Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin saxlandığı kameraya bir müddət əvvəl yerləşdirilən psixi sağlamlıq problemli məhbus hələ də başqa başqa yerə köçürülməyib.
AXCP iyulun 2-də Kərimlinin ailəsinə istinadən məlumat yayıb.
Bu səbəbdən Kərimlinin uzun müddətdir normal yata bilmədiyi, davam edən yuxusuzluq nəticəsində səhhətinin xeyli zəiflədiyi qeyd olunur.
Həmin şəxs Əli Kərimlinin saxlandığı kameraya iyunun ortalarında, onun France 24 kanalına müsahibə verməsindən sonra yerləşdirilib. Müsahibədə Kərimli özünü vicdan məhbusu adlandıraraq həbsinin siyasi sifariş olduğunu deyib, Azərbaycanda repressiyaların Rusiya ilə yaxınlaşma fonunda artdığını bildirib. O, həmçinin Avropa ölkələrini Azərbaycan qazına görə prinsiplərdən imtina etməkdə tənqid edib və mübarizəni davam etdirəcəyini vurğulayıb.
Bu yerləşdirmədən sonra Partiya sədrinin Hüquqlarının Müdafiə Komitəsi məlumat yayıb ki, yeni məhbus gecə saatlarında yüksək səslə və anlaşılmaz şəkildə “zikr etmə” vərdişi nümayiş etdirir. Bu isə eyni kamerada saxlanılan şəxslərin yatmasına mane olur. Onun köçürülməsi tələbi isə yerinə yetirilməyib.
Partiyanın məlumatına görə, hazırda Əli Kərimlinin ailəsi ilə telefon zəngi hüququ da məhdudlaşdırılır. Ona ayrılan 15 dəqiqəlik danışıq müddəti tam təmin edilməyib, əlaqə üç dəfə kəsilib və nəticədə o, ailəsi ilə cəmi 4 dəqiqə ünsiyyət saxlaya bilib. Qeyd olunur ki, bununla Əli Kərimlinin təcridxanadan ailəsi ilə hansı mövzuları müzakirə edə biləcəyinə nəzarət edilir.
“Mən məhz onların istəmədiklərini danışdığım üçün burdayam, danışmasaydım heç bura düşməzdim”, – Əli Kərimli ailəsinə deyib.
Vəkillərinin AXCP sədrinin hüquqlarının bərpası üçün məhkəməyə müraciətləri də qeydiyyata alınmayıb.
“Əli Kərimli ilə məhbus kimi deyil, əsir kimi davranılır və ona qarşı dövlət səviyyəsində cinayət törədilir”, – məlumatda qeyd olunur.
AXCP sədri Əli Kərimli 2025-ci il noyabrın 29-dan həbsədir. Onunla bərabər Partiyanın Məclis üzvü Məmməd İbrahim də saxlanılıb. Onlara qarşı dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər ittihamları irəli sürülüb.
Hər ikisinin də həbsi sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyev ətrafında aparılan geniş araşdırmalarla əlaqələndirilir.
Müxalifət və tərəfdarları bu həbsin siyasi motivli olduğunu bildirir. Beynəlxalq insan hüquqları təşkilatları və müşahidəçilər bu həbsi siyasi represiyanın nümunəsi kimi qiymətləndiriblər.
Ümumilikdə isə hazırda 20-dən çox AXCP üzvü və fəalı həbsdədir. Partiya onların da siyasi motivlərlə təqib olunduğunu bəyan edir.
Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaqın son siyahısında 328 siyasi məhbusun adı var.
Azərbaycan hakimiyyəti isə ölkədə siyasi motivli həbslərin olması ilə bağlı iddiaları rədd edir. Rəsmi qurumlar bildirirlər ki, həbs olunan şəxslər siyasi baxışlarına görə deyil, konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb ediliblər.