“Rusiya və Azərbaycan hakimiyyəti insanların ləyaqətinə hörmət etməyiblər”
“Amnesty International” insan haqları üzrə beynəlxalq qeyri-hökumət təşkilatı son günlər Rusiya və Azərbaycanda hər iki ölkə vətəndaşlarının kütləvi saxlanması, işgəncə və qəddar rəftar görməsinə münasibət bildirib.
Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strazers deyib ki, hər iki ölkədə polis əməliyyatları zamanı hüquq pozuntuları araşdırılmalıdır:
“Rusiya və Azərbaycan hakimiyyəti insanların ləyaqətinə hörmət etməyiblər və insan hüquqlarına dair öhdəliklərini pozublar. İşgəncə və qəddar rəftarlar beynəlxalq qanunlarla qəti qadağan olunub və buna heç bir bəraət ola bilməz. Baş verənlər insanların etnik mənsubiyyətinə görə ayrı-seçkilik edən polis əməliyyatlarını davamıdır”.
Strazersin sözlərinə görə, dövlətlər arasında siyasi gərginlik olsa da, həbs edilən insanların hüquqları qorunmalıdır:
“Onlara ədalətli hüquqi prosedurlar tətbiq edilməlidir. Rusiya və Azərbaycan hakimiyyəti qanunsuz qətllər, işgəncələr və başqa zorakılıq hallarını təcili olaraq diqqətlə, müstəqil və obyektiv şəkildə araşdırmalı, günahkarları məsuliyyətə cəlb etməlidir”.
İyunun 27-də Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda təxminən 50 azərbaycanlını saxlayıblar.
Əməliyyatın 2001-ci ildə törədilmiş qətlin və digər keçmiş cinayətlərin araşdırılması ilə bağlı aparıldığı bildirilib.
Altı şəxsə ittihamlar irəli sürülüb və onlar həbsxanaya yerləşdiriliblər, digər şəxslər isə dindirildikdən sonra azad ediliblər.
Hadisə nəticəsində Ziyəddin və Hüseyn Səfərovlar həyatlarını itiriblər.
Rusiya qardaşlardan birinin ölümünün səbəbi kimi ürək çatışmazlığını göstərib. Digərinin ölüm səbəbinin araşdırıldığı qeyd edilib.
Azərbaycan tərəfi isə ekspertizadan sonra bildirib ki, qardaşlar işgəncə və həbsxanada aldıqları çoxsaylı xəsarətlər nəticəsində vəfat ediblər.
Buna cavab olaraq Azərbaycan Daxili İşlər Nazirliyi iyunun 30-dan iyulun 1-nə qədər Bakıda bir neçə Rusiya vətəndaşını saxlayıb.
Onlara casusluqdan tutmuş qanunsuz narkotik dövriyyəsi və kiberhücumlara qədər müxtəlif ittihamlar irəli sürülüb.
Saxlanılanlar arasında “Sputnik Azərbaycan”ın ofisində keçirilən axtarış zamanı həbs edilən icraçı direktor İqor Kartavıx və baş redaktor Yevgeniy Belousov da var.
Onların barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Digər saxlanılanların bəziləri Rusiya-Ukrayna müharibəsi başlayandan sonra ölkəni tərk edən İT mütəxəssisləridir.
Azərbaycan hüquq-mühafizə orqanlarının yayımladığı video və fotolarda, həmçinin məhkəmədə çəkilən şəkillərdə saxlanılanların 7 nəfər olduğu və onların müxtəlif xəsarətlər aldığı görünür.
“Meduza” yazır ki, onlar 7 yox, 10 nəfərdirlər. Aralarında biznesmen, informasiya texnologiyaları mütəxəssisləri və turistlər də var. Onlardan yalnız 9-nun kimliyi müəyyənləşdirilib.