“Amnesty International” beynəlxalq insan hüquqları təşkilatı iyulun 2-də hesabat yayaraq Azərbaycan hakimiyyətini ölkə daxilində və xaricdə hökuməti tənqid edən şəxslərə qarşı təqibləri dərhal dayandırmağa çağırıb.
Təşkilat bildirir ki, 2013-cü ildən bəri Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı aparılan sistemli təzyiqlər nəticəsində müstəqil təşkilatlar faktiki olaraq sıradan çıxarılıb, yüzlərlə hüquq müdafiəçisi, fəal, jurnalist və müxalifət nümayəndəsi siyasi motivli ittihamlarla həbs edilib, bir çoxu isə ölkəni tərk etməyə məcbur qalıb.
“Amnesty International” hesab edir ki, bu təzyiqlər artıq Azərbaycan sərhədləri ilə məhdudlaşmır. Təşkilatın məlumatına görə, xaricdə yaşayan jurnalistlər, hüquq müdafiəçiləri, fəallar və hökumət tənqidçilərinin ailə üzvləri də təqib, izləmə, onlayn hücumlar, qarayaxma kampaniyaları, qiyabi cinayət təqibləri, bəzi hallarda isə fiziki hücum və qətllərlə üzləşirlər.
Bəyanatda qeyd olunur ki, son təzyiq dalğası 2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 ərəfəsində başlayıb və bu günə qədər davam edir.
Təşkilat bunu “vətəndaş cəmiyyətinə, müstəqil mediaya və hüquq müdafiəçilərinə qarşı davamlı repressiya” kimi qiymətləndirir.
Media işçilərinə qarşı genişmiqyaslı təzyiqlər
“Amnesty International” bəyanatında müstəqil media qurumlarına qarşı cinayət işlərinə xüsusi yer ayırır. Təşkilat bildirir ki, 2023-cü ilin noyabrından bəri Azərbaycanda təxminən 30 müstəqil jurnalist və media işçisi saxta cinayət ittihamları ilə həbs olunub və mühakimə edilib.
Bəyanatda “AbzasMedia işi” ayrıca qeyd olunur. Təşkilatın məlumatına görə, 2023-cü ilin noyabrından 2024-cü ilin dekabrına qədər bu iş üzrə AbzasMedia-nın 6 əməkdaşı və AzadlıqRadiosu-nun bir əməkdaşı həbs edilib. Onlar “valyuta qaçaqmalçılığı”, “çirkli pulların yuyulması” və digər ittihamlarla təqsirləndiriliblər və 2025-ci ilin iyununda 7 il 6 aydan 9 ilə qədər azadlıqdan məhrum ediliblər.
“Amnesty International” həmçinin “Meydan TV işi”nə də toxunur. Bildirilir ki, 2024-cü ilin dekabrından 2025-ci ilin avqustuna qədər bu media orqanı ilə əlaqəli 12 jurnalist və media işçisi saxlanılaraq istintaq təcridxanasına yerləşdirilib. Onların sıx kamerada saxlanıldığı, cinsi qısnama və psixoloji təzyiqlərə məruz qaldığı, adekvat tibbi yardımdan məhrum edildiyi qeyd olunur.
Təşkilat bildirir ki, bu iş üzrə məhkəmə prosesi davam edir və 2026-cı il iyunun 10-da məhkəmə tərkibi heç bir izahat verilmədən dəyişdirilib. Vəkillərin fikrincə, bu dəyişiklik prosesin yenidən başlanmasına və həbs müddətinin uzanmasına səbəb ola bilər.
İlqar Əliyevin ölümü və iddialar
“Amnesty International” “AbzasMedia işi” üzrə istintaq zamanı həbs edilən informasiya təhlükəsizliyi üzrə mütəxəssis İlqar Əliyevin ölümünü də xatırladır.
Bəyanatda bildirilir ki, o, 2023-cü ilin dekabrında həbs edilib və 2026-cı ilin mayında 13 saylı Cəzaçəkmə Müəssisəsində həyatını itirib.
