ABŞ Rusiya sülhməramlılarının Cənubi Qafqazda sülhə töhfə vermədiyini deyir

Rusiya sülhməramlıları, Emil Aliyarli/shutterstock

Patel: “2023-cü ilin payızında Qarabağda baş verənlər Rusiyanın etibarlı tərəfdaş olmadığının bariz nümunəsidir”

ABŞ Rusiya sülhməramlılarının Cənubi Qafqazda sülh və sabitliyə töhfə vermədiyini deyir.

Bu barədə aprelin 18-də ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel keçirdiyi brifinqdə danışıb.

Patelin sözlərinə görə, 2023-cü ilin payızında Qarabağda baş verənlər Rusiyanın etibarlı müttəfiq və ya tərəfdaş olmadığının bariz nümunəsidir.

O bildirib ki, Vaşinqton davamlı və ləyaqətli sülh əldə etmək üçün Ermənistan və Azərbaycanın səylərini qətiyyətlə dəstəkləyir.

Vedant Patel. Foto: “Turan”

Biz bu prosesi sona qədər dəstəkləməyə hazırıq”, – deyə o vurğulayıb.

Aprelin 16-dan Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına başlanılıb.

Aprelin 17-də isə Vladimir Putinin mətbuat katibi Dmitri Peskov sülhməramlıların Qarabağdan çıxarılmasını təsdiqləyib.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də deyib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanılıb, Azərbaycan və Rusiya müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”, – deyə Hacıyev qeyd edib.

10 noyabr 2020-ci il bəyanatına əsasən, Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanda qalma müddəti 2025-ci ildə yekunlaşır.

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.

2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasətABŞ Rusiya sülhməramlılarının Cənubi Qafqazda sülhə töhfə vermədiyini deyir