ABŞ səfirliyinin məlumatına görə, terror təhlükəsi paytaxtın üç iri ticarət mərkəzində gözlənilir
ABŞ-nin Gürcüstandakı səfirliyi Tbilisidə üç ticarət mərkəzində mümkün partlayışlar barədə məlumat yayıb.
“Nəzərinizə çatdıraq ki, ABŞ səfirliyi Tbilisidəki üç ticarət mərkəzində partlayış təhlükəsi olduğunu öyrənib. Səfirliyin Tbilisidəki Regional Təhlükəsizlik İdarəsi səfirliyin bütün əməkdaşlarına növbəti məlumata qədər bu yerlərdən uzaq durmağı tövsiyə edir”, – səfirlik saytında yerləşdirdiyi xəbərdə bildirib.
Xəbərdə həmçinin partlayış təhlükəsi olan üç ticarət mərkəzinin adları və ünvanları göstərilib: Aleksandr Tvalçerilidze küçəsindəki “East Point”, Şota Rustaveli prospektindəki “Galleria Tbilisi “və David Ağmaşenebeli prospektindəki “Tbilisi Shopping Area” ticarət mərkəzləri.
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti ABŞ səfirliyinin xəbərdarlığına mayın 7-də axşam saatlarında cavab verib və bildirib ki, agentlik nümayəndələri “daha bir yalan məlumat üzərində işləyirlər”.
Qurumdan verilən məlumata görə, DTX əməkdaşları vətəndaşların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri və təxirəsalınmaz tədbirləri həyata keçirirlər.
“Gürcüstanda akkreditasiya olunmuş diplomatik nümayəndəlikləri təhlükəsizliyə cavabdeh olan xidmətlərin fəaliyyətinə hörmətlə yanaşmağa, daha böyük məsuliyyət nümayiş etdirməyə və müvafiq qurumlarla razılaşdırılmamış bəyanatları yaymaqdan çəkinməyə çağırırıq”, – qurumun məlumatında deyilir.
Mayın 6-da amerikalı konqresmenlər Gürcüstan rəhbərliyinə qarşı demokratiyadan imtina və Çin, İran və Rusiya ilə yaxınlaşmağa görə genişmiqyaslı sanksiyaların tətbiqini təklif edən MEGOBARI Aktına səs çoxluğu ilə səs veriblər. Ölkənin hakim “Gürcü Arzusu” partiyası ABŞ qanunvericiləri tərəfindən 2024-cü ilin sonunda Gürcüstanda demokratiyanın tənəzzülünə cavab olaraq irəli sürdüyü bu aktı kəskin tənqid edib.