AMEA: İflasa aparan “uğur”…

Mənbə: president.az

Yazar: Rövşən Hacıbəyli

“AXC-Müsavat cütlüyü”nün Akademiya ilə bağlı arzusunu İlham Əliyev 30 il sonra həyata keçirdi

Son 12 ildə AMEA-ya və Elmin İnkişafı Fonduna büdcədən 1 milyard 300 milyon manatdan çox vəsait ayrılıb

Bütün işləri belədir, nə təzə oyun qururlar, nə də təzə ideya düşünürlər, elə sınaqdan çıxmış, dəfələrlə təkrarlanmış üsullardan yararlanırlar. Bir neçə gün qabaq AzTV axşamüstü özünü Akademiyanın giriş-çıxış qapısına çatdırıb ordan reportaj verəndə çoxları AMEA-nın fatihəsinin verildiyini dedi. Uzun illərin yap rejimi hamını politoloqa, ekstrasensə, Kaşpirovskiyə çevirib. Atılan hər addımı adamlar göydə tutur, bu addımın hansı nəticələrə gətirəcəyinin dəqiqliklə proqnozunu verir. Sifarişin AzTV-yə hardan gəldiyi 28 iyul fərmanından bəlli oldu… Bu qərara sevinənlər, bu fərmana qəzəblənənlər oldu. Çox şükür, alimlərimiz təmkinini qoruyub saxlaya bildi…

Açığı, hamının alimlərin etiraz səsinin ucalacağına, qəzəb dalğasının coşacağına kökləndiyi vaxtda AMEA-nın saytında Azərbaycan Milli Elmlər Akademiyası imzasıyla çıxan yazı ehtirasları anındaca soyutdu. Alimlər sarıdan narahatlıq aradan qalxdı. Çünki özünü buraxan deputatlar kimi, akademiklər də onların haqqında onlardan xəbərsiz verilən qərarı həmin yazıda alqışlayırdı:

“…Fərman respublikanın elm və təhsil ictimaiyyəti qarşısında yeni, olduqca mühüm vəzifələr müəyyənləşdirir. Vəzifəsindən, yaşından asılı olmayaraq respublikanın  elm və təhsil sahəsində çalışan əməkdaşları bu vəzifələrin həyata keçirilməsi üçün bütün səylərini, intellektual potensialını, inzibati-təşkilati, mənəvi-ideoloji resurslarını birləşdirməli, cənab Prezidentin rəhbərlik etdiyi dövlət siyasətinin həyata keçirilməsində daha yaxından iştirak etməlidirlər.

AMEA-nın rəhbərliyi və kollektivi ölkəmizdə elm və təhsilin inteqrasiyasının yeni mərhələyə qədəm qoyması baxımından geniş imkanlar açan bu Fərmana görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlığını bildirir…”

Mənbə: president.az

Akademik yaltaqlığa öyrəncəliyik, çox görmüşük. Bəs kim, nə, hansı amil İlham Əliyevi bu addımı atmağa məcbur etdi? Axı zaman-zaman biz onun çıxışlarında AMEA-ya bəy tərifi dediyini eşitmişik. Akademiyaya hər səfərində alimləri “AXC-Müsavat cütlüyü” ilə qorxudub, ata-bala özlərinin isə Akademiyanın xilaskarı olduqlarını deyib:

“…siz yəqin ki, bunu yaxşı xatırlayırsınız, – 1992-ci ildə akademiyanın ləğvi barədə, bağlanması haqqında təkliflər irəli sürülmüşdür. Əgər 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtmasaydı, yəqin ki, akademiyanın taleyi çox acınacaqlı ola bilərdi.

Humanitar elmlərlə bağlı məsələlər, əlbəttə ki, daim diqqət mərkəzindədir və bu sahədə aparılan işlər çox uğurludur, təqdirəlayiqdir. Biz bu sahəyə daim diqqət göstərməliyik. Çünki bildiyiniz kimi, müstəqillikdən əvvəl bizi millət kimi qoruyub saxlayan milli dəyərlərimiz, milli ənənələrimiz, ana dilimiz, ədəbiyyatımız, musiqimiz olub. Ona görə bu sahəyə dövlət tərəfindən daim diqqət göstərilir. Hesab edirəm ki, Elmlər Akademiyası bu istiqamətdə çox uğurlu fəaliyyət göstərir…” (26 aprel 2011)

Mənbə: president.az

2015-ci ildə, Akademiyanın 70 illik yubileyində İlham Əliyev qoca akademiklərin yaddaşını bir daha təzələdi, onları bağlanmaq təhlükəsindən 1993-cü ildə “xalqın tələbi ilə hakimiyyətə qayıdan” Heydər Əliyevin xilas etdiyini yenidən dedi:

“Bildiyiniz kimi, müstəqilliyimizin ilk illərində Akademiyanın işinə münasibət o qədər də müsbət deyildi. Alimlər yaxşı xatırlayırlar ki, 1992-ci ildə ovaxtkı hakimiyyət hətta Akademiyanın bağlanması ilə bağlı təklif irəli sürmüşdü. Ümumiyyətlə, ovaxtkı rəhbərlik hesab edirdi ki, Azərbaycanda Milli Elmlər Akademiyasına ehtiyac yoxdur.

