50 ilə qazanılan bazarı 50 həftəyə itirmək

Avropa İttifaqı-Rusiya. Foto: Lightboxx/shutterstock

Rusiyanın Avropa bazarlarına əvəzedici tapması mümkün görünmür

Avropaya neft və qaz idxalına məhdudiyyət Rusiyanı da dalana dirəyəcək.

“Bloomberg” bunun səbəblərindən yazıb.
Bildirilir ki, Rusiya Avropada enerji bazarının qurulmasına təxminən 50 il xərcləyib, lakin Vladimir Putin əziyyətlə qazanılan bazarı 50 həftədən az müddətdə məhv etməyi bacarıb.

Sayt qeyd edir ki, Rusiya üçün Avropa bazarlarına əvəzedici tapmaq mümkün olmaya bilər.

Məsələn, ölkə xam neft üçün Hindistan kimi alternativ bazar tapsa da, emal olunmuş məhsulların və bəlkə də daha da çox olan qazın satışlarını dəyişmək illər çəkəcək və böyük xərc aparacaq.

Təbii dünyanın qalıq yanacaqdan üz çevirdiyi ərəfədə neft və qaz üçün böyük bazarlar tapmaq çətinləşəcək.

Rusiya 2021-ci ildə ümumi neft ixracından yarım trilyon (500 milyard) dollar gəlir götürüb. Bu vəsaitin 110 milyard dollarlıq hissəsi xam neft, 70 milyard dollarlıq hissəsi isə neft məhsulları ixracından əldə edilib.

Bazarların itirilməsi ölkə gəlirlərinin yarısının əldən çıxması deməkdir.

2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Avropa ölkələrinin, eləcə də ABŞ və Kanadanın bu ölkəyə sərt sanksiyalar qoymasına gətirib çıxardı. Rusiyaya maliyyə sanksiyaları qoyuldu, həmçinin bir sıra ölkələrin banklarındakı aktivləri donduruldu. Sanksiyalar Rusiyanın vəzifəli şəxsləri, milyarderlərindən də yan keçmədi.

Bundan sonra Rusiya da Avropa ölkələrinə cavab verməyə başladı. Bu ölkələrə enerji satışını müxtəlif bəhanələrlə tamam azaltdı.

Bu dövr ərzində Avropa İttifaqı ölkələri Rusiyadan neft idxalını azaltmağın yollarını axtarır.

Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin araşdırmasına görə, müharibədən əvvəl Rusiyanın  gündəlik 4,7 milyon barel xam neft ixracının təxminən yarısı Avropa İttifaqı ölkələrinə gedirmiş. İxracın kəsilməsi Moskva üçün böyük maliyyə itkisidir.

“Bloomberg” yazır ki, bəli, Rusiya üçün gündə təxminən 2,5 milyon barel xam neft, daha 1 milyon barel emal olunmuş məhsul və ildə 155 milyard kubmetr təbii qaz qəbul edən Avropa bazarı tamamilə yox olmuş vəziyyətdədir.

Rusiya nefti. Foto: Fly Of Swallow Studio/shutterstock

2017-ci ildə təxmin edilirdi ki, Rusiyanın Yamal yarımadasındakı qaz ehtiyatlarının işlənməsinə artıq 100 milyard dollar sərmayə qoyulub.

Onların böyük hissəsi boru kəmərləri, o cümlədən Baltik dənizinin altından Rusiyanı Almaniya ilə birləşdirən boru kəmərləri vasitəsilə Avropaya bağlanıb.

Bu rəqəmin 2025-ci ilə qədər iki dəfə artacağı gözlənilirdi. Həmin investisiyanın çox hissəsi indi lazımsız görünür.

Analitiklər hesab edirlər ki, müharibə bitdikdən sonra Rusiya Avropa ilə bir növ enerji münasibətlərini xilas edə bilsə də, Aİ ölkələri bir də Rusiya qazından asılı olmaq səhvini buraxmayacaq.

Güman edilir ki, həmin vaxt Aİ ölkələrinin Rusiya qazına ehtiyacı olmaya da bilər. Çünki Avropa hökumətləri enerji səmərəliliyi məsələlərinə ciddi yanaşır.

Onlar bərpa olunan enerji mənbələrinə sərmayə qoymağa və elektrik enerjisinin pərakəndə satış qiymətlərinin formalaşdırılması üsulunu dəyişdirmək üçün ilk addımları atıblar.

Analitiklər hesab edirlər ki, Putinin Ukraynadakı müharibəsi Rusiyanın Avropa enerji bazarına baha başa gəlib.

Həmin bazarı tezliklə başqaları ilə əvəz etmək, yeni bazarlar tapmaq asan olmayacaq.

Moskva ilə Avropanın nə qədər yaxınlaşmasından asılı olmayaraq, gələcək nəsil ruslar üçün bu müharibənin bədəli ağır olacaq.

Ana səhifəİqtisadiyyat50 ilə qazanılan bazarı 50 həftəyə itirmək