AŞPA qətnaməsinə Bakıdan reaksiya: “Kağız parçası”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti. Foto: “Azərtac”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanla bağlı qəbul etdiyi son qətnamə Bakıda sərt reaksiyalara səbəb olub.

Milli Məclisin deputatları Səməd Seyidov və Fazil Mustafa sənədi qərəzli və siyasi motivli hesab ediblər.

İyunun 24-də AŞPA “Azərbaycanda tənqidi səslərin susdurulması” adlı qətnamə qəbul edib. Sənəddə Azərbaycanda insan hüquqları və fundamental azadlıqların vəziyyəti ilə bağlı narahatlıq ifadə olunur, jurnalistlərin, vətəndaş cəmiyyəti və siyasi fəalların həbsləri tənqid edilir. Qətnamədə həmçinin ifadə, toplaşma və birləşmək azadlıqlarının məhdudlaşdırıldığı, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasında problemlərin qaldığı bildirilir. Azərbaycan hakimiyyəti siyasi motivli hesab edilən həbslərə yenidən baxmağa və fundamental hüquq və azadlıqların təminini gücləndirməyə çağırılır.

Qətnamənin məruzəçisi, almaniyalı deputat Frank Şvabe isə sənədin təqdimatı zamanı Azərbaycanda tənqidi səslərə təzyiqlərin artdığını və bu tendensiyanın beynəlxalq öhdəliklərlə uzlaşmadığını bildirib.

Deputatlar: “Bu kağız parçasının heç bir əhəmiyyəti yoxdur”

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənədi qərəzli adlandırıb. Onun fikrincə, AŞPA-nın Azərbaycanla bağlı qərar və qiymətləndirmələri siyasi motivlidir.

“Bu kağız parçasının heç bir əhəmiyyəti yoxdur. Bu, qərəzli və sifarişli yanaşmanın növbəti nümunəsidir. Bu addımlar bir daha göstərir ki, həmin təşkilat nə dərəcədə birtərəfli, ikili standartlara xidmət edən və qeyri-obyektiv mövqedən çıxış edir”, – deyə deputat bildirib.

Onun fikrincə, Azərbaycanın regionda sülh gündəliyini irəli apardığı bir vaxtda AŞPA-da müəyyən qüvvələr bu prosesə mane olmağa və Cənubi Qafqazda yenidən gərginlik yaratmağa çalışırlar.

Seyidov həmçinin Avropa institutlarının nüfuzunun zəiflədiyini iddia edib. Onun sözlərinə görə, Azərbaycan AŞPA ilə bağlı mövqeyini artıq ortaya qoyub və bu səbəbdən qəbul edilən sənəd ölkə üçün hər hansı siyasi əhəmiyyət daşımır.

Səməd Seyidov həmçinin qətnamənin məruzəçisi Frank Şvabeni Azərbaycana qarşı qərəzli mövqe tutmaqda ittiham edib.

“Biz Frank Şvabenin mövqeyini də, niyyətini də yaxşı bilirik. O, Azərbaycanın uğurlarına və tərəqqisinə heç vaxt sevinməyib, daim əks mövqe sərgiləyib”, – komitə sədri deyib.

Deputat Fazil Mustafa isə hesab edir ki, Avropa institutlarının nüfuzu qəbul etdikləri sənədlərin sayı ilə deyil, nümayiş etdirdikləri ədalət və obyektivliklə ölçülür. Onun fikrincə, Azərbaycana qarşı qəbul edilən son qətnamə isə bu meyarlara cavab vermir.

“Güney Qafqazda sülh gündəliyinin formalaşdığı, Azərbaycan və Ermənistan arasında normallaşma yönündə real imkanların yarandığı bir vaxtda yenə qarşıdurma ritorikasına üstünlük verilməsi nə Avropa-Azərbaycan münasibətlərinə, nə Avropanın həqiqi maraqlarına, nə də Güney Qafqazın sabitliyinə xidmət edir. Bizim üçün əsas meyar milli çıxarlarımız, dövlət suverenliyimiz və beynəlxalq hüququn prinsipləridir. Qeyri-obyektiv qərarlar Azərbaycan siyasətini müəyyən etmir və etməyəcək”, – deyə deputat bildirib.

“İlham Əliyev zəifləyəndə bu qətnamələrin təsiri görünəcək”

III Respublika Platformasının qurucu heyət üzvü Elman Fəttah isə deputatların səsləndirdiyi fikirlərlə razılaşmır. Onun sözlərinə görə, AŞPA-nın qəbul etdiyi qətnaməni qərəzli adlandırmaq üçün əsas yoxdur:

“Qərəz məhz bu qətnaməni qərəzli adlandırmaqdır. Avropa Şurasının quruluş fəlsəfəsi insan haqları, demokratiya və hüququn üstünlüyü dəyərlərinə əsaslanır. Azərbaycanda da vəziyyət hamıya aydındır. Azərbaycan Avropa Şurasının üzvü olaraq təşkilatın əsaslandığı dəyərlərlə bağlı öhdəliklər daşıyır. Bu qətnamənin dərhal hansısa təsiri olacaqmı? Çətin, çünki İlham Əliyev özünü çox güclü hiss edir. Amma nə vaxtsa İlham Əliyevin zəiflədiyi dövrdə bu cür qətnamələr yenidən ortalığa gələcək. O zaman biz onun təsirini görəcəyik”.

Azərbaycanın AŞPA-dakı səsvermə hüququ 2024-cü ildə dondurulub. Rəsmi əsas kimi Bakının qurum qarşısında insan hüquqları sahəsində öhdəliklərini tam yerinə yetirməməsi göstərilib. Buna cavab olaraq Azərbaycan hakimiyyəti AŞPA ilə əməkdaşlığı dayandırdığını elan edib. Bundan əlavə, həmin qərarın lehinə səs verən deputatlar Bakı tərəfindən “qara siyahı”ya salınıb və onların ölkəyə girişinə məhdudiyyət qoyulub.

Bununla belə, rəsmi Bakı dəfələrlə vurğulayıb ki, əgər nümayəndə heyətinin mandatı bərpa olunarsa, təşkilatla əməkdaşlığı davam etdirməyə hazırdırlar.

Ana səhifəSiyasətAŞPA qətnaməsinə Bakıdan reaksiya: “Kağız parçası”