Ağsuçay məcrasını niyə dəyişib?

İcra hakimiyyəti deyir, səbəb yağıntıdır, sakinlərsə deyir, səbəb qazıntıdır

Source:


İcra hakimiyyəti deyir, səbəb yağıntıdır, sakinlərsə deyir, səbəb qazıntıdır

“Ağsuçayın rayon ərazisindən keçən hissəsi bəzi yerlərdə evlərə təhlükə yarada bilər”. Bunu Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini İqbal Mikayılov “Trend”ə bildirib. Başçının müavini səbəb kimi yağıntıları göstərib. Deyib ki, su artdıqca, bəndləri yuyub. Ancaq Ağsuçayın yaxınlığındakı Natəvan küçəsinin sakinləri müavinin dedikləri ilə razılaşmır.

Meydan TV-yə danışan sakinlər bildirirlər ki, çayın məcrasının dəyişməsinin səbəbləri başqadır və məmurlar diqqəti yayındırmaq üçün qəsdən ictimaiyyətə belə məlumatlar ötürürlər.



Evləri su basa, torpaq sürüşməsi baş verə bilər

Sakinlər deyirlər, son illər Ağsuçayın dibi qazıldığından çay məcrasından çıxıb. Üstəlik, çayın yaxınlığında torpaq sürüşməsi təhlükəsi yaranıb. Sakin Maarif Abdullayev bildirir ki, indi məmurlar təhlükənin ciddi olduğunu görüb “günahı” yağıntıların üzərinə atmaq istəyirlər:

“Başçının müavini saytlara məlumat verib ki, yağıntı çox olduğuna görə çay məcrasından çıxıb, evləri su basa bilər. Ancaq başçının müavini əsl səbəbi qeyd etməyi “unudub”. Əsl səbəb odur ki, icra hakimiyyətinin himayə etdiyi işbazlar illərdir ki, çayın dibini qazılar. Su da bu səbəbdən məcrasından çıxıb və bəndləri dağıdıb”.

Sakin deyir, illərdir ki, ölkənin ən xırda məmurundan tutmuş prezidentinə kimi şikayət etmələrinə baxmayaraq, ağır texnikalar və onları himayə edən “güclü əllər” öz işindədir:

“İllərdir yazırıq ki, bunlar çayın dibini eşir, çınqıl satıb pul qazanır, bizim həyatımızı təhlükəyə atırlar. Kim səsini çıxarırsa, hədələyib susdururlar. Gecə-gündüz Ağsuçaydan “Kamaz”larla çınqıl daşınır. İndi də su vurub bəndləri dağıdıb, məmurlar əl-ayağa düşüblər. Çaya yaxın evlərdə adamlar səhərə kimi yatmır. Hamının yorğan-döşəyi qoltuğundadır. Sel qorxusu ilə yaşayırıq. Vaxtilə bizi qapıdan qovan məmurlar indi ortaya çıxıb qabaqdangəlmişlik eləyirlər, hər şeyi yağışın üstünə atmaq istəyirlər”.



Daş-çınqıl, zibil bu küçə ilə daşınır

Qeyd etdiyimiz kimi, nartahatçılıq əsasən çaya yaxın küçələrdən birində – Natəvan küçəsindədir. Bu küçə çaykənarı məhəllə sayılır. Çaydan çınqıl çıxaran, çınqılı daşıyan maşınlar bu küçə ilə o baş-bu başa hərəkət edir. Sakinlər deyir, bu küçədə qışda palçıq dizdən yuxarı qalxır, yayı tozanaqlı olur. Daş-çınqılla yüklənən yük maşınları küçəylə hərəkət edərkən dəfələrlə insanların həyatına təhlükə yaradıb. Küçə sakinlərinin şikayətləri isə elə özlərinə qalıb.

Sakin Validə Əsgərova:

“Gecə-gündüz gözümüzün önündə çayın dibini eşib çınqıl daşıyırlar, gedib şikayət edəndə icra hakimiyyətindəkilər üzümüzə dirəşirlər ki, çayı qazan yoxdur, qəsdən yalan yayırsız, gərginlik yaradırsız”.

Daşma təhlükəsini yaradan ikinci səbəb rayonun zibillərinin bu çaya daşınmasıdır. Sakinlər deyir, səhər o başdan rayon içindəki zibilləri toplayan zibil maşınları bu küçədən keçərək çaya tərəf hərəkət edir və zibilləri çaya boşaldaraq geri qayıdır. Yayda çaydan gələn qoxudan, üfunətdən yaxınlıqdakı küçələrdən keçmək olmur.



İcra hakimiyyəti: “Tədbirlər görülür”

Ağsu Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, çaykənarı yaşayış məntəqələri nəzarətə götürülüb. Hələlik subasma təhlükəsi yoxdur. Çay kənarında bəndbərkitmə işləri nəzərdə tutulub:

“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə müraciət olunub. Tədbirlər görülür. Narahatçılığa əsas yoxdur. Çayın şıltaqlığına səbəb hər il bu vaxt olan yağıntılardır. Müvafiq qurumlara müraciət olunub, tədbirlər görülür. Çay mühafizə olunur, ora zibil tökülməsindən söhbət gedə bilməz. Çınqıla gəlincə, bizə belə fakt daxil olmayıb”.



Adamlar əşyalarını və təsərrüfatlarını daşıyır

Çaykənarı məhəllələrin sakinləri də öz tədbirlərini görüblər. Sel təhlükəsinə görə bəzi ailələr artıq əşyalarını evdən çıxarıb, heyvanlarını ərazidən uzaqlaşdırıb, quşçuluq təsərrüfatlarını başqa yerə köçürüblər.

Ana səhifəReportajAğsuçay məcrasını niyə dəyişib?