Aksiyada saxlanılanlar cərimələnib

Foto: Meydan TV

AXCP aksiyaya cəhd zamanı 20-yə yaxın şəxsin saxlanıldığını bildirir

Dekabrın 15-də “Fəvvarələr bağı”nda 40 gündür aclıq aksiyası keçirən Saleh Rüstəmovun azadlığı tələbiylə aksiyaya cəhd olub. Polis aksiyanın qarşısını alıb.

AXCP-dən verilən məlumata görə, saxlanılanlardan Tofiq Yaqublu, Kənan Basqal və Babək Həsənov pandemiya qaydalarının pozulması ittihamı ilə 400 manat cərimə olunaraq sərbəst buraxılıblar.

Partiya tədbir zamanı 20-dən çox adamın saxlanıldığını bildirib. Onlar arasında Saleh Rüstəmovun bacısı Yeganə Rüstəmova, Nigar Həzi, Mətanət İsmayıl, Babək Cabbarlı, İdris Əmiraslanov, Qulu Məmmədli və digərləri olub.

15 dekabr aksiyası, Foto: Meydan TV

Daxili İşlər Nazirliyi aksiya zamanı saxlanılanların sərbəst buraxıldığı barədə məlumat yayıb.

“Bu gün saat 12 radələrində bir qrup şəxs Səbail rayonu ərazisindəki Fəvvarələr meydanında ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarına zidd olaraq, eləcə də icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib. Cəhdin qarşısı alınaraq həmin şəxslər ərazidən uzaqlaşdırılıb. Xidməti vəzifələrini yerinə yetirən asayiş keşikçilərinin qanuni tələblərinə riayət etməyən bir neçə nəfər saxlanılıb və xəbərdarlıq edildikdən sonra onlar sərbəst buraxılıb”-deyə nazirlik qeyd edib.

Dekabrın 1-də də ictimai fəallar İlkin Rüstəmzadənin və Mete Türksoyun təşəbbüsüylə paytaxtın “Fəvvarələr bağı”nda Saleh Rüstəmovun azad edilməsi tələbiylə aksiya keçirilib. Aksiyada saxlanılan siyasi fəal Tofiq Yaqublu döyülüb.

15 dekabr aksiyası, Foto: Meydan TV

Dekabrın 2-də Səbail Rayon Məhkəməsində 4 AXCP üzvü və ictimai fəal, tələbə Rüstəm İsmayılbəyli haqda qərar çıxarılıb. Aksiyada saxlanılan AXCP üzvləri Səyyad Quliyevə 15 sutka, Elxan Əliyevə 20 sutka, Elçin Teymurova 25 sutka, AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn və Rüstəm İsmayılbəyli isə 30 sutka inzibati cəza alıblar. Sonradan Apelyasiya Məhkəməsi R.İsmayılbəylinin cəzasını 50 dəqiqə azaldıb. Onlar İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə (Karantin qaydalarını pozma) ittiham olunublar.

38 günlük aclıq aksiyasından sonra S.Rüstəmov dekabrın 13-də tam aclığa keçərək su və dərmanlardan imtina edib.

15 dekabr aksiyası, Foto: Meydan TV

Onun azad olunması ilə bağlı ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri, jurnalistlər, ictimai xadimlər hökumətə çağırış ediblər.

AXCP sədri Əli Kərimliyə maddi yardım göstərməkdə ittiham olunan və 2018-ci ildə həbs edilərək 7 il 3 ay azadlıqdan məhrum edilən Saleh Rüstəmov artıq 40 gündür ki, aclıq aksiyası keçirir. Onun səhhətinin pisləşdiyi, çəki itirdiyi və həyatı üçün təhlükə yarandığı bildirilir. Saleh Rüstəmov həbsdən azad edilməsini, ailə üzvlərinin əmlakına və ata evinə qoyulan müsadirə qərarının ləğv olunmasını tələb edir.

Ana səhifəSiyasətAksiyada saxlanılanlar cərimələnib