”20 ildir arxın qarşısını kəsib, həyətlərimizi susuz qoyub”

İmişlinin Xəlfəli kənd sakininin arpası yalnız yağış yağanda “su içir”

Source:
45123
İmişlidə sözü gedən arx


İmişlinin Xəlfəli kənd sakininin arpası yalnız yağış yağanda “su içir”


“Biri insanların həyətinə gedən su arxının qarşısını kəsir, deyir, mən beləyəm, get hara istəyirsən, şikayət elə… Sən də gedib arxayın olduğun dövlətə şikayət eləyirsən. Dövlət məmuru da çağırır, deyir, şikayət eləmisən, indi də adamın tərsliyi tutub, get şirin dilə tut, arxın qabağını açsın, suyu buraxsın. Bu, rəsmən özbaşınalıqdır”.

İmişlinin Xəlfəli kənd sakini Oqtay İsayev Meydan TV-yə danışır ki, 20 ildir başqa kənd sakini Fəyyar Qafarov onun və digər iki qonşusunun həyətyanı sahəsinə gələn su arxının qarşısını kəsib. Bu üzdən də kəndlilər həyətyanı sahələrində suvarma işləri aparmaqdan məhrumdular. Nəticədə əkinçiliklə məşğul ola bilmirlər.

Üç ailənin hektarlarla həyətyanı sahəsi susuz qalıb

“Hərəmizin azı 1 hektar həyətyanı sahəmiz var. 20 ildir ki, torpaq bizə baxır, biz torpağa… Bizdən yuxarıda yaşayan Fəyyar Qafarov suyun qarşısını alıb. O arxla Sovet vaxtı qarğıdalılıqlar suvarılırdı, cins mal-heyvan ferması vardı, ora su gedirdi. Kənddə hamının həyətindən arx keçir, heç kimin ixtiyarı yoxdur ki, o arxların qarşısını kəssin. Həyətindən keçən arxın qarşısını kəsmək başqa sakinin həyətini susuz qoymaq deməkdir. Ancaq iş orasındadır ki, bizə gələn arx heç Fəyyarın həyətindən də keçmir. Həyətinin yaxınlığından keçir. Qarşısını kəsib ki, guya onun əkin sahəsinə zərər vurur. Halbuki, o arxın o adamın sahəsinə aidiyyəti yoxdur. Bir qonşusuyla əlbir olub, arxın bizə tərəf davam edən hissəsini bağlayıblar, yerini şor kollektor kimi düzəldib, üstündə də iydə ağacları əkiblər, bununla da arxın izini itirməyə çalışıblar. Biz o vaxt buna qarşı çıxdıq, gördük, sözdən anlamırlar, icra hakimiyyətinə, ora-bura şikayət etdik, o da tərsliyinə saldı. Dedi, bir halda ki, məndən şikayət eləmisiz, nə arx görəcəksiz, nə su… Bu vəziyyət 20 ildir ki, davam edir. 20 ildir heç bir məmur bu adama gözün üstə qaşın var, demir”.

Arpanın suvarılması yağışın ümidinə qalıb

Oqtay İsayev deyir, illərdir ki, həyətyanı sahəsində suvarma işi apara bilmədiyi üçün əkinlə məşğul ola bilmir. Bu il növbəti dəfə arpa əkib, təsadüfdür ki, bu dəfə yağıntı çox olduğundan sahə yağış sularıyla suvarılıb:

“Şor kollektordan “motor”la su cəkdim, arpa əkdim, sahənin yarısını suvardım, gah kollektorda su tükəndi, gah motor xarab oldu. Yaxşı ki, yağışlar başladı, bundan sonrası necə olacaq, bilmirəm. Əkinin başını buraxıb ailəmi götürüb fermaya gəlmişəm. Ailəlikcə fermada işləyirik. 9-cu sinifdə oxuyan oğlumu da məktəbdən ayırıb özümüzlə gətirmişəm ki, kömək eləsin. Mənim suyumu kəsməsəydilər, 1 hektar sahəmdə əkinimlə məşğul olub ailəmi dolandırardım, ailəmi götürüb qışın günü çölün düzündə çobanlıq eləməzdim, uşağım da məktəbdən yayınmazdı. O adamın arxın qarşısını kəsməyi illərdir ki, həyatımıza belə zərər vurur”.

