Arif Hacılının ölkədən çıxışına qadağa qoyulub

Arif Hacılı. Foto: Meydan TV

Müsavat Partiyasının Məclis sədri, partiyanın keçmiş başqanı Arif Hacılının ölkədən çıxışına qadağa qoyulub.

Bu barədə Hacılı özünün sosial media hesabında paylaşım edib. 

O bildirib ki, Vyanada keçirilən Cənubi Qafqaz regionuna dair məsələlərin  müzakirə olunacağı tədbirdə iştirak üçün dəvət alıb.

“İyul ayının 3-4 də keçiriləcək Müsavat Partiyasının üzv olduğu ALDE nin növbəti Konqresində iştirak edəcəkdim.

Hava limanının sərhəd xidməti mənə heç bir əlavə məlumat vermədən ölkədən çıxışıma qadağa qoyulduğunu bildirdi”, – deyə o yazıb.

Arif Hacılı qadağanın hansı səbəbdən qoyulduğunu bilmədiyini qeyd edib.

Məclis sədrinin ölkədən çıxışına qoyulmuş qadağa ilə bağlı Müsavat Partiyası da bəyanat yayıb. Bəyanatda bildirilir ki, bu qadağa insan haqlarının pozuntusu və hakimiyyətin müxalifət nümayəndələrinə növbəti təzyiqi kimi qiymətləndirilir.

Partiya Hacılıya qarşı qoyulan qadağanın dərhal aradan qaldırılmasını, habelə müxalifətə qarşı repressiyalara son qoyulmasını tələb edir.

A.Hacılı 1992-1993-cü illərdə ərazi hakimiyyəti və idarəetmə orqanları ilə iş üzrə dövlət müşaviri vəzifəsində çalışıb. O, iki dəfə — 2003-2005 və 2011-2012-ci illərdə — icazəsiz etiraz aksiyaları ilə əlaqədar həbs edilib.

A.Hacılı 2014-2024-cü illərdə Müsavat Partiyasına rəhbərlik edib.

Ana səhifəSiyasətArif Hacılının ölkədən çıxışına qadağa qoyulub