Hikmət Hacıyev Laçın yolunun bağlanmasının humanitar fəlakət yaradacağı iddiasını rədd edir

Fotolar: XİN

Prezidentin köməkçisi aksiyaçıların mülki təyinatlı avtomobillərin hərəkətinə qarışmadıqlarını deyir

“Azərbaycanın ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan qanunvericiliyi əsasında həyata keçirilməlidir. Kriminal iş adamı olan Ruben Vardanyanın Azərbaycanın təbii sərvətlərini talan etməsinə və ətraf mühitə ciddi ziyan vurmasına imkan verilməyəcək”.

Bu açıqlamanı dekabrın 13-də Xarici İşlər Nazirliyində Prezidentin köməkçisi Hikmət Hacıyev Azərbaycanda akkreditə olmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelər üçün brifinqdə səsləndirib.

Hikmət Hacıyev deyib ki, bütün faydalı qazıntı yataqları, o cümlədən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış keçirilməlidir. O, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə işçi qrupun yaradıldığını əlavə edib.

H.Hacıyev sülhməramlı kontingentin komandanlığı ilə danışıqların aparıldığını vurğulayıb:

“Əldə olunmuş razılığa uyğun olaraq, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu bu iki əraziyə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, bu səfərə maneçilik törədilib”.

Prezidentin köməkçisi son iki gündə Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyasına hörmətlə yanaşılmasını istəyib.

O, Ermənistan tərəfinin Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları rədd edib:

“Əksinə, Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısının alınması vacibdir”.

“Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiyanın sülhməramlı kontingenti tərəfindən bağlanıb. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışır, onlar mülki təyinatlı digər nəqliyyat vasitələrinin hərəkətinə qarışmırlar “,- Hacıyev belə deyib.

Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanın sədrliyi ilə Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Laçın dəhlizindəki vəziyyət müzakirə olunub.

Ancaq Ermənistan mediası iclas barədə əhatəli məlumat yaymayıb.

Rusiya Müdafiə Nazirliyi sülhməramlı kontingentin komandanlığının Xankəndi (Stepanakert)-Gorus yolu ilə mülki avtomobillərin maneəsiz hərəkətini bərpa etmək üçün Azərbaycan nümayəndələri ilə danışıqlar apardığını bildirir.

Rəsmi Bakı danışıqlar barədə hər hansı məlumat yaymayıb.

Ermənistan mediası Azərbaycanın qaz nəqlini dayandırdığını da qeyd edib.

Dekabrın 12-də səhər saatlarından Azərbaycan hakimiyyətinə bağlı bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb.

Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib.

Aksiyaçılar ərazidə çadırlar quraraq Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovdan görüş tələb ediblər.

Aksiyanın sıraları genişlənir. Dekabrın 13-də müxtəlif könüllü dəstələr və vətəndaş cəmiyyəti nümayəndələri də aksiyaya qoşulublar.

Ana səhifəSiyasətHikmət Hacıyev Laçın yolunun bağlanmasının humanitar fəlakət yaradacağı iddiasını rədd edir