Bakıda məktəbdə 7-ci sinif şagirdi ölüb, onun intihar etdiyi iddia olunur

Hadisə Yasamal rayonundakı 225 nömrəli məktəbdə baş verib. Rəsmi qurumlar şagirdin ölümünün səbəblərinin araşdırıldığını bildirirlər.

Oktyabrın 28-də Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə VII sinif şagirdi olan qız həyatını itirib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, şagird məktəb binasının dördüncü mərtəbəsindən yıxılıb. Məktəb rəhbərliyi dərhal təcili tibbi yardım çağırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

“Məsələ ilə əlaqədar şagirdin ailəsinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ müvafiq qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb”, – idarənin açıqlamasında deyilir.

TƏBİB-dən bildirilib ki, oktyabrın 28-də saat 10:00 radələrində Yasamal rayonundan təcili tibbi yardım çağırışı daxil olub. Hadisə yerinə göndərilən həkim briqadası azyaşlının təcili tibbi yardım göstərilməzdən əvvəl öldüyünü müəyyən edib.

Yerli mətbuatın yaydığı məlumata görə, hadisə şagirdin sinif yoldaşlarının fiziki tərbiyə dərsində olduğu vaxt baş verib. Mətbuatda məktəblinin intihar etdiyi iddia olunur.

Lakin rəsmi qurumlar hələlik intihar ehtimalını təsdiqləməyiblər. Hadisənin dəqiq şəraiti və ölümün səbəbləri barədə araşdırmanın nəticələri açıqlanmayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi ictimaiyyəti hadisəyə həssas yanaşmağa və araşdırma başa çatanadək rəsmi məlumatlara istinad etməyə çağırıb.

Ana səhifə ▸ Xəbərlər ▸ Bakıda məktəbdə 7-ci sinif şagirdi ölüb, onun intihar etdiyi iddia olunur