18 il sonra üstü açılmış qətl: nənə və nəvəsinə 82 bıçaq zərbəsi vurulub

Foto: Meydan TV

Qətldə təqsirli bilinənlərdən biri vəfat edib

16 il Cəlilabad rayonunda icra başçısının müavini işləmiş Asif Əzizovun 15 yaşlı qızı Aygün Əzizovanı ana nənəsi ilə birlikdə qətlə yetirməkdə ittiham olunan iki nəfər məhkəmə qarşısına çıxarılıb. Əslində, bu cinayət işi üzrə təqsirləndirilən şəxslərin sayı üç nəfərdir. Onlardan biri hadisədən ötən 18 il ərzində vəfat edib.

1947-ci il təvəllüdlü Rəhilə Cəlilova və 1989-cu il təvəllüdlü nəvəsini qətlə yetirməkdə ittiham olunan Fərid Məmmədli və Anar Ağalarovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyilə baxılır.

Məhkəmədə zərərçəkmişin hüquqi varisi statusunda iştirak edən Asif Əzizov bildirib ki, təqsirləndirilən şəxslərə ömürlük cəza verilməsini istəyir. Bu məqsədlə özü və yaxınları müxtəlif dövlət orqanlarına ərizələr yazıblar.

Təqsirləndirilən iki nəfər Anar Ağalarov və Fərid Məmmədli xalaoğludur. Vəfat edən daha bir nəfər – Teymur Məmmədov isə Fəridin qardaşıdır.

Hadisə 2004-cü ildə Bakıda – Yasamal rayonu ərazisində baş verib.

Məhkəmədə ifadə verən Anar Ağalarov özünü ona verilən ittiham üzrə qismən təqsirli bilib. O bildirib ki, hadisə ittiham aktında yazıldığı formada baş verməyib.

Onun sözlərinə görə, mərhum xalası oğlu Teymurla birlikdə Rəhilə Cəlilovanın evindən oğurluq eləmək qərarına gəliblər. Həmin vaxt Anar Ağalarovun 19 yaşı olub, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ikinci kursunda təhsil alırmış.

“Teymur dəfələrlə Rəhilə Cəlilovanın evində olmuşdu. Nənəmiz Rəhiləni tanıyırdı. Lazım olanda ondan pul alırdı. Sonra düzəldib qaytarırdı. Lazım olanda Teymuru göndərirdi pul üçün. Teymur da gedib gətirib verirdi. Bu səbəbdən Teymur Rəhilə Cəlilovanın evində pul olduğunu dəqiq bilirdi”, – Anar Ağalarov bildirib.

Onun sözlərinə görə, xalası oğlu ona qapıda dayanmağı, gəlib-gedənə nəzarət etməyi məsləhət görüb. Özü isə evə daxil olub oğurluq edəcəkdi:

“Mən qapıda dayandım, Teymur yoxlamaq üçün qapını döydü ki, görək evdə kimsə var, yoxsa yox. İçəridən səs gəldi, Teymur kim olduğunu dedi, ondan sonra qadın qapını açdı. Mən qapıda dayandım, Teymur içəri girdi. Ondan sonra məlum hadisəni törətdi…”

Anar Ağalarovun sözlərinə görə, qadını da, səsə çıxan uşağı da Teymur Məmmədov bıçaqla vurub:

“Mən özümü həmin evə getməyimə görə təqsirli bilirəm. Biz əvvəlcədən qətl yox, oğurluq planlaşdırmışdıq. Evdə heç kim olmasaydı, oğurluq eləyəcəkdik. Buna görə də qapını döydük. Ev sahibi qarşımıza çıxdı. Mənə məlum deyil ki, Teymur niyə qətl hadisəsini törətdi. Teymurda bıçaq olduğunu bilirdim. Çünki o, həmişə üstündə bıçaq gəzdirirdi. Amma məndə bıçaq olmayıb. Biz evdə uşağın olduğunu bilməmişik. O qız uşağını da Teymur bıçaqla vurdu…”

Anar Ağalarov onu da bildirib ki, hazırda onunla birlikdə mühakimə olunan xalası oğlu Fərid Məmmədli ümumiyyətlə, hadisə yerində olmayıb:

“Fərid bizim yanımızda olmayıb. Teymurla Fərid qardaş olduğu üçün onlarınm qan qrupları da eynidir. Qan qrupuna görə Fəridi də tutublar”.

O əlavə edib ki, hadisə vaxtı qətlin qarşısını almaq imkanı olmayıb. Onun sözlərinə görə, Teymur Məmmədov həmin vaxt davranış baxımından tanınmaz olmuşdu: “Elə vəziyyətdə idi ki, qarşısına keçsəydim, bəlkə məni də öldürə bilərdi. Teymuru tanımaq olmurdu. Onları bıçaqla vurduqca, mənim də üstümə qışqırırdı. Rəhiləni dəhlizdə vurdu. Uşaq səs-küyə gəldi…”

Qətli törədəndən sonra evdə qızıl və pul axtarıblar:

“Mən qapının yanında dayanmışdım. Üstümə qışqırdı ki, “sən də axtar”. Evdən 600 dollar tapdıq. O pulun 300 dollarını mənə verdi, qalