JAMnews-un materialı
TRIPP+ fondunun rəhbəri Konstantin Sokolov Ermənistandadır. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında bildirilib. Məlumatda Sokolov Transxəzər Müəssisələr Fondunun prezidenti kimi təqdim edilir. Qeyd olunur ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ Prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi elçisinin baş müşaviri Arye Laytstounu qəbul edib. Görüşdə Konstantin Sokolov da iştirak edib:
“TRIPP proqramının həyata keçirilməsi istiqamətində görülən işlər müzakirə olunub. Tərəflər proqramın yerlərdə mümkün qədər qısa müddətdə həyata keçirilməsində qarşılıqlı maraqlı olduqlarını vurğulayıblar”.
Bir gün əvvəl ABŞ hakimiyyətinin TRIPP+ üçün maliyyələşdirmənin həcmini iki dəfə artırdığı barədə də məlumat yayılıb. İlkin olaraq maliyyələşdirmə 201 milyon dollar təşkil edirdisə, indi bu məbləğ 402 milyon dollara çatdırılıb.
TRIPP+ ayrıca investisiya fondu kimi yaradılıb. Onun əsas funksiyası “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin maliyyələşdirilməsidir. Söhbət Azərbaycanı Ermənistan ərazisindən keçməklə onun eksklavı Naxçıvanla birləşdirəcək yoldan gedir. Ermənistan hökuməti bu yolu regiondakı bütün kommunikasiyaların açılmasını nəzərdə tutan “Sülh kəsişməsi” təşəbbüsünün bir hissəsi kimi qiymətləndirir.
ABŞ Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, TRIPP+ fonduna özəl sektorun strateji inkişafı üçün kreditlər vermək, səhmdar kapitalına investisiya yatırmaq və qrantlar ayırmaq səlahiyyəti verilib. ABŞ-nin Delaver ştatında qeydiyyatdan keçmiş şirkətlərin rəsmi bazasında fond Trans-Caspian Enterprise Fund adı ilə də təqdim olunur.
52 yaşlı maliyyəçi və investor Konstantin Sokolov Dynamic Frontier Holdings şirkətinə də rəhbərlik edir. Bu şirkət Ermənistandakı Tequt mis-molibden mədəninin yeni sahibidir. Sokolov 2024-cü ildən Ermənistanın mobil rabitə operatoru Viva Armenia-nın səhmlərinin 20 faizinə də sahibdir.
Konstantin Sokolov Rusiyada anadan olub və 21 yaşında Rusiyadan ABŞ-yə köçüb. O, telekommunikasiya, energetika və maliyyə xidmətləri sahələrinə yatırdığı investisiyalarla tanınır. Sokolov Çikaqoda yerləşən IJS Investments investisiya şirkətinin və Sürixdə maliyyə xidmətləri, energetika və daşınmaz əmlak sahələrində ixtisaslaşan Gotthard Investment AG şirkətinin sahibidir. O, həmçinin ekoloji təmiz energetika və Afrikanı Avropa ilə birləşdirən fiber-optik kabel rabitəsi sahəsində fəaliyyət göstərən Northern Pillar Energy konsorsiumunda iştirak edir.
XİN-də müzakirələrin detalları
XİN-in məlumatına görə, görüşdə regional bağlantıların inkişaf etdirilməsi və mövcud rəqabət üstünlüklərindən istifadə ilə bağlı məsələlər ətraflı müzakirə olunub:
“Ermənistanın beynəlxalq nəqliyyat və infrastruktur sisteminə ən səmərəli şəkildə inteqrasiyası perspektivləri ətrafında fikir mübadiləsi aparılıb”.
Görüş iştirakçıları həmçinin ticarət-iqtisadi əməkdaşlıq, Ermənistanın iqtisadi və enerji dayanıqlığının gücləndirilməsi sahələrində qarşılıqlı fəaliyyət imkanlarını müzakirə ediblər.
“Həmsöhbətlər son dövrlərdə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşməsini və əldə olunmuş razılaşmaları, Ermənistan-ABŞ hərtərəfli strateji tərəfdaşlığının inkişafında nəzərəçarpacaq nailiyyətləri məmnunluqla qeyd ediblər. Bu nailiyyətlər, o cümlədən bir il əvvəl, avqustun 8-də Vaşinqtonda imzalanmış üç memorandumun icrasının nəticəsidir. Bir sıra təşəbbüslər arasında süni intellekt sahəsində sürətlə inkişaf edən əməkdaşlıq və Firebird AI şirkətinin meqalayihəsinin birinci mərhələsi çərçivəsində inşa olunan məlumatların emalı mərkəzinin (Sİ fabrikinin) istifadəyə verilməsi xüsusi qeyd olunub”, – XİN-in məlumatında deyilir.
