Arif Məmmədov Azərbaycanın əl Bəradeyi olacaqmı?

Hakimiyyət böhran mərhələsinə yaxınlaşdıqca “batan gəmi” effekti yaranır və komandanı tərk edənlərin sayı artır

Source:


Hakimiyyət böhran mərhələsinə yaxınlaşdıqca “batan gəmi” effekti yaranır və komandanı tərk edənlərin sayı artır

Bu dəfə proseslər daha sürətlə inkişaf etməyə başladı.

Hakim komandanı yalnız “nazirliklər fatehləri” deyil, eyni zamanda diplomatlar da tərk etməyə başlayıb. Bu isə ciddi qalmaqaldan xəbər verir. Qərb strukturları ilə on illər boyunca sıx əlaqəsi olan bir diplomat təmsil etdiyi siyasi hakimiyyətə “əlcək atırsa”, deməli, ya ona geniş ictimaiyyətin bilmədiyi məlumatlar sızdırılıb, ya da beynəlxalq miqyasda hakim elita üçün  heç də xoş sonluq vəd etməyən ssenari işə düşüb.

Avropa Yay Oyunlarına isə bir neçə gün qalıb. Hakimiyyətə siyasi məhbuslarla bağlı təzyiqlər artmaqdadır. Bəzi Avropa ölkələri tərəfindən yarışmanı boykot etmək çağırışları səslənir. Əsəblər isə dözmür. Nə hərbi ritorika, nə də ki, vətənpərvər çağırışlar problemi həll etməyə yetərli deyil.

Azərbaycan kiçik ölkədir. Təhlükəsizlik məsələlərində isə problemlər kifayət qədər çoxdur. Son günlər baş verənlər  ölkə ətrafında halqanın daraldığını deməyə əsas verir. Bu ölkədə sabitliyi göyə sovurmaq supergüclər üçün elə də çətin deyil.

Hadisələrin inkişaf dinamikasına fikir verək. Bakıda müəmmalı şəkildə bina yanır, 15 nəfər həlak olur, bir qrup bankir 6 milyardlıq maxinasiyalarda iştirak edir, bir qrup iş adamı hakimiyyəti iqtisadi baxımdan çökdürməyə cəhd göstərir və beynəlxalq yarışmanın keçirilməsinə təxminən bir həftə qalmış İslam Konfransı Təşkilatının Avropa İttifaqı yanındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Arif Məmmədov sosial şəbəkələrdə qiyam qaldırır. Birbaşa siyasi hakimiyyətin üzərinə gedir. Heç kimdən və heç nədən  çəkinmədiyini açıq şəkildə büruzə verir. Bu, təsadüfdürmü? Təcrübəli diplomat çayxana boşboğazı deyil, o, belə addımların avtoritar rejimlərdə bağışlanmayacağını öncədən bilirdi. Deməli…

…Qalmaqal böyüməkdədir. Norveçin Azərbaycandakı keçmiş səfiri

Steinar Gil

in «facebook» səhifəsində bildirilir ki, diplomat iyunun 29-dan iyulun 10-dək Norveçdə olacaq. O, Steinar Gillə görüşmək və Avropa mediasından dəstək istədiyini yazıb:«Mən insanları oyandırmışam. Mənə Azərbaycanın gerçək dostlarının yardımı gərəkdir. Bu, SOS-dur».

Arif Məmmədov qiyamı ilə yanaşı bir sıra diplomatlar barədə də siqnallar gəlir. Sanki Azərbaycanda “xaricdən gələcək inqilab” effekti yaşanır. A.Məmmədov təcrübəli diplomatdır. Onun sosial şəbəkələrdəki statusunu bəyənən diplomatlar da kifayət qədər zəkaya və təcrübəyə malik simalardır. Diplomatiyanın əlifbası emosional yanaşmanı qəbul etmir. Belə olan təqdirdə haqlı sual yaranır – bir qrup oliqarxın devalvasiyaya səbəb olan sabotajının ardınca bir qrup diplomatın “söz qiyamı”nın pərdəarxasında hansı məqamlar gizlənib? Baş verənlər sanki müəmmalı şəkildə yanan binaya verilən cavab idi və bu dəfə hədəf “ikinci hakim ailə”nin protejesi xarici işlər naziri Elmar Məmmədyarov seçilmişdi.

