunu tələb edir, nə də kişilər.

Bu cür qanunlar, demək olar ki, bütün sivil ölkələrdə var. Körpənin doğulması adi bir hal olmadığı üçün qanun həm anaya, həm də ataya lazımi güzəştləri edir. Avropada uzunmüddətli məzuniyyətə çıxıb, övladına baxan atalar da var. Avropa ölkələri arasında ən yaxşı təklifi Skandinaviya ölkələri verir. Norveçdə ataya məcburi şəkildə 14 həftə atalıq məzuniyyəti verilir. 80 faiz maaşla təzə ata və ana 59 həftə ərzində öz övladına baxa bilər. Digər ölkələrdə də belə qanunlar var. Qadın və kişi haqları Skandinaviya ölkələrində çoxdan çözümünü tapdığı üçün ən gözəl hal da ordadır. Orta Avropada, daha dəqiq Çexiyada isə qadına 3 il müddətinə maaşın 80 faizi ödəməklə analıq məzuniyyəti verilir. Hətta Sinqapurda doğuşun səviyyəsinin artırılması üçün qanun layihəsi hazırlanıb, belə ki hər yeni doğulmuş körpəyə 5400 dollar pul və ata və anaya da məcburi bir həftə məzuniyyət verilir. Təbii ki, bizim cəmiyyətdə bu bir qədər normal qarşılanmaz, bizdə kişinin evdə oturub uşağa baxması, qadının işləyib pul qazanması qeyri – normal, kişiyə yaraşmayan bir şeydir.

Ana səhifəMənim FikrimcəAtalıq məzuniyyəti