Ağdaş sakini: “Cinayətkar onu şərləyənlərdir, zənglərə baxsalar, görərlər…”

Foto: DİN

DİN iddiaları əsassız sayır

Ağdaş sakini Şəhla Allahverdiyeva narkotik ittihamıyla 6 aydır ki, həbsdədir. Lakin ailə üzvləri onun şərləndiyini iddia edir.

Deyirlər ki, tutulduğu gün ona gələn telefon zənglərilə bağlı araşdırma aparmaq və həyətlərindən götürülmüş videokameranın görüntülərinə baxmaq həqiqətin ortaya çıxması üçün kifayətdir.

“Əməllərini ört-basdır eləmək üçün kameranı da aparıblar”

56 yaşlı Şəhla Allahverdiyeva Gəncədəki 2 saylı istintaq təcridxanasında saxlanılır.

Yanvarın 30-da Ağdaş Rayon Məhkəməsində onun işi üzrə məhkəmə araşdırmaları başlayacaq.

Bu işi araşdırmaq hakim Cavid Sultanova həvalə olunub.

Gəlini Dilarə Allahverdiyeva danışır ki, 2022-ci ilin avqustunda qayınanası həbs olunduğunu vaxt o və həyat yoldaşı müalicə məqsədilə Bakıda olublar.

Onun sözlərinə görə, sonradan xəbər tutublar ki, hadisə günü – avqustun 13-də polislər evlərinə daxil olanda orada kimsə olmayıb:

“Guya polisə məlumat daxil olub ki, bizim evdə silah var. Gəlib bizim evə giriblər. Həmin vaxt qayınanam qohumumuzgildə olub. Evi ələk-vələk eləyiblər, heç nə olmayıb. Çıxanda görüblər ki, həyətdə kamera var. Bizim məhəllədə nə qədər oğurluq olur. Onun dərdindən kamera qoydurmuşduq. Öz əməllərini ört-basdır eləmək üçün götürüb o kameranı da yaddaşıyla birlikdə aparıblar…”

“Polis qayınanama zəng eləyib, deyib ki…”

Dilarə Allahverdiyevanın sözlərinə görə, Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları evdən çıxıb gedəndən sonra hərəkətlərinin kobud qanun pozuntusu olduğunu dərk ediblər.

Ardınca onlardan biri Şəhla Allahverdiyevanın telefonuna zəng edib:

“Polisdə Mingəçevirdən olan Ramin adlı əməkdaş var, o, zəng edib. Deyib ki, səninlə işimiz var. Bu zəngin nə qədər şahidi var. Qayınanam da çıxıb həmin qohumgildən, təxminən 500-600 metr gedib, Ramin maşınla gəlib onun qarşısına, götürüb onu şöbəyə aparıb. Deyib ki, bizə məlumat gəlib, evinizdə axtarış aparmalıyıq. Qayınanam da özündən, evindən arxayındır deyə, sənədi imzalayıb, razılıq verib. Gedib evə çatanda görüb ki, qohumgilə gedəndə qoyub çıxdığı ev deyil, dağılıb tökülüb. Elə polislərin yanında deyib ki, evimə oğru girib. Polislər onu sakitləşdirib ki, “narahat olma, oğru girməyib, bir qədər əvvəl biz gəlmişdik”.

“Kim polisin çağırışına gedəndə üstündə narkotik götürər?”

“Qayınanam da etiraz edib ki, niyə məndən xəbərsiz evimə gəlmisiz? Rəşid adlı polis cibindən narkotik çıxarıb qoyub stolun üstünə, hədələyib ki, əgər bunu boynuna götürməsə, bir kilo gətirəcəklər, Bakıdan oğlu, gəlini də gətiriləcək…”.

Şəhla Allahverdiyevanın təzyiqlərə məruz qaldığını vurğulayan gəlininin sözlərinə görə, vəkili onun təqsirsizliyini sübut etmək üçün istintaq dövründə bir sıra məsələlərin araşdırılması üçün vəsatət verib.

Araşdırılması tələb olunan əsas məsələlərdən biri isə hadisə günü – avqustun 13-də Şəhla Allahverdiyevaya gələn zənglərin siyahısının çıxarılması olub:

“Ayın 12-nə qədər olan zənglərin siyahısını çıxarıblar, amma 13-nü yox. Sual olunur, niyə? Çünki özləri də yaxşı bilirlər ki, məsələ mənim dediyim kimidir. Kim polisin çağırışına gedəndə üstündə narkotik götürər?”

Dilarə Allahverdiyeva Daxili İşlər Nazirliyindən də (DİN) narazıdır.

Onun sözlərinə görə, qayınanasının şər-böhtana məruz qalması bir yana, üstəlik, telekanallarda, saytlarda fotolarını yayıb, biabır ediblər:

“Bildiyimə görə, bir adamın haqqında hökm yoxdursa, ona heç kimin cinayətkar kimin cinayətkar kimin davranmağa ixtiyarı yoxdur. Mənim qayınanam təqsirsizdir, cinayətkar onu şərləyənlərdir. Nə ixtiyarla onu biabır ediblər? O telefon zəngləri, kamera görüntüləri ortaya çıxsa, bu, açıq-aşkar bəraətlik işdir”.

Şəhla Allahverdiyeva Cinayət Məcəlləsinin 234.2 (satış məqsədilə narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham olunur. Bu maddədə 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

DİN nə deyir?

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Meydan TV-yə bildirilib ki, Şəhla Allahverdiyevanın qanunsuz saxlanılması haqda yaxınlarının səsləndirdiyi iddialar əsassızdır, onu məsuliyyətdən yayındırmaq məqsədi daşıyır:

“Rayon polis şöbəsi əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat zamanı rayon sakini Anar Abdullayev saxlanılıb və axtarış zamanı ondan metamfetamin aşkarlanıb. Anar Abdullayev ifadəsində onu Şəhla Allahverdiyevadan pul müqabilində aldığını bildirib. Davam etdirilən tədbirlərlə Şəhla Allahverdiyeva da şübhəli şəxs qismində saxlanılıb, onun üzərindən metamfetamin aşkar edilib. Qadının yaşadığı ünvana baxış keçirilsə də, oradan ümumiyyətlə, narkotik ya psixotrop maddə aşkarlanmayıb. Məhkəmənin qərarı ilə Şəhla Allahverdiyeva barəsində həbs qətimkan tədbiri seçilib”.

Ana səhifəBölgəAğdaş sakini: “Cinayətkar onu şərləyənlərdir, zənglərə baxsalar, görərlər…”