ABŞ və Fransa Azərbaycanı Laçın dəhlizini açmağa çağırıb

Laçın dəhlizi. Mənbə: Karabakh Records

Ned Prays: “Dağlıq Qarabağın mülki əhalisini hədəf almaq yolverilməzdir”

ABŞ Dövlət Departamenti Laçın dəhlizinin bağlanmasının ciddi humanitar fəsadlara səbəb ola biləcəyini deyir.

“Turan” xəbər verir ki, bunu departamentin rəsmisi Ned Prays mətbuat üçün brifinqdə səsləndirib.

“Laçın dəhlizinin bağlanmasının ciddi humanitar fəsadları var. Biz Azərbaycan hökumətini dəhlizlə sərbəst hərəkəti bərpa etməyə çağırırıq. İrəliyə yol danışıqlardan keçir”, – deyə o əlavə edib.

Bundan öncə Prays “Twitter” hesabında yazıb ki, Laçın dəhlizinin bağlanması sülh prosesini ləngidir.

Ned Prays. Foto: Amerikanın səsi

“Biz enerji infrastrukturunda nasazlıqlar barədə məlumatları gördük. Enerji infrastrukturunda hər hansı nasazlıq, xüsusən də, qış aylarında humanitar böhrana səbəb ola bilər. Əgər bu qəsdən edilirsə, o zaman Dağlıq Qarabağın mülki əhalisini hədəf almaq yolverilməzdir”, – deyə Prays qeyd edib.

Fransa da dəhlizin açılmasını tələb edir…

“Fransa Ermənistan və Dağlıq Qarabağı birləşdirən giriş dəhlizində 24 saatdan artıq müddətdə nəqliyyatın hərəkətinə qoyulan maneələrdən təəssüflənir”.

Fransa Xarici İşlər Nazirliyinin bəyanatında belə deyilir.

Bildirilir ki, dəhlizin bağlanması yerli əhali üçün ciddi humanitar nəticələrə səbəb olacaq.

Azərbaycan-Fransa. Mənbə: MMES Studio/shutterstock

Fransa Dağlıq Qarabağda yaşayan əhalinin hüquqlarına riayət etməklə, onlara girişin və təchizatın qeyd-şərtsiz bərpa olunmasını tələb edir.

Bəyanatda qeyd olunur ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannaməyə uyğun olaraq, Azərbaycan Laçın dəhlizi ilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsiz hərəkətini təmin etmək öhdəliyi götürüb.

Azərbaycan humanitar fəlakətlə bağlı iddiaları rədd edir…

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Laçın yolunun bağlanmasının humanitar fəlakət yaradacağı iddiasını rədd edib.

O, bu açıqlamanı dekabrın 13-də Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelər üçün brifinqdə səsləndirib.

Fotolar: XİN

Hikmət Hacıyev aksiyaçıların mülki təyinatlı avtomobillərin hərəkətinə qarışmadıqlarını deyib.

Şuşa-Xankəndi yolu niyə bağlanıb?

Dekabrın 12-də səhər saatlarından Azərbaycan hakimiyyətinə bağlı bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb.

Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz etdiyini iddia edən aksiya iştirakçıları Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingentin onlara imkan vermədiyi bildirilir.

Aksiyaçılar ərazidə çadırlar quraraq Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovdan görüş tələb ediblər.

Şuşa. Mənbə: Azərtac

İştirakçılar aksiyanın sıralarının genişləndiyini deyiblər. Həmin əraziyə yaxın yerlərdə, məsələn, Horadiz qəsəbəsində (Füzuli rayonu) isə yerli hökumət nümayəndələrinin aksiyalara daha çox insanın qoşulması üçün səfərbər olunduğu bildirilir.

Dekabrın 13-də müxtəlif könüllü dəstələr və vətəndaş cəmiyyəti nümayəndələri də aksiyaya qoşulublar.

Aksiyaya qoşula bilməyən vətəndaş cəmiyyəti nümayəndələrinə isə sosial şəbəkə və mediada propoqanda aparmaları barədə tapşırıqların verildiyi də iddia olunur.

Ermənistan Azərbaycanı günahlandırır…

Ermənistan Parlamentinin sədr müavini Ruben Rubinyan “Facebook” hesabında yazıb ki, Azərbaycan tərəfi Laçın dəhlizini qanunsuz bağlamaqla üzərinə götürdüyü öhdəliyi açıq şəkildə pozub.

O hesab edir ki, Azərbaycanın Laçın dəhlizini bağlaması 10 noyabr bəyanatının 6-cı bəndinə ziddir.

Ana səhifəSiyasətABŞ və Fransa Azərbaycanı Laçın dəhlizini açmağa çağırıb