Ali Məhkəmə sayt rəhbəri ilə bağlı hökmü dəyişdi

Source: Meydan TV

Polad Aslanov həbsxanada təzyiqlə üzləşdiyini deyir

Ali Məhkəmə “Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanov haqqında hökmü dəyişib. Fevralın 24-də hakim Hafiz Nəsibovun sədrliyilə keçirilən məhkəmə prosesinin yekununda Polad Aslanova qarşı ittiham dəyişməsə də, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona kəsilmiş 16 il azadlıqdan məhrumetmə cəzası 13 ilə endirilib.

Polad Aslanov məhkəmədə çıxış edərkən təqsirsiz olduğunu, dövlətə xəyanət ittihamını qəbul etmədiyini bildirib. O vurğulayıb ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının zəvvarları xarici ölkələrə ziyarətə aparan şirkətlərdən rüşvət alması haqda yazılarına görə cəzalandırılıb. Onun sözlərinə görə, həbs etməklə də kifayətlənməyib, cəzaçəkmə müəssisəsində də təzyiqləri davam etdirirlər. Orada xüsusi öyrədilmiş adamların əliylə ona qarşı müxtəlif formalarda təxribatlar hazırlandığını deyən Polad Aslanov hakimlərdən bu işə ədalətli baxmağı, qanuni qərar çıxarmalarını istəyib:

“Mənim həbsim jurnalist fəaliyyətimlə bağlıdır. Bu iş üzrə ədalətli qərar verin ki, gələcəkdə iş Avropa Məhkəməsinə gedəndə verilən qərara görə biabırçılıq olmasın. Başınızın üstündə yazılıb ki, ədalətli məhkəmə dövlətin sütunudur. Dövlətin sütununu sarsıtmayın, sifarişlə yox, qanunla, ədalətlə qərar verin”.

Vəkil Elçin Sadıqov çıxışında deyib ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı ittihamlar məhkəmə araşdırması zamanı sübuta yetirilməyib: “Məhkəmədə dindirilən şahidlər Polad Aslanovun xeyrinə ifadə verdilər, istintaqdakı ifadələrinin təhrif edildiyini bildirdilər. Təsadüfi deyil ki, məhkəmə şahidlərin bir hissəsini ümumiyyətlə dindirmədən hökm çıxardı. Çünki gələn şahidlərin ifadələri ittihamın əleyhinə idi. Biz 7 şahidin dindirilməsi barədə dəfələrlə vəsatət qaldırdıq, lakin məhkəmə əsaslandırmadan o şahidləri dindirmədən istintaqı yekunlaşdırdı”.

Prokuror isə əksinə, Polad Aslanova qarşı ittihamların sübuta yetirildiyini, onun bütün müraciətlərinin araşdırıldığını deyib. Dövlət ittihamçısının sözlərinə görə, yalnız cəza məsələsində aşağı instansiya məhkəməsi yüngülləşdirici halları, o cümlədən himayəsində azyaşlı övladının olmasını nəzərə almayıb. Prokuror cəzanın 16 ildən 13 ilə endirilməsini təklif edib.

Hakimlər də müşavirədən sonra bu təklifi nəzərə alaraq, Polad Aslanov haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmün dəyişdiyini, cəzanın 13 ilə endirildiyini elan edib.

Məhkəmədən sonra baş redaktorun həyat yoldaşı Gülmirə Aslanova jurnalistlərə açıqlamasında bildirib ki, Ali Məhkəmənin qərarını əsassız və ədalətsiz hesab edirlər. Bu qərardan qısa müddətdə Avropa Məhkəməsinə şikayət olunacağını deyən Gülmirə Aslanovanın sözlərinə görə, bir müddət əvvəl həyat yoldaşının keçirdiyi 20 günlük aclıq nəticəsində onun səhhətində ciddi problemlər yaranıb: “Onsuz da səhhətində problemlər vardı, aclıq daha da mənfi təsir göstərib. Əsəb sisteminə də kəskin zərbə vurub”.

Polad Aslanov 2019-cu il iyunun 12-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 16 il azadlıqdan məhrum edilən sayt rəhbəri Cinayət Məcəlləsinin 274-cü maddəsilə – dövlətə xəyanətdə təqsirli bilinib. Cinayət işinin materiallarında iddia olunur ki, Polad Aslanov İranın xüsusi xidmət orqanlarıyla məxfi əməkdaşlıq edib, ölkədən kənarda onlarla gizli görüşlər keçirib, informasiyalar ötürüb və bunun müqabilində pul alıb.

Sayt rəhbəri isə bu barədə yazılanların yalan olduğunu bildirir, özünü təqsirli bilmir. O, tənqidçi jurnalist fəaliyyətinə, xüsusən DTX əməkdaşlarının zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması barədə yazılarına görə cəzalandırıldığını deyir: “Məşhəd, Kərbəla ziyarətinə gedənlərin hər birinə görə 10-20 dollar rüşvət alınması heç kimə sirr deyil. Mən də xüsusi xidmət orqanlarının bu korrupsiya əməllərini işıqlandırdığıma, mənə təklif olunan rüşvət qarşılığında yenə də o yazıları silməyə razılaşmadığıma görə bu gün buradayam”.

Polad Aslanov səhhətindəki problemlərlə əlaqədar uzun müddət hərbi xidmətə aparılmasa da, 2018-ci ilin aprelində ona qəfil çağırış gəlib. O, hərbi xidmətini 2019-cu ilin aprelində başa vurub. İki ay sonra isə həbs edilib.

Ana səhifəSiyasətAli Məhkəmə sayt rəhbəri ilə bağlı hökmü dəyişdi