Astara sakini 4 ilə yaxın həbsdə qalandan sonra təqsirsiz olduğu ortaya çıxıb, bəraət alıb

Foto: Meydan Tv

“Polis şöbəsində “Xəzər TV” çəkiliş aparanda kənarda dayanmış polislər təzyiq edirdilər…”

Astara sakini Teymur Baxşıyev 4 ilə yaxın həbsdə saxlanılandan sonra bəraət alaraq, azadlığa çıxıb. Deyir ki, uzun illərdir Astara şəhərində qəssablıqla məşğul idi, bu işlə ailəsini normal şəkildə dolandırırdı. Narkotiklə yaxından-uzaqdan heç bir əlaqəsi olmadığı halda, narkotik satışıyla şərlənib həbs edilmişdi…

“Mən ümumiyyətlə, Fəqan adlı iranlı tanımıram”

1977-ci il təvəllüdlü Teymur Baxşıyev 2019-cu ilin dekabrından 2023-cü ilin avqustunadək həbsdə olub. Onu Astara Rayon Polis Şöbəsinin əməkdaşları tutub. İddia olunub ki, Astara şəhərində Baxşıyevlərin yaşadığı evin həyətindəki tövlədən təxminən yarım kiloqram heroin və 300 kiloqramdan çox metamfetamin (“patı”) aşkarlanıb. Astara Rayon Polis Şöbəsində Teymur Baxşıyevə Cinayət Məcəlləsinin 206.3.2 (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 234.4.1 və 234.4.3 (bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddələrilə ittiham verilib.

Cinayət işinin materiallarında göstərilib ki, Teymur Baxşıyev narkotiki Fəqan adlı iranlıdan götürüb, onun tapşırdığı adama çatdırmalıymış. Ona görə öz tövləsində gizlədib.

O tutulan ərəfədə “Xəzər TV” çəkiliş aparıb, Teymur Baxşıyevi efirə verərək, onu cəmiyyətə “narkotik satcısı” kimi təqdim edib:

“Polis şöbəsində “Xəzər” telekanalı çəkiliş aparanda kənarda dayanmış polislər mənə təzyiq edirdilər, göstəriş verirdilər. Ona görə mən də məcburən onların göstərişlərinə uyğun davranırdım. Narkotikin özümün olduğunu dedim. Halbuki, o narkotiki də, tərəzini də evimə polislər qoymuşdular. Mənim Fəqan adlı iranlı tanışım ümumiyyətlə yoxdur. Narkotiki ondan almağım haqda deyilənlər tamamilə yalandır”.

“Rəis müavininin göstərişiylə elədilər”

Astara sakininin iddiasına görə, 3 il 8 ay nahaqdan həbs həyatı yaşamasının kökü qonşusuyla aralarındakı borc qalmaqalına gedib çıxır. O danışır ki, qonşusu, “Dədə” ləqəbilə tanınan İzzətulla Qulamov ondan 4000 manat borc alıb, əvəzində “Mercedes” markalı maşınını gətirib həyətinə girov qoymuşdu. Razılaşmışdılar ki, pulu qaytaranda maşını da götürüb aparacaq. Amma pulun qaytarılma vaxtına yaxın İzzətulla Qulamov avtomobilini geri istəyib. Deyib ki, borcunu bir müddət sonra qaytaracaq. Lakin Teymur Baxşıyev razılaşmayıb:

“İzzətulla gedib Astara polis şöbəsinin o vaxtkı rəis müavini Hikmət Ağayevə 2000 manat pul vermişdi ki, 4 minin əvəzinə gəlib mənim qapımdan onun maşınını götürsünlər. Hikmət Ağayev polisləri evimə göndərmişdi, məni və həmin vaxt evimdə olan Ehtiram Hüseynovu şöbəyə apardılar. Ehtiram Hüseynovu bir neçə saat saxlayıb, axşam buraxdılar, məni saxladılar. Məni məcbur edirdilər ki, 4000 manatı geri almağım haqda ərizə yazım. Hədələyirdilər ki, yazmasam, evimdəm narkotik çıxacaq. Dedim ki, pulum qaytarılana qədər yazmayacam. Məni şöbədə nə qədər döydülər, həmin gecə saxladılar, ailəmi gətirməklə hədələdilər”.

Teymur Baxşıyevin sözlərinə görə, bir gecə saxlanılandan sonra ertəsi gün saat 14.00-15.00 radələrində polis əməkdaşlarının əhatəsində evinə aparılıb. Rəis müavini Hikmət Ağayev də onların arasında olub. Əlləri qandallı vəziyyətdə aparıldığını deyən Astara sakini danışır ki, əyninə başqa birinin gödəkçəsini geyindiriblər:

“Cibinə də narkotik qoymuşdular. Onda həyətimdəki tövləyə də özlərinin qoyduqları narkotik bağlamalarını, tərəzini guya tapdılar. Beləliklə, məni həbs elədilər…”.

Prokurorluq: “Şikayətdə göstərilənlər təsdiqini tapmayıb”

Astaranın keçmiş rəis müavini Hikmət Ağayev də daxil olmaqla, polis əməkdaşları Teymur Baxşıyevin dediklərini təkzib ediblər. Onlar iddia edirlər ki, Baxşıyevin qanunsuz narkotik dövriyyəsilə məşğul olması haqda Astara Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub. O məlumat əsasında da əməliyyat və həyətinə baxış keçiriblər, narkotiki tapıblar.

Teymur Baxşıyev və yaxınları onun polis şöbəsində işgəncəyə, hədə-qorxuya məruz qalması, həmçinin buraxılması üçün qardaşı Eldəniz Baxşıyevdən 10 min manat pul tələb olunması haqda prokurorluğa bir neçə şikayət göndəriblər. Ancaq onların bütün şikayətləri üzrə Astara Rayon Prokurorluğu cinayət işi başlamaqdan imtina edib. İddia olunub ki, göstərilən faktlar təsdiqini tapmayıb.

Keçmiş rəis müavini də təkzib edir

Prokurorluğun qərarından görünür ki, araşdırma zamanı sabiq rəis müavini Hikmət Ağayev də izahat verib. Deyib ki, Astarada əməliyyat üzrə rəis müavini işləyəndə əməliyyat məlumatı əsasında Teymur Baxşıyevin həyətinə gediblər. Həyətdəki tikiliyə baxışda narkotiki tapıb, sənədləşdiriblər.

Keçmiş rəis müavini iddia edib ki, əvvəllər nə Teymur Baxşıyevi, nə də onun qardaşını görüb. Heç kimdən də rüşvət istəməyib.

Amma Şirvan Apelyasiya Məhkəməsində dindirilən başqa şahidlər Baxşıyevlərin həyətindən avtomobilin çıxarılıb aparılmasını, polisin qonşular arasındakı borc məsələsinə qarışmasını təsdiqləyiblər.

Apelyasiya məhkəməsi həm bu halları, həm də narkotik tapıldığı iddia olunan vaxt çəkilişdəki ziddiyyətləri, iş materiallarındakı başqa uyğunsuzluqları nəzərə alaraq, 46 yaşlı Teymur Baxşıyevin təqsirsiz olması qənaətinə gəlib.

Ana səhifəXəbərlərAstara sakini 4 ilə yaxın həbsdə qalandan sonra təqsirsiz olduğu ortaya çıxıb, bəraət alıb