Aslan İsmayılovun vəkillikdən uzaqlaşdırılması işinə yenidən baxılır

Foto: Meydan TV

“Mənim vəkilliyimə siyasi sifarişlə xitam verilib”

Bu ilin sentyabrında Ali Məhkəmənin Plenumu Avropa Məhkəməsinin qərarı əsasında Aslan İsmayılovun vəkillikdən uzaqlaşdırılması işinə yenidən baxaraq, əvvəlki məhkəmə qərarlarını ləğv etdi. Bu iş təkrar araşdırma üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarıldı.

Dekabrın 14-də Bakı Apelyasiya Məhkəməsində hakim Xumar Mərdanovanın sədrliyilə bu iş üzrə yenidən məhkəmə araşdırmaları başlayıb. Məhkəmədə Aslan İsmayılovun özü ilə yanaşı, illər öncə onun vəkillik fəaliyyətinə xitam vermək üçün iddia qaldırmış Vəkillər Kollegiyasının nümayəndəsi də iştirak edib.

Aslan İsmayılov çıxışında bildirib ki, 2013-cü ildə heç bir əsas olmadan, siyasi sifarişlə onun vəkillik fəaliyyətinə xitam verilib:

“O dövrdə hüquq-mühafizə orqanlarında çalışan tanışlar da xəbərdar etmişdilər ki, mənimlə bağlı xoşagəlməz planlar hazırlanır. Sonradan bunu hazırda Bakı Apelyasiya Məhkəməsinin hakimi olan Elnur Həsənovun əli ilə həyata keçirdilər. O vaxt Səbail Rayon Məhkəməsinin hakimi idi. Mənimlə bağlı tapşırığı icra edəndən dərhal sonra onu apelyasiya məhkəməsinə göndərdilər. Bu, həmin Elnur Həsənovdur ki, vaxtilə məhkəmədə başqalarının yanında da görəndə mənə hörmətini bildirməyə çalışırdı. Deyirdi ki, Elçibəyin Türkiyəyə oxumağa göndərdiyi ilk tələbələrdən olmuşam, belə mühitdə işləyə bilmirəm, rüşvət elə həddə çatıb, getmək istəyirəm”.

Aslan İsmayılovun sözlərinə görə, birlikdə işlədiyi Nəsimi Əhmədovun atasının evinin bank tərəfindən qanunsuz alınmasıyla bağlı iş Elnur Həsənovun icraatına verilmişdi:

“Ortada o qədər aşkar pozuntu vardı ki, düşündüm, azacıq ədaləti olan hakim onların xeyrinə qərar çıxarmalıdır. Buna güvənib heç məhkəməyə getmədim. Söhbət direktorun müəllimlərin adına kredit götürməsindən gedir. Kredit götürənlərdən biri də direktorun öz bacısı qızı idi. Bank onların evlərini almaq istəyirdi. Elnur Həsənov hər iki işə baxırdı. Nəsimi Əhmədovun atasına münasibətdə bankın xeyrinə qərar çıxardı. Amma direktorun bacısı qızına münasibətdə onun xeyrinə qərar verdi. Belə qərar verməsinin səbəbi də məlum oldu. Buna görə aramızda müəyyən narazılıq oldu. Sonra başqa bir işlə əlaqədar məhkəməyə getmişdim. Mənim ünvanıma “dələduz”, “saxtakar” kimi təhqiramiz ifadələr səsləndirdi. Mən onun hərəkətlərindən ədliyyə nazirinin müavini Azər Cəfərova, Baş Prokurorluğa şikayət elədim. Bu da cavab olaraq, iki gün sonra Vəkillər Kollegiyasına şikayət göndərdi. Guya mən məhkəmənin qapısındakı polisi aldadıb, onun otağına çıxmışam, kabinetinə hücum eləmişəm. Halbuki, yalan idi. Onun otağının qapısı düymə ilə açılırdı, mən ora necə daxil ola bilərdim?!”

Vəkillər Kollegiyasının Rəyasət Heyəti 2013-cü ildə hakimin bu şikayəti əsasında Aslan İsmayılovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət etmək haqda qərar qəbul edib. Vəkillər Kollegiyasının iddiası təmin olunub. Yuxarı instansiya məhkəmələri də bu qərarı qüvvədə saxlayıb. Bu səbəbdən Aslan İsmayılov Avropa İnsan Haqları Məhkəməsinə şikayət edib.

Aslan İsmayılov əlavə edib ki, Prezident Administrasiyasının keçmiş rəhbəri, hazırda Milli Elmlər Akademiyasının prezidenti olan Ramiz Mehdiyevi, Prezidentin keçmiş köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə bu cütlüyün ardıcıl təzyiqlərinə məruz qalırdı. Vəkillikdən uzaqlaşdırılması da həmin təzyiqlərin tərkib hissəsi idi:

“Məni aldadıb “Bandotdel”ə (DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi – red.) çağırdılar, orada vəhşicəsinə döydülər, bir dəfə də döydürmək üçün Nərimanov Rayon Polis İdarəsinə göndərdilər. Orada şəxsən rəis özü mənə dedi ki, sizə qarşı onu eləyə bilmərəm”.

Aslan İsmayılov əlavə edib ki, onun üçün vəkilliyə qayıtmaqdan daha çox hakim Elnur Həsənovun cəzalandırılması vacibdir:

“O, məsuliyyətə cəlb olunsun, başqalarına da görk olsun ki, yalan danışıb, adamların üzünə durmasınlar”.
Aslan İsmayılovun vəkillik işi ilə bağlı məhkəmə prosesi yanvarın 12-də davam edəcək.

Ana səhifəSiyasətAslan İsmayılovun vəkillikdən uzaqlaşdırılması işinə yenidən baxılır