Amnesty International Azərbaycanda hərbi qulluqçuların həbsini dəstəklədi

Hesabatın birində müharibə dövründə Azərbaycanın, digərində isə Ermənistanın yol verdiyi pozuntulardan bəhs edilir.

Source: Архив


Levan Asatiani: "Bunu görmək yaxşıdır”

“Azərbaycanın 4 hərbi qulluqçusu dəhşətli müharibə cinayətləri videosundan sonra həbs edilib. Bunu görmək yaxşıdır”.

Amnesty International təşkilatının Qafqaz bürosunun koordinatoru Levan Asatiani özünün “Twitter” hesabında belə yazıb.

O bildirir ki, münaqişənin hər iki tərəfindəki hərbi cinayətlərə tam ədalət və cavabdehlik gözləyir.

Dekabrın 11-də insan haqları təşkilatı olan “Human Rights Watch” Dağlıq Qarabağ müharibəsi ilə bağlı iki hesabat yayıb.

Hesabatlarda müharibə zamanı beynəlxalq humanitar hüququn pozulmasından bəhs edilir.

Hesabatın birində müharibə dövründə Azərbaycanın, digərində isə Ermənistanın yol verdiyi pozuntulardan bəhs edilir.

Təşkilat həm

Ermənistan

ın, həm də

Azərbaycan

ın müharibə cinayətləri törətdiyinə dair əsasları olduğunu açıqlayıb.

Bunlar sənədlər, müsahibələr, peyk təsvirləri, fotolar və videolardır.

Dekabrın 10-da “Amnesty International” təşkilatı da Ermənistan Azərbaycan arasındakı 44 günlük müharibədən sonra 22 videonu təhlil etdiyini

açıqlamışdı

.

Təşkilat bildirir ki, həmin videolarda mühakiməsiz edamlar, hərbi və digər əsirlərlə pis rəftar, qarşı tərəfin əsgərlərinin cəsədlərinin təhqir olunduğu görünür: “Dağlıq Qarabağ müharibəsində həm Azərbaycan, həm də Ermənistan hərbi qüvvələri müharibə cinayətləri törədiblər”.

Təşkilat bildirir ki, iki videoda azərbaycanlı əsgərlər tərəfindən başkəsmə, digərində isə azərbaycanlı sərhədçinin boğazının kəsilməsi və ölümü təsvir olunub.

Videoların son üç həftədə şəxsi “Telegram” kanallarında yayıldığı bildirilir. “Amnesty”-nin Böhran Dəlili Laboratoriyası rəqəmsal texnikalardan yararlanaraq videoların həqiqiliyini təsdiqləyib.

Sentyabrın 27-də Qarabağ və ətraf bölgələrdə hərbi əməliyyatlar başlayıb.

44 gün sürən əməliyyat nəticəsində (noyabrın 9-dək) Azərbaycan tərəfi 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqladı.

Azərbaycan tərəf müharibədən sonra bildirdi ki, 44 günlük əməliyyat zamanı ölkənin 100-ə yaxın dinc sakini ölüb, 400-dək adam yaralanıb.

Müharibə dövründə 40 mindən çox insan köçkün düşüb.

Xankəndinin dinc sakinlərinin hədəf götürülməsinə gəlincə, Azərbaycan rəsmiləri dəfələrlə yalnız hərbi hədəfləri vurduqlarını bəyan ediblər.

Prezidentin köməkçisi Hikmət Hacıyev oktyabrın 18-də BBC-yə deyib ki, Xankəndində yalnız hərbi hədəflər vurulub, mülki itkilər yalnız qanuni zərbələr nəticəsində baş verib.

Prezident İlham Əliyev də “BBC”yə müsahibəsində hədəfsiz zərbələr endirilməsini, klastr bombalardan istifadəni “saxta xəbər” adlandırıb.

Prezident həmin müsahibədə Dağlıq Qarabağın erməni əhalisinin sayını da sual altına almışdı.

Ermənistanın həmin dövrdəki xarici işlər naziri Zohrab Mnatsakyan isə BBC-yə müsahibəsində Gəncədə dinc şəxslərin ölümüylə nəticələnmiş hücumla bağlı sualdan yayınıb. O, sualı cavablama əvəzinə Azərbaycan tərəfin Xankəndinə zərbələrində dinc sakinlərin öldürüldüyünü deyib.

Sentyabrın 27-də başlanan əməliyyatlar noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının adından atəşkəs bəyanatının yayılması ilə sonlanıb.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır.

Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur.

Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Həmin sənədə münasibət bildirən Prezident İlham Əliyev bildirmişdi ki, burada Dağlıq Qarabağa hər hansı status verilməsindən söhbət gedə bilməz. O, statusun rədd olduğunu, cəhənnəmə getdiyini demişdi: “Mən Prezident olduğum müddətdə də belə bir statusun olmasından söhbət belə gedə bilməz”.

Prezident statusun olmayacağını söyləsə də, həmin ərazilərin hansı dövlətin nəzarəti altında olacağı barədə də heç nə deməyib. Eyni zamanda, bununla bağlı bugünədək hər hansı açıqlama da verilməyib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır.

ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Ana səhifəSiyasətAmnesty International Azərbaycanda hərbi qulluqçuların həbsini dəstəklədi