Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi. Foto: Wiki

Türkiyə Milli Müdafiə Nazirliyi deyir ki, Azərbaycan və Rusiya ilə koordinasiyalı qaydada iş aparılır

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq.

Bu barədə aprelin 18-də Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə ilə Rusiya arasında imzalanan Memorandumla atəşkəs rejiminə nəzarət etmək və 2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam rayonunda  yaradılmış Birgə Monitorinq Mərkəzi fəaliyyətini tamamlayır.

“Mərkəzin fəaliyyətinin dayandırılması istiqamətində Azərbaycan və Rusiya ilə koordinasiyalı qaydada iş aparılır”, – deyə məlumatda qeyd olunub.

2020-ci il noyabrın 11-də Rusiya və Türkiyə Müdafiə nazirləri Azərbaycanda Rusiya-Türkiya Birgə Monitorinq Mərkəzi yaratmaq barədə anlaşma memorandumu imzalayıblar.

Mərkəz 2021-ci ilin yanvarın 30-dan fəaliyyətə başlayıb.

Monitorinq mərkəzinin türkiyəli şəxsi heyətinə general-mayor Abdullah Katırcı, rusiyalı şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir.

Aprelin 16-dan Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına başlanılıb.

Aprelin 17-də isə Vladimir Putinin mətbuat katibi Dmitri Peskov sülhməramlıların Qarabağdan çıxarılmasını təsdiqləyib.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də deyib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanılıb, Azərbaycan və Rusiya müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”, – deyə Hacıyev qeyd edib.

10 noyabr 2020-ci il bəyanatına əsasən, Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanda qalma müddəti 2025-ci ildə yekunlaşır.

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.

2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasətAğdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır