Akif Çovdarov general-mayor rütbəsindən əsgər rütbəsinə endirilib

Foto: Meydan TV

Keçmiş MTN-ci general statusu ilə pensiya ala bilməyəcək

2004-2015-ci illərdə Milli Təhlükəsizlik Nazirliyində (MTN) işləmiş, bu qurumun Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik etmiş Akif Çovdarovun general-mayor rütbəsi əlindən alınaraq, əsgər rütbəsinə endirilib. Bakı İnzibati Məhkəməsi bunu əsas gətirərək, onun general pensiyası tələbilə bağlı iddiasını rədd edib. Həmin qərardan verdiyi şikayətə bugünlərdə Bakı Apelyasiya Məhkəməsində baxılıb. Bu instansiyada da hakim Kamran Əkbərovun sədrlik etdiyi hakimlər kollegiyası eyni qərarı qüvvədə saxlayıb. Onlar da qərarda göstərib ki, prezidentin 12 mart 2020-ci il tarixli sərəncamı ilə Akif Çovdarov general-mayor ali hərbi rütbəsindən, digər orden və medallardan məhrum edilib. Üstəlik, Dövlət Təhlükəsizliyi Xidmətindən verilən əmrdəki çıxarışdan da görünür ki, o, general-mayor ali hərbi rütbəsindən məhrum edilməklə, əsgər rütbəsinə endirilmiş hesab olunub. Belə olan halda isə hərbi qulluqçu kimi, pensiya ala bilməz.

2015-ci ilin oktyabrında MTN-də nazir Eldar Mahmudovun vəzifədən çıxarılması və bir sıra generallar da daxil olmaqla, 20-dən artıq şəxsin həbsilə nəticələnən əməliyyatdan sonra cəzalananlardan biri də Akif Çovdarov olmuşdu. O, müxtəlif iş adamlarının MTN-ə gətirdilib hədə qorxuyla pul tələb olunması, vəzifədən sui-istifadə və başqa əməllərdə təqsirli bilinərək 12 il azadlıqdan məhrum edilmişdi. Hökmdə bu cəza ilə yanaşı, onun general-mayor rütbəsindən məhrum edilməsi, yaxınlarının adlarına olan əmlakların müsadirəsi də əksini tapmışdı. Əmlaklarla bağlı məhkəmə prosesi hələ də davam edir.

Akif Çovdarov həbs olunandan sonra onun pensiya məsələsilə bağlı da məhkəmə prosesi gedirdi. Hələ o zaman vəkili mətbuata açıqlamalarında bildirirdi ki, onun pensiya kartını vermirlər.

Hazırdı məhkəmə qərarından məlum olur ki, Akif Çovdarov 2015-ci ilin oktyabrında MTN-də keçirilən əməliyyatdan sonra xidməti uyğunsuzluq adıyla vəzifəsindən azad edilib, ardınca həbs olunub. O, general statusunda pensiya almaq istəyib. Proses indiyədək uzanıb və 2023-cü ildə ona məhkəmə qaydasında imtina cavabı verilib.

Ana səhifəTövsiyəAkif Çovdarov general-mayor rütbəsindən əsgər rütbəsinə endirilib