AİHM-dən Azərbaycanla bağlı qərar: 6 şikayətçiyə təzminat veriləcək

Avropa Məhkəməsi, Foto: By Maykova Galina/Shutterstock

““Xural”ın iddiası təmin olunub, Əvəz Zeynallının iddiası rədd edilib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) oktyabrın 6-da Azərbaycandan göndərilmiş şikayətlər üzrə 2 yeni qərarını elan edib.

““Xural” qəzeti və Zeynalov Azərbaycana qarşı” (№ 55069/11) işdə şikayətçi Bakıda nəşr olunan qəzetdir.

İkinci ərizəçi isə “Xural”ın təsisçisi və baş redaktoru Əvəz Zeynalovdur.

O, hazırda məhkəməyə qədər həbsdədir.

Məhkəmə işi qəzetdə dərc edilmiş məqalə ilə əlaqədar olaraq ərizəçilərə qarşı irəli sürülmüş mülki iddialarla bağlı olub.

Məqalələrdə tanınmış yüksək rütbəli dövlət məmurunun parlament seçkilərinə müdaxilə etdiyi iddia olunub.

Əvəz Zeynallı
Foto: Meydan TV

Adıkeçən şəxs qəzeti və onun redaktorunu məhkəməyə verib, məlumatın yalan olduğunu və onun nüfuzuna xələl gətirdiyini iddia edərək dəymiş ziyana görə təzminat tələb edib.

Yerli məhkəmələr iddianı təmin edib və ərizəçilərin üzərinə üzr istəmək, təkzib vermək və 10.000 Azərbaycan manatı təzminat ödəmək vəzifəsi qoyan qərar qəbul edib.

Ərizəçilər AİHM qarşısında ifadə azadlığı hüquqlarına müdaxilənin baş verdiyini iddia edib.

AİHM öncə ərizələri araşdırıb. Birinci ərizəçinin (qəzetin) Konvensiyanın 10-cu maddəsinə əsaslanan şikayətlərini qəbuledilən, ərizənin yerdə qalan hissəsini, o cümlədən, ikinci ərizəçinin şikayətlərini qəbuledilməz hesab edib.

Birinci ərizəçinin şikayətini mahiyyəti üzrə araşdıran məhkəmə yekunda qəzetə münasibətdə ifadə azadlığı hüququnun pozuntusunun baş vermədiyi qənaətinə gəlib.

“Mustafa Hacılı və başqaları Azərbaycana qarşı” (№ 69483/13, 76319/13 və 30456/14) – işdə İctimai Palata adlı müxalif siyasi birliyin üzvləri olan 6 ərizəçi, Bakı şəhərində müxtəlif siyasi məsələlərə etiraz etmək üçün üç dəfə kütləvi aksiya keçirmələrinə imkan yaradılması üçün müraciət edib. Ancaq hər dəfə rədd cavabı alıblar.

Mustafa Hacıbəyli
Foto: Mustafa Hacıbəylinin şəxsi arxivindən

Ərizəçilər AİHM qarşısında iddia ediblər ki, Konvensiyanın 11-ci maddəsi (sərbəst toplaşmaq azadlığı) ilə təminat altına alınan hüquqlarına müdaxilə baş verib, dinc aksiyanın keçirilməsinə icazə verilməsindən imtina olunması haqda qərarlar qanuni və zəruri olmayıb.

Ərizəçilər həmçinin bu kontekstdə yerli qurumların qərarlarının onların ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüquqlarını pozduğunu da iddia ediblər.

AİHM bu işdə ərizəçilərin toplaşmaq hüququna (Maddə 11) müdaxilənin baş verməsinə qərar verib. Digər iddialar üzrə incələməyə ehtiyac duymayıb.

Qərara əsasən, hökumət hər ərizə üzrə 4500 avro mənəvi zərər əvəzi ödəyəcək.

Bu qərar 3 ərizə üzrə çıxarılıb: “Mustafa Hacıbəyli, Hüseyn Malikov və Rafiq Daşdəmirov Azərbaycana qarşı”, “Tofiq Yaqublu və Rafiq Manaflı Azərbaycana qarşı”, “Gülağa Aslanlı Azərbaycana qarşı” işləri.

Hökumət 3 ərizə üzrə 6 ərizəçiyə ümumilikdə, 13500 avro ödəyəcək.

Qərar hüquqi xidmətlərə görə hər ərizə üzrə 1500 avro ödənilməsini də nəzərdə tutur.

Bundan başqa hüquqi məsrəflərə görə, Tofiq Yaqublu işi üzrə 55, G.Aslanlı işi üzrə 70 avro da ödənilməlidir.

Ana səhifəSiyasətAİHM-dən Azərbaycanla bağlı qərar: 6 şikayətçiyə təzminat veriləcək