Nərgiz Absalamova prokurorluğa şikayət edəcək
Dekabrın 28-də Milli Məclisin önündə baş tutan “Media haqqında” yeni qanun layihəsinə etiraz aksiyasının iştirakçısı jurnalist Nərgiz Absalamova xəsarət alıb. Həkim rəyinə əsasən, onun büzdüm sümüyü sınıb və içəri batıb.
Bu barədə Meydan TV-yə danışan Nərgiz Absalamova bildirib ki, onu qadın polislərdən biri itələyib:
“Şuarı səsləndirəndə çox möhkəm qışqırırdım, qadın polis də səsim bərk çıxdığı üçün mənim boğazımdan yapışdı. Məni boğub, itələyirdi. Həmkarlarım məni müdafiə etmək üçün önümə keçdilər. O zaman qadın polis bir də məndən yapışmağa cəhd etdi. Sonra hamımızı eyni vaxtda itələdi, yıxıldıq”.
Jurnalist arxası üstdə səkiyə yıxıldığını bildirir. Deyir ki, isti-isti heç nə hiss etməyib, lakin aksiya bitəndən sonra ayağını yerə basa bilməyib:
“Ağrı gücləndi, dostlarım evə apardı. Evdə də ağrıdan dayana bilmədim. Getdim Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna. Burada mənə dizimdə toxumaların zədələndiyini, onurğanın ən son hissəsindəki büzdüm sümüyümün qırıldığını və içəri batdığını bildirdilər”.
Həkim jurnalistə növbəti 3 həftəni oturmağı, əyilməyi və hərəkət etməyi yasaqlayıb. Yatanda isə üzüaşağı uzanmalıdır:
“Bir dərman yazdı, bir də oturma simidi var, ortopedik döşək deyirlər, ondan almağımı tapşırdı. Dedi ki, əgər vacib oturmaq lazım olsa, ondan istifadə edim”.
Hazırda ağrılarının olduğunu bildirən jurnalist başına gələnlərlə bağlı vəkilini məlumatlandırıb. Deyib ki, şikayət ərizəsi ilə prokurorluğa müraciət edəcək:
“Məhkəməyəcən getməyi düşünürəm”.
Meydan TV məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevlə əlaqə saxlayıb. O, işdə olmadığını bildirib.
DİN-in mətbuat xidmətinin şəhər nömrələrindən də məlumat almaq mümkün olmayıb.
Sonradan DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Meydan TV əməkdaşı ilə əlaqə saxlayaraq, hadisə zamanı heç bir jurnalistə xəsarət yetirilmədiyini deyib:
“Maraqlanmışam, xəsarət alan olmayıb. Bir nəfərin burnu belə qanamayıb. Polislər aksiya iştirakçılarının təhlükəsizliyini çox səliqəli təmin ediblər. Xanım iddia edir ki, onurğası zədələnib. Deyim ki, o cür xəsarət alan hərəkət edə bilməzdi. O sümük insanın qamətini saxlayır. O qız həqiqətən elə ciddi xəsarət almış olsaydı, onu birbaşa xəstəxanaya çatdırardılar. Yenə də deyirəm, aksiyada nəinki kiminsə sümüyü sınıb, heç burnu qanayan da olmayıb. Ancaq yenə də deyim ki, əgər xanımın əlində sübutu varsa, müraciət etsin, araşdıraq”.
Etiraz aksiyası iştirakçıları düşünürlər ki, “Media haqqında” yeni qanun layihəsi təklifi Azərbaycanda olan qapalı mühitin daha da sərtləşməsinə təkan verəcək. Bu, ifadə azadlığı hüququnun pozulmasıdır və qəbulu yolverilməzdir.
Aksiyanın keçirildiyi saatlarda Milli Məclisin komitələrində bir qrup hökumətyönümlü media əməkdaşları ilə müzakirələr aparılıb və qanun layihəsi dekabrın 3-da Milli Məclisin gündəliyinə salınıb.
Bu, jurnalistlərin “Media haqqında” qanun layihəsinin qəbuluna ikinci etiraz aksiyasıdır. Daha öncə, dekabrın 24-də bir qrup jurnalist yenə Milli Məclisin önündə 2-ci oxunuşda qəbul edilən qanun layihəsinə etirazlarını bildiriblər. Onlar qanun layihəsinin ictimai müzakirəyə çıxarılmadan gizli qəbul edildiyini, bir çox maddənin mürtəce olduğunu söyləyiblər. Bildiriblər ki, bu qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasına, Avropa İnsan Haqları Konvensiyasına və Azərbaycanın qoşulmuş olduğu digər beynəlxalq müqavilələrin ifadə və media azadlığı haqqında müddəalarına ziddir.
Milli Məclisin dekabrın 20-də keçirilən iclasında “Media haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Bu qanun layihəsində jurnalist fəaliyyəti ilə bağlı sərt tələblər nəzərdə tutulub.
Bura media qurumun və jurnalistlərin qeydiyyatdan keçməsindən tutmuş, vahid jurnalist vəsiqəsi əldə etməyə, gizli yolla əldə edilmiş məlumatın yayılmasının əngəllənməsinə qədər xeyli məsələlər daxildir.
Layihə dekabrın 14-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb və birinci oxunuşdan keçib.
Ardınca Azərbaycanın onlarla jurnalisti, hüquqşünası, media eksperti və təşkilatı layihənin Milli Məclisdə müzakirəsini dayandırmağı əks etdirən müraciət yayıb.
Hətta vətəndaş cəmiyyəti nümayəndələri layihənin Milli Məclisdə müzakirəsinin dayandırması haqqında çağırış da ediblər. Buna baxmayaraq, layihə ikinci oxunuşda da qəbul olunub.