ARDNF yuana investisiya qoyur

Natiq Cəfərli: Son 2 həftədə Çin səhm bazarı 30 faiz dəyər itirib, bu da hələ son deyil

Source:


Natiq Cəfərli:  Son 2 həftədə Çin səhm bazarı 30 faiz dəyər itirib, bu da hələ son deyil

Azərbaycan Dövlət Neft Fondu bir həftə öncə Çin yuanına investisiya qoyub. 2015-ci il iyulun 1-dən ümumi məbləği 3 milyard yuan ($483 milyon) olmaqla ilk investisiya qoyuluşuna başlanılıb.

ARDNF yuanı, onun öz valyuta səbətinin genişlənməsində və diversifikasiyasında rolunu təkrar qiymətləndirib. 3 milyard yuana qədər investisiya üçün Çin Mərkəzi Bankından (ÇMB) lisenziya 2014-cü ildə alınıb və ÇMB ilə müvafiq müqavilələr imzalanıb.

Dövlət Neft Fondu iyunun 12-də Çin Fond Bazarında indekslər yeddiillik maksimuma çatdıqdan sonra yuana sərmayə qoymağa başlayıb. Son ildə bazar 150 faiz artıb.

Lakin bundan dərhal sonra bu Fond Bazarı görünməmiş tənəzzül fazasına qədəm qoyub. Son üç həftə ərzində indekslər 30 faiz enib (Çin şirkətləri demək olar ki, $3 trln. kapitallaşma itiriblər). Qəribədir ki, uçurum ARDNF-nin planlarını dayandırmayıb.  Sonrakı mərhələdə Çinin Fond Bazarına investisiya qoyuluşu nəzərdə tutulur. Bu məqsədlə ARDNF “Səlahiyyətli xarici institusional investor” lisenziyasını almağı planlaşdırır. Bu lisenziyanı Çin Qiymətli Kağızlar Bazarının Tənzimlənməsi Komissiyası verir.  Bu barədə fond iyulun 2-də Fond Bazarının tənəzzülünün gərgin vaxtında rəsmən bəyan edib.

Çin hakimiyyəti vəziyyətin sabitləşməsi üçün fövqəladə tədbirlər görməyə başlayıb. Vedomosti bildirir. Broker şirkətlərinə likvidlik verilib, 4 trln. yuanlıq İPO  ($645 mlrd.) dayandırılıb. 120 mlrd. yuan həcmində ($19 mlrd.) stabil fondun yaradıldığı bildirilib. Qısa sabitlikdən sonra bazar ertəsi axşam bazar yenidən düşüb: əsas SCİ indeksi daha 3,2 faiz enib.

Baş verənlərin səbəbləri Çin iqtisadiyyatındakı ziddiyyətləri əks etdirir.

Stratfor-un hesabatında deyilir. Çin hakimiyyətinin iqtisadi siyasətinin əsasını daxili tələbatın stimullaşdırılması təşkil edir. Çinliləri əmanət yığmağa yox, xərcləməyə məcbur edilirlər ki, bununla da iqtisadi artıma zəmin yaradırlar. Sərmayə qoyuluşu imkanları daşınmaz əmlak və səhmlərlə məhdudaşdırılıb.

Crescat Capital Fondu (Denver, ABŞ) ABŞ dollarına qarşı fəal surətdə Çin yuanını satır. Çünki gözləyir ki, il ərzində Çin Xalq Bankı öz milli valyutasının məzənnəsinin amerikalı rəqibə bağlılığından imtina edəcək, Forex bildirir.

“Hesab edirik ki, yuan həddindən artıq qiymətləndirilib”, – Crescat Capital-ın baş direktoru və təsisçisi  Kevin Smit bildirib. Crescat Capital Fondu dollara qarşı Çin valyutasını Put-opsion  vasitəsilə satır (Turan IA).

REAL İH-in üzvü, iqtisadçı Natiq Cəfərli Meydan TV-yə bildirib ki, o, 5 ay əvvəl Çin iqtisadiyyatının tənəzzülü haqqında cumhuriyyet.org saytında məqalə yazıb və bu, sosial şəbəkələrdə yayılıb.

İqtisadçı ARDNF-in qərarını belə şərh edib: “Neft Fondunun rəhbəri Şahmar Mövsümov kifayət qədər savadlı insandır, bildiyim qədər komandasında da savadlı, dünya görmüş gənclər çoxdur. Amma: 1) Neft Fondu 2 il öncə lirəyə və rubla investisiya qoydu, son 2 ildə dünyada ən çox dəyər itirən 5 valyutadan ikisi məhz lirə və rubl oldu, 2) Son 1 ildə dünyanın nüfuzlu analitikləri, iqtisadi “beyin mərkəzləri” Çində “şişmiş balonlar” haqqında yüzlərlə analizlər yazıb-çızmələrinə baxmayaraq, Neft Fondu Çin səhm bazarına və valyutasına 500 mln. dollar yatırım qoyur. Deməli, Neft Fondu: 1) Qərar verərkən elmi araşdırmalara fikir vermir, 2) Yuxarıların verdiyi qərarları, sadəcə açıqlayır, 3) Fondun rəhbəri və komandası düşündüyümüz qədər savadlı deyilmiş”.

İqtisadçı düşünür ki, fondun rəsmiləri xarici mətbuatı, analitikanı oxumurlar: “Özləri bilər, axı onlara biz burada hər şeyi yazırıq, deyirik, çeynəyib qoyuruq ortalığa, heç olmasa udmağı bacarsınlar da. Son 2 həftədə Çin səhm bazarı 30 faiz dəyər itirib, bu da hələ son deyil…”

Ana səhifəXəbərlərARDNF yuana investisiya qoyur