Azərbaycanda son həftədə bank kartlarından 282.871 manat oğurluq olub

Foto: arxiv

Vətəndaşlar bankları məsuliyyətli olmağa çağırır, ekspert və DİN isə vətəndaşları…

Son dövrlər Azərbaycanda bank kartlarından pulların oğurlanması hallarının kəskin artdığı bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin (DİN) mayın 13-dən 22-dək olan müddətdə yaydığı rəqəmlərə əsasən, vətəndaşların bank kartlarından ümumilikdə 282.871 manat oğurlanıb.

DİN bildirir ki, dələduzlar tətbiq edilən xüsusi gizli sosial kiberüsullar vasitəsilə məlumatsız, əsasən də yaşlı nəslin nümayəndələrinə zəng etməklə özlərini hansısa bankın əməkdaşı kimi təqdim edirlər.

Daha sonra onlar müxtəlif həvəsləndirici təkliflər vasitəsi ilə vətəndaşların bank kartlarındakı məlumatları, yəni kart sahibinin ad-soyadı, kartın son istifadə tarixi, CVV (kartın arxasındakı təhlükəsizlik kodu) nömrəsi və “təsdiq kodu”nu (“3D secure”) əldə etməyə çalışırlar.

Onlar həmin məlumatları əldə edəndən sonra kart sahiblərinin xəbərləri belə olmadan hesablarından onlayn ödənişlər edir, pulları mənimsəyirlər.

“Cinayətkar qruplarla mübarizədə ən qabaqcıl texnologiyalar acizdir”

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyevin sözlərinə görə, faktların təhlili göstərir ki, vətəndaşlar həm də “İnstagram”, “Telegram”, “Facebook”, “TikTok”da səhifə, kanal və platformalar üzərindən əlavə gəlir qazanmaq, sığorta ödənişləri, turist səyahətləri, mebel sifarişi, qızıl satışı, ev-alqı satqısı, kirayə, kredit adı altında verilən yalan vədlərə inanaraq həmin tələb olunan məbləğləri başqa-başqa bank hesablarına köçürüblər.

O bildirib ki, sonradan həmin hesablar, linklər, telefon nömrələri dərhal qapadılıb. Həmçinin xarici ölkə nömrələrindən edilən zənglər, göndərilən linklər vasitəsilə də pullar oğurlanıb.

Bir vətəndaşa Suriya nömrəsindən zəng gəlib ki, burada 1 milyon 700 min dollar var, onu Azərbaycana köçürə bilmirik. Bank kart məlumatlarınızı bizə verin, ora göndərək, 700 min dollar sizin olacaq. Sizinlə orada əlaqə saxlanılıb, 1 milyon dolları təhvil alacaqlar. Vətəndaş bütün məlumatları həmin şəxsə verib, 5 saniyə ərzində bank kartında olan 7377 manat pul çıxarılıb”, – DİN rəsmisi bildirib.

Foto: Elşad Hacıyevin şəxsi arxivindən götürülüb

Elşad Hacıyev həmçinin qeyd edib ki, oğurluq istisnasız ölkədə fəaliyyət göstərən bütün kartlar üzərindən aparılıb.

Deyib ki, bu işlə məşğul olan cinayətkar qruplarla mübarizədə ən qabaqcıl texnologiyalar, metodlar acizdir:

Bank kartlarındakı pulların oğurlanması halları nəinki Azərbaycanda, bütün dünyada geniş yayılıb. Bunun qarşısının alınması da yalnız vətəndaşların – bank kart sahiblərinin məlumatlandırılması ilə mümkündür. Aparılan araşdırmalar bunu deməyə əsas verir ki, vətəndaşlar diqqətli olmalıdır. Bu istiqamətdə DİN kibermaarifləndirmə işləri aparmaqda davam edir”.

“İnsanlar var ki, polisə müraciət etməyə çəkinirlər, dəhşətli hekayələr var”

Texnobloger Fərid Pərdəşünasın sözlərinə görə, pulları oğurlanan insanlar var ki, polisə müraciət etməyə çəkinirlər:

“Dəhşətli hekayələr var. Bu yaxınlarda bir yaşlı insan yüksək qazanc vədi altında 40.000 manat vəsaitini mənimsədib. Kiber-şantaj üsulu ilə qurbana çevrilən şəxslər də artmaqdadır. Vətəndaşlar bu mövzuda maksimum diqqətli olmalıdır”.

Məsələ ilə bağlı narazılıq edənlər də var. Zərəçəkənlərdən bəziləri sosial şəbəkələrdə yazırlar ki, oğurlanmış hesablara və vəsaitlərə görə vətəndaşlara, sadəcə, xəbərdar etmək kifayət deyil.

Foto: Fərid Pərdəşünasın şəxsi arxivindən

Onların sözlərinə görə, DİN-in və bankların kibermaarifləndirmə üzrə çağırışları azdır. Banklar müştəri hesablarından çəkilən pullara görə məsuliyyəti öz üzərinə götürməlidir.

Əvvəllər camaat pulunu banka etibar edirdi ki, oğurlayan olmasın. İndi bankda pulu olan qorxa-qorxa yaşayır ki, hesabından nə vaxt pul çəkəcəklər. “Pullarınızı döşəyin altında saxlamayın”, – deyən Mərkəzi Bank zəhmət çəkib bankdakı pulların qorunması üçün möhkəm təhlükəsizlik sistemi yaratsın”, – sosial şəbəkə istifadəçisi belə yazır.

“Siz şəxsi məlumatlarınızı verirsinizsə, heç kim kontrol edə bilməz”

“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin hüquqi məsələlər üzrə ekspert qrupunun rəhbəri Qorxmaz Ağayev isə Meydan TV-yə deyir ki, Mərkəzi Bankın və digər bankların kibercinayət halları ilə əlaqədar nəzarəti güclüdür.

O əlavə edir ki, bu kimi hallar bəzən vətəndaşların məsuliyyətsizliyi ucbatından baş verir:

Qorxmaz Ağayev. Foto: “barassociation.az”

Yəni hansısa sayta girirlər və şəxsi məlumatlatlarını daxil edirlər. Bu nəyə bənzəyir? Kartınızı kiməsə vermisiniz. Belə bir vəziyyətdə bankın məsuliyyətini tələb etmək bir qədər düzgün deyil. Banklar müştərilərinə məlumat verirlər, maarifləndirirlər, izah edirlər ki, şəxsi kart məlumatlarında ehtiyatlı olsunlar. Amma praktika göstərir ki, 99 faiz hallarda müştərilər özləri şəxsi məlumatlarını verirlər. Belə hal tək Azərbaycanda deyil, bütün dünyada var”.

“Siz şəxsi məlumatlarınızı verirsinizsə, heç kim kontrol edə bilməz. Azərbaycan təcrübəsində hansısa bankın sistemini qırıb pulların çəkilməsi halları olmayıb. İnsanları davamlı bu istiqamətdə maarifləndirmək vacibdir”, – deyə o qeyd edib.

Ana səhifəSosialAzərbaycanda son həftədə bank kartlarından 282.871 manat oğurluq olub