Ağalıq kəndinin poçt xidmətindən şikayət var

”Poçt vətəndaşlara məktubu elə vətəndaşlar vasitəsilə göndərir”

Source:


”Poçt vətəndaşlara məktubu elə vətəndaşlar vasitəsilə göndərir”

“Hansı maraqdansa vəzifə səlahiyyətlərini aşaraq, məhkəməyə məlumat göndərib ki, guya poçt xidməti məhkəmə Qərardadını qardaşıma 1 il 6 aydan sonra çatdırıb. Halbuki, poçtun xəbərnaməsindən və qəbzlərdən görünür ki, poçt həmin Qərardadı qardaşıma vaxtında çatdırıb. Sadəcə, qardaşım vaxtında Qərardaddan şikayət etməyib və Qərardad qüvvəsində qalıb. Məqsəd bu olub ki, qanuni qüvvəyə minmiş Qərardad ləğv edilsin. Qardaşım da istəyinə poçt müdirinin saxtakarlığı ilə çatıb. Poçt müdirinin saxta məlumatına əsaslanan məhkəmə ilyarım əvvəl çıxarılmış Qərardadı ləğv edib”.

Şabranın Ağalıq kəndinin sakinləri Meydan TV-yə kənddəki poçtun fəaliyyətindən şikayətlənirlər. Kənd sakini Xatirə Axundova deyir, qardaşı ilə bir mülki mübahisəsi olub. Məhkəmə bu mübahisəyə dair Qərardad çıxarıb. İlyarımdan sonra Xatirə xanım xəbər tutub ki, qardaşı həmin Qərardaddan məhkəməyə şikayət edərək onu ləğv etdirib.

Poçt müdiri saxtakarlıq edib

Qərardaddan şikayət müddətinin çoxdan ötdüyünü yaxşı bilən Xatirə xanım məsələni araşdırıb. Məlum olub ki, məsələdə kəndin poçt müdirinin əli var. Onun sözlərinə görə, məhz poçt müdiri Nailə Adıgözəlovanın məhkəməyə göndərdiyi saxta məlumat əsasında qarşı tərəfin ilyarım əvvəl çıxarılmış Qərardaddan verdiyi şikayətə baxılıb və təmin edilib. Xatirə Axundova sözünə davam edir:

“Poçt müdiri məhkəməyə göndərdiyi məlumatda Qərardadın vətəndaşa gec çatdırılmasını belə əsaslandırıb ki, guya poçtalyon olmadığı üçün həmin Qərardadı sakinlərdən birinə verib ki, qarşı tərəfə çatdırsın. Sakin aparıb çatdırmayıb və qarşı tərəf də Qərardaddan xəbərsiz olub. Halbuki, poçt tərəflər olaraq ikimizə də hələ ilyarım əvvəl eyni vaxtda Qərardadı çatdırıb, ikimiz də imzalayıb götürmüşük. Kənd poçtunun müdirinin saxtakarlığına görə hələ də məhkəmələrdə sürünürəm”.



Məktub yetişmədi, vətəndaş həbsə düşdü

Daşlıyataq sakini Elşad Quliyev də Ağalıq poçt şöbəsinin fəaliyyətindən şikayətçidir. Deyir, bu poçt şöbəsinin yarıtmaz fəaliyyəti üzündən qardaşı Fuad Quliyev həbsdədir:

“Kənddə kiməsə məktub, bildiriş, teleqram, sovqat gələndə poçtun rəisi qarşısına çıxan adamlara verir ki, apar bunu çatdır filankəsə. Qardaşımın aliment işi vardı. Bu ilin iyun ayında Sumqayıt Apelyasiya Məhkəməsinin ona göndərdiyi qərarı poçt müdiri tərəfindən kənd sakinlərindən birinə verilib ki, ona çatdırılsın. Məhkəmə bildirişi qardaşıma çatdırılmayıb, nəticədə, o, məhkəmənin qərarından xəbərsiz olub və icra etməyib. Bu isə məhkəmənin onun barəsində həbs-qətimkan tədbiri seçilməsi ilə nəticələnib. Hazırda Şüvəlandakı istintaq təcridxanasında saxlanılır”.

Meydan TV müxbiri Ağalıq Poçt Şöbəsinin müdiri ilə əlaqə yarada bilməyib. “Azərpoçt”dan isə bildirilib ki, poçt müdir ilə bağlı Xatirə Axundovanın şikayəti araşdırılıb və müdir Nailə Adıgözəlovaya şiddətli töhmət verilib. Bu ilin iyul ayında bu barədə vətəndaş Xatirə Axundovaya da rəsmi məlumat verilib.



Şiddətli töhmət verilsə də…

Xatirə Axundova deyir, poçt müdirinin fəaliyyətindən bu ilin may ayında şikayət edib. İyulun 11-də “Azərpoçt”un baş direktorunun müavini Sübhan Kazımov ona müdirə töhmət verilməsi barədə məktub göndərib. Ancaq iş orasındadır ki, bu da poçtun fəaliyyətində dəyişiklik etməyib:

“Poçtun direktoru yenə vətəndaşlara gələn məktubları onlara elə başqa vətəndaşların vasitəsilə çatdırır. “Azərpoçt”a şikayət etdiyim üçün isə poçtun müdiri mənə qonşuların vasitəsilə hədəli sözlər göndərir. Bu, o deməkdir ki, adam öz işindədir, toxunulmazdır, kiminsə himayəsindədir, kiməsə arxayındır”.

“Azərpoçt”dan bildirilib ki, vətəndaşın narazılığı varsa, növbəti dəfə müraciət etsin, poçt müdirinin fəaliyyəti yenə araşdırılsın və tədbir görülsün.



Hüquqşünas deyir ki…

Hüquqşünas Vaqif Alıyev deyir, Ağalıq kənd sakininin iddiaları sübuta yetirilsə, poçt müdirinə cinayət işi açıla bilər:

“Əvvəla, poçt müdirinin məhkəməyə belə bir məlumat göndərmək kimi səlahiyyəti yoxdur, o, qanunsuzluq edib. İkincisi, işin içində Qərardadın vaxtında vətəndaş tərəfindən imzalanıb qəbul edilməsi haqqında qəbz var, o qəbzdə tarix aydın görünür və bu zaman əlavə sübuta, sənədə ehtiyac qalmır. Burda saxtakarlıq olub və vətəndaş həmin poçt müdirinin hərəkətlərindən prokurorluq orqanlarına, hakimin saxtakarlığından isə Məhkəmə Hüquq Şurasına şikayət etməlidir”.

Poçt müdirinin saxta məlumatı əsasında ilyarım əvvəlki Qıərardadı ləğv edənsə Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Səyyad Qafari olub. Hakimlə bağlı Məhkəmə Hüquq Şurasına müraciət edilib.

Ana səhifəBölgəAğalıq kəndinin poçt xidmətindən şikayət var