Onun son səs yazısında polis əməkdaşlarının onun üzərinə narkotik və psixotrop maddələr qoyduğunu, zorla etiraf almaq üçün təzyiq göstərdiyini və imtina edəcəyi halda ailəsinin hədəfə alınacağı ilə hədələdiyini dediyi qeyd olunur. Məhkəmə sənədlərində isə fiziki zorakılıq, psixoloji təzyiq, vəkil hüququnun məhdudlaşdırılması və sənədlərin saxtalaşdırılması ilə bağlı iddiaların yer aldığı bildirilir.
Sürgündə olan jurnalistlər
“Amnesty International” bəyanatında xaricdə fəaliyyət göstərən media qurumlarına da geniş yer verir. Təşkilat bildirir ki, Azərbaycanda müstəqil səslərin böyük hissəsi susdurulduqdan sonra repressiya ölkə sərhədlərini də aşıb. Sürgündə olan jurnalistlər və hüquq müdafiəçiləri izləmə, hədə-qorxu, fiziki hücum, qarayaxma kampaniyaları, onlayn təqib və qiyabi cinayət təqibləri ilə üzləşirlər.
“AbzasMedia”nın xaricdə fəaliyyət göstərən baş redaktor əvəzi Günel Səfərova “Amnesty International”a bildirib ki, işi xaricdən davam etdirmək seçim deyildi, yeganə mümkün variant idi.
Onun sözlərinə görə, Avropada fəaliyyət göstərmələrinə baxmayaraq, jurnalistlər özlərini tam təhlükəsiz hiss etmirlər və bütün peşə qərarları risklər nəzərə alınaraq verilir.
Sürgündəki tənqidçilərə hücumlar
Bəyanatda xaricdə yaşayan azərbaycanlı tənqidçilərə qarşı fiziki hücumlar və təqib hallarına da yer verilir.
Sənəddə 2017-ci ildə jurnalist Əfqan Muxtarlının Gürcüstandan oğurlanaraq Azərbaycana gətirilməsi xatırladılır. Fransada bloger Məhəmməd Mirzəliyə qarşı sui-qəsd cəhdləri, 2024-cü ildə hüquq müdafiəçisi Vidadi İsgəndərlinin Fransada öldürülməsi də qeyd olunur.
Eyni zamanda Gürcüstanda saxlanılaraq Azərbaycana deportasiya edilən jurnalist Əfqan Sadıqovun işi və İsveçrədə yaşayan jurnalist Emin Hüseynov ətrafında iddia olunan təqib halları da sənəddə yer alır.
Onlayn təzyiqlər və qiyabi işlər
“Amnesty International” bildirir ki, sürgündə olan jurnalistlər və fəallar koordinasiyalı onlayn hücumlara, dövlətə yaxın mediada qaralama kampaniyalarına və qiyabi cinayət təqiblərinə məruz qalırlar.
2025-ci ilin martından etibarən xaricdə yaşayan 30-a yaxın jurnalist, bloger, akademik və fəala qarşı qiyabi cinayət işlərinin açıldığı qeyd olunur. Təşkilat bildirir ki, bu proseslər xaricdə yaşayan tənqidçilər üçün beynəlxalq səfərlərdə həbs riski və hüquqi qeyri-müəyyənlik yaradır.
“Amnesty International” Azərbaycan hakimiyyətini ölkə daxilində və xaricdə tənqidçilərə qarşı transmilli repressiyaları dərhal dayandırmağa çağırır. Təşkilat həmçinin siyasi motivli ittihamlarla həbs olunanların azad edilməsini, qiyabi məhkəmə təcrübəsinin ləğvini, müstəqil media və vətəndaş cəmiyyətinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını tələb edir.
Eyni zamanda beynəlxalq ictimaiyyət sürgündə olan jurnalist və hüquq müdafiəçilərinin təhlükəsizliyinin təmin edilməsi, ekstradisiya risklərinin qarşısının alınması və Azərbaycanla bağlı insan hüquqları məsələlərinin gündəmdə saxlanılması üçün çağırış edilir.