Bundan əlavə, tərəflər regionun inkişaf potensialından maksimum istifadə edilməsi baxımından Ermənistan və Azərbaycan arasında sülh prosesinə də toxunublar.
TRIPP+ fondunun vəsaitlərinin Ermənistanda layihələrin həyata keçirilməsinə yönəldilməsi planlaşdırılır
ABŞ-nin dövlət xərcləri üzrə rəsmi məlumat bazasına (USAspending.gov) əsasən, Dövlət Departamenti TRIPP+ fondunun maliyyələşdirilməsini iki dəfə artırıb. Maliyyələşdirmənin əsas istiqaməti və ərazisi kimi Ermənistan göstərilir. Bu, vəsaitin Ermənistan ərazisindən keçəcək “Tramp Marşrutu” layihəsinin həyata keçirilməsi üçün ayrılması ilə bağlıdır.
Bununla yanaşı, burada layihənin “Cənubi Qafqazı Transxəzər nəqliyyat dəhlizi ilə birləşdirmək üçün Ermənistanın cənubundan keçən nəqliyyat marşrutunun” yaradılmasını nəzərdə tutduğu qeyd edilir.
201 milyon dollar məbləğində ilk tranşın icrası üçün son tarix 31 dekabr 2036-cı il göstərilmişdi. İyulun 16-da ABŞ Dövlət Departamenti maliyyələşdirməni iki dəfə artırıb, lakin icra müddəti dəyişməyib:
“ABŞ-nin maliyyələşdirməni artırması Vaşinqtonun Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin inkişafında iştirakını genişləndirməyə, həmçinin regionu Transxəzər dəhlizi ilə birləşdirən layihələri təşviq etməyə çalışdığı bir vaxta təsadüf edir”.
TRIPP-in həyata keçirilməsinin təkcə regional ticarət və logistikaya deyil, həm də Cənubi Qafqazdakı strateji vəziyyətə təsir göstərəcəyi gözlənilir.
Kontekst: TRIPP və TRIPP+ arasında əlaqə
Ermənistan, ABŞ və Azərbaycan liderləri 8 avqust 2025-ci ildə keçirilən Vaşinqton sammiti zamanı “Tramp Marşrutu”nun yaradılmasını nəzərdə tutan birgə bəyannamə imzalayıblar.
Daha sonra, 26 may 2026-cı ildə Yerevanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio “Tramp Marşrutu” layihəsi üzrə strateji əməkdaşlığa dair çərçivə sazişini paraflayıblar. Saziş bir neçə gün sonra məsafədən yekun şəkildə imzalanıb.
Ermənistanda çərçivə sazişinin ratifikasiyası prosesi artıq başlayıb. Hökumət layihəni iyulun 16-da təsdiqləyib. İndi sənədin Ermənistan Konstitusiyasına uyğunluğunu Konstitusiya Məhkəməsi yoxlamalıdır. Lakin proses bununla yekunlaşmır. Tərəflər daha iki sənədi razılaşdırmalıdırlar:
- səhmdarlar arasında saziş,
- Ermənistan-ABŞ birgə şirkətinin (TRIPP Development Company) nizamnaməsi.
Layihənin həyata keçirilməsinin ilk mərhələsində şirkətin səhmlərinin 74%-i ABŞ-yə, 26%-i isə Ermənistana məxsus olacaq. 49 il başa çatdıqdan sonra əməkdaşlıq daha 50 il müddətinə uzadılarsa, Ermənistanın payı 49% təşkil edəcək.
İnfrastruktur layihəsinin hazırlanması və həyata keçirilməsi ilə TRIPP Development Company məşğul olacaq. Xarici işlər naziri Ararat Mirzoyanın bildirdiyinə görə, TRIPP+ Ermənistanda yaradılacaq TRIPP Development Company ilə dolayı əlaqəyə malik olacaq. ABŞ-nin TRIPP+ şirkəti TRIPP Development Company-USA çərçivəsində yaradılıb və proqramın həyata keçirilməsi üçün investisiyaların cəlb edilməsi ona həvalə olunacaq.