Yanan bina ətrafında “beşinci kolon”un adının hallandırılması və A.Məmmədov qiyamı ilə Qərbyönümlü baş diplomatın hədəf seçilməsi yalnız hakimiyyətdaxili “razborkaya” bənzəmirdi, burada Rusiya və Qərbin maraqlarının toqquşması da açıq-aydın sezilirdi.

İlk baxışdan görünən o idi ki, diplomatın müqavimət göstərməyə taqəti yoxdur . Lakin kimlərsə siyasi istebleşmenti qarşılıqlı savaşlara sürükləməyi, ölkə siyasi elitasını Avropa Yay Oyunlarını gərginlik içində keçirməyə vadar etməyi, parlament seçkilərinə qədər komandanı seytnota salmağı planlaşdırmışdı.  Görünən budur ki, hədəf kimi ölkə başçısının özü seçilib. Komandada qiyam əhval-ruhiyyəsi sezilməkdədir və A.Məmmədov bu oyunda heç də əsas sima deyil.

A.Məmmədovun addımı “stəkanda fırtına” da deyil. Ciddi bir hadisədir. Lakin diplomatların sözügedən qalmaqalı “nüvə silahından istifadə” anlamına da gəlmir. Dünya praktikasında belə qalmaqallar olduğu halda bunu sakitcə həll etməyə üstünlük verilir. Başlıca sual budur – nəyə görə bu qalmaqallar Avropa Yay Oyunlarına az vaxt qalmış həyata keçirilir? Hakim elitanın parçalanması nədən xəbər verir? Daha bir sual açıq qalır – Bakı Avropa Yay Oyunları keçirir və beynəlxalq yarışmaya az bir vaxt qalmış ölkə XİN-in adı hakimiyyətə qarşı qiyamda hallandırılır. Niyə? Axı, bu, adi məsələ deyil.

Avropa Yay Oyunları ərəfəsində hakimiyyətin Rusiyameylli zümrəsi Avroatlantik məkanla inteqrasiya arzusunda olanları hədəfə alır.  Kənardan görünən budur ki, ilk növbədə, XİN başçısını kənarlaşdırmaq, onun yerinə Kremli sevən birisini gətirmək planı mövcuddur. Bu fonda Prezident Administrasiyasının şöbə müdürü Novruz Məmmədovun Qərbi lənətləyən bəyanatları yada düşür. Sanki bütün baş verənlərdə hər kəsin ona yazılmış rolu oynadığı fikri yaranır. Burada yalnız E. Məmmədyarov deyil, bütövlükdə diplomatik korpus hədəf seçilib. A. Məmmədov qiyamından sonra Rusiya sevdalı KİV diplomatlarımızın və səfirlərimizin  etibarsız və xəyanətkar olması barədə yazmağa başladı…

… Rusiya xəbərdarlıq etmişdi – Bakıda “Avropa” adı ilə bağlı tədbir keçirilə bilməz. Baş verənlər “rus ayısı”nın zarafatı sevmədiyini sübuta yetirir.

A.Məmmədov da deyəsən danışmaq istəyir – “Bunu hazırlayanların kimliyini mən çox yaxşı bilirəm”. Bir sözlə, diplomat mesaj verir – danışa bilərəm. Göründüyü kimi, hakim komanda daxilində mərkəzdənqaçma tendensiyaları yeni mərhələyə qədəm basır. Artıq Qərb strukturları ilə sıx təmasda olan mühacir bir diplomat da oyuna qoşulmaqdadır. Baş verənlər haradasa Misir inqilabını  xatırladır. Arif Məmmədovun göstəriciləri  əl – Bəradeyini yada salır. Hüsnü Mubarək iqtidarı zamanı hakim elitaya qarşı ciddi müxalifətə çevrilən Əl-Bəradeyi “Misirdə Dəyişiklər Uğrunda Milli Assosiasiya” təsis etdikdən sonra ona qarşı təxribat xarakterli hərəkətlər çoxalmışdı. Odur ki, onun absurd bəhanələrlə Misir vətəndaşlığından çıxarılması sahəsində addımlar atılmağa başlanıldı. Əl-Bəradeyi vaxtilə MAQATE-yə təyin olunarkən Mübarək rejimi anlamırdı ki, öz əli ilə inqilab hazırlayır. Kim bilir, bəlkə A. Məmmədov da əl Bəradeyə çevriləcək?

Ana səhifəXəbərlərArif Məmmədov Azərbaycanın əl Bəradeyi olacaqmı?