Polad Aslanova ailəsi ilə görüşə və telefon zənglərinə icazə verilmir

Foto: Polad Aslanovun şəxsi arxivindən

Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Polad Aslanova ailəsi ilə görüşə və telefon zənglərinə icazə verilmir.

Bu barədə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova Meydan TV-yə məlumat verib. 

O bildirib ki, Polad Aslanov aprelin 15-i saxlanıldığı 15 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsindən Bakı İstintaq Təcridxanasına (BİT) köçürülüb. BİT rəisi Elnur İsmayılov görüş verəcəyini desə də, sonradan ləğv edib. 

“15 aprel 2026-cı il tarixində səhər saatlarında Poladı saxlanıldığı 15 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsindən 1 saylı Bakı İstintaq Təcridxanasına etap eləyiblər. Çünki onun 17 aprel Səbail Rayon Məhkəməsində işgəncə ilə bağlı şikayəti əsasında məhkəməsi olacaqdı.  Və bazar günü biz onun görüşünə getmişdik, görüşə də buraxmadılar. Halbuki özünə demişdilər, rəis Elnur İsmayılov demişdi ki, gəlsinlər görüş veriləcək, amma biz getdik, sovqatını, yeməklərini götürdülər, bizə görüş vermədilər”, – deyə Gülmirə Aslanova bildirib.

Aslanova deyir ki, bundan başqa məhkumların haqqı olan telefon zənglərinə də məhdudiyyətlər qoyulub.

“Məhbusların həftədə 2 dəfə 15 dəqiqə zəng haqqı var. Amma bizə bunda da məhdudiyyətlər qoyulmuşdu. Mənim dəfələrlə Penitensiar Xidmətə, Ombudsman Aparatına müraciətlərimdən, özünün də içəridə tələblərindən sonra bir dəfə dörd dəqiqə və bir dəfə də beş dəqiqə zəng üçün icazə veriblər”, – deyə o bildirib.

Gülmirə Aslanova Ombudsmana, Penitensiar Xidmətə şikayət etdiyini də qeyd edib. Onun sözlərinə görə Ombudsman Aparatından bildirilib ki, şikayətə 15 gün ərzində cavab veriləcək. Aslanova bu müddət ərzində həyat yoldaşının yenidən cəzaçəkmə müəssisəsinə göndəriləcəyini və qurumların operativ cavab verməsini istədiyini bildirib. 

Polad Aslanov 2019-cu il iyunun 12-də həbs olunub.

13 il azadlıqdan məhrum edilən jurnalist Cinayət Məcəlləsinin 274-cü maddəsilə – dövlətə xəyanətdə təqsirli bilinib.

O,  ittihamları qəbul etmir və özünü təqsirli bilmir. Polad  Aslanov tənqidçi jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.

Ana səhifəSiyasətPolad Aslanova ailəsi ilə görüşə və telefon zənglərinə icazə verilmir