“Bu hörmətsizlik, saymazlıq nə mənə, nə də Xəlfəli kəndinədir. Bu sayğısızlıq birbaşa prezidentədir. O, fərmanlarını, sərəncamlarını, tapşırıqlarını verir, məmurlarsa qulaqardına vurur. Sakinlər bir adamın ərköyünlüyü üzündən hektarla sahələrini suvara bilmir, məhsul götürə bilmir. Bu ərköyünlüyə şərait yaradansa məmurlardır. Necə yəni, get, qılığına gir, yola gətir? Bu adam üç həyəti susuz qoyub, o, cəzalandırılmalıdır. Mən onu niyə dilə tutmalıyam ki? İcra hakimiyyəti zəhmət çəkib problemi həll eləsin. Aralarında yaxın münasibətləri var, bu münasibətlərə söykənib başqa vətəndaşları incidirlər”.

Tərəflər barışığa gəlmir

Fəyyar Qafarov əvvəllər məktəb direktoru, daha sonra kənd icra nümayəndəsi işləyib. Hazırda təqaüddədir. Meydan TV müxbiri onunla əlaqə yarada bilməsə də, məsələyə yerli icra hakimiyyətinin münasibətini öyrənə bilib. İmişli Rayon İcra Hakimiyyətindən bildirilib ki, Fəyyar Qafarovla Oqtay İsayev yaxın qohumdular, münaqişələri də şəxsidir: “O vaxt Fəyyar Qafarov Oqtay İsayevi təhqirə görə məhkəməyə verib. Məhkəmə də Oqtay İsayevin ondan üzr istəməsi üçün qətnamə çıxarıb. Üstündən 19 il keçib, Oqtay İsayev hələ də üzr istəməyib, Fəyyar Qafarovla aralarındakı mübahisənin indiyədək həllini tapmamasının səbəbi də budur. Tərəflər dəfələrlə icra hakimiyyətinə dəvət olunub, danışıqlar aparılıb, ancaq nəticəsi olmayıb. Su arxının Fəyyar Qafarovun ərazisinə aidiyyəti olduğu üçün Oqtay İsayev bu məsələni məhkəmə yolu ilə həll etməlidir”.

Oqtay İsayevsə deyir, su arxı mübahisəsi tərəflər arasında hələ həmin məhkəmədən başlayıb: “Biz getdik ki, arxın qarşısını qazaq, su həmişəki kimi, həyətlərimizə axsın, Fəyyarın adamları tutub bizi döydülər. Sonra da qaçıb məndən əvvəl məhkəməyə şikayət verdi ki, guya yoldaşını təhqir etmişəm. Baxmayaraq ki, məhkəmədə də şikayətin böhtan olduğu üzə çıxdı, bununla belə, Fəyyar o vaxt vəzifədə olduğu üçün məhkəmə sifarişlə onun şikayətini təmin etdi, mənim onlardan üzr istəməyimə dair qətnamə çıxartdı. Mən də günahsız olduğum üçün üzr istəmədim”.

Hüquqşünas: “Mübahisənin həlli məhkəmədədir”

Hüquqşünas Vaqif Alıyev deyir, su arxları şəxsi mülkiyyətə aid deyil. Həyətyanı sahələrdən keçən su arxlarının qarşısını kəsmək qanunla qadağandır. Əgər bu arxlar mülkiyyət sahibinin təsərrüfatına, yaxud mülkünə zərər vurursa, mülkiyyətçi yerli suvarma qurumlarına müraciət etməlidir. Yalnız mütəxəssis rəyi, aktlaşdırılma və digər prosedurlardan sonra arxın istiqaməti dəyişdirilə bilər. Texniki imkanlar arxın istiqamətinin dəyişdirilməsinə yol verməzsə, o zaman, su arxının mülkiyyətçinin əmlakına və təsərrüfatına zərər vurmaması üçün bəndləşdirilməsi mümkündür. Oqtay İsayev yerli suvarma idarəsinə rəsmi müraciət etməli, aldığı rəsmi cavabdan asılı olaraq hüquqi addımlarını atmalı, məhkəmədə iddia qaldırmalıdır. O, suyun qarşısının kəsilməsi nəticəsində suvara bilmədiyi və məhsul götürməkdən məhrum olduğu sahədən məhsul götürə bilməməsinə görə də iddia qaldıra bilər. Məhkəmə əldən çıxmış mənfəətin hesablanması və cavabadeh tərəfindən zərərçəkmişə ödənilməsi ilə bağlı iddiaya baxa bilər.

Ana səhifəBölgə”20 ildir arxın qarşısını kəsib, həyətlərimizi susuz qoyub”