Bu, çox səhv bir yanaşma idi. Xoşbəxtlikdən 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra, əlbəttə, bütün bu söhbətlərə son qoyuldu. Ulu Öndərin ictimaiyyətlə ilk görüşü məhz alimlərlə, Milli Elmlər Akademiyasının binasında olmuşdu. O vaxtdan bu günə qədər Azərbaycan elminin inkişafına çox böyük diqqət göstərilir. Bu sahə bu gün də prioritet sahələrdən biridir.

Son illər ərzində Akademiyanın maddi-texniki bazası möhkəmlənib, gözəl bina əsaslı təmir edilib. Akademiya institutlarının təmirinə vəsait ayrılıb. Elmi kitabxana kompleksi yaradılıb. Şamaxı Astrofizika Rəsədxanası əsaslı təmir edilib. Milli Ensiklopediya üçün gözəl bina tikilibdir. Yəni bütün bunlar Azərbaycan dövlətinin siyasətini ifadə edir. Biz çox istəyirik ki, elmi inkişaf üçün daha da gözəl şərait yaradılsın. Bununla bərabər, elmin inkişafı üzrə milli strategiya və dövlət proqramı artıq beş-altı ildir ki, qəbul edilib və icra olunur. Hesab edirəm ki, Elmin İnkişafı Fondunun yaradılması da bu istiqamətdə atılan çox önəmli addımdır…”(09 noyabr 2015)

Bəs nədən İlham Əliyev hakimiyyətinin 19-cu ilində “AXC-Müsavat” cütlüyünün 30 il qabaq dediyi qənaətə gəldi, Azərbaycan Milli Elmlər Akademiyasına ehtiyac olmadığı qərarını verdi? 1992-ci ildən ləğv edilməli olan quruma İlham Əliyevin 19 illik hakimiyyəti dönəminin 12 ilində 1 milyard 300 milyon manatdan artıq büdcə vəsaiti xərclənib, həm də imza atdığı sərəncamlarla. Üstəlik, həmişə Elmlər Akademiyasının uğurlu fəaliyyətindən danışıb. Daha çox da tikilən binalar, artırılan maddi-texniki baza vurğulanıb. Elm adına bir uğur belə o çıxışlarda yoxdur. Verilən fərman uğursuzluğun, səmərəsiz xərclərin, elm adıyla büdcə talançılığının təsdiqidir. İndi bu səmərəsiz xərclərin hesabatını kim verəcək, məsuliyyəti kim daşıyacaq: bu qurumu həmişə kurasiya edən Ramiz Mehdiyev, yoxsa imza atdığı sərəncamlara, yəni büdcə talançılığına görə İlham Əliyev?..

Beləliklə, 2010-cu ildən 2022-ci ilə qədər Azərbaycan Milli Elmlər Akademiyasına büdcədən 1 milyard 150 milyon 233 min 515 manat, Elmin İnkişafı Fonduna 71 milyon 262 min 425 manat vəsait ayrılıb. Bu illərdə Prezidentin Ehtiyat Fondundan da ayırmalar olub: 16 mart 2011-ci ildə 1 milyon manat, həmin il mayın 20-də 5 milyon manat, 2012-ci ilin 18 aprelində 300 min manat, 29 mayında 2 milyon manat, 25 iyulunda 5 milyon manat və s.

2014-cü il mayın 5-də İlham Əliyevin açılışında iştirak etdiyi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Kitabxanasının yeni binasının tikintisinə ilkin olaraq Prezidentin Ehtiyat Fondundan 2011-ci ilin noyabrında 2 milyon manat ayrılıb, ümumilikdə isə dövlət büdcəsindən  bu binaya 34 milyon manatdan çox vəsait xərclənib.Uğur budurmu?

Maraqlıdır ki, prezident son illərdə bu quruma büdcədən ayrılan vəsaitin məbləğini artırıb. Niyə? Hansı zərurət yaranıb? Bəlkə, Akif Əlizadə, Arif Həşimov, İsa Həbibbəyli, Vaqif Abbasov, Misir Mərdanov, yerinə adam tapmadıqları Ramiz Mehdiyev və başqa alimlərin dünya elminə verdiyi “töhfələr”ə görə məbləğ artırılıb. Suallar çoxdur, ancaq cavab yoxdur, çünki O, “nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” şüarı ilə ölkəni idarə edir…

Təhsil Nazirliyində rəhbərliyə hələ də tam yiyələnə bilməyən gənc Emin Əmrullayevi “ipə-sapa yatmayan” alimlərlə yükləməyin anlamı nədir? Hərşeyşünas yeni Mikayıl Cabbarov yetişdirməkmi? Bir politoloq demişkən, nə desən ola bilər…
Ana səhifəMənim FikrimcəAMEA: İflasa aparan “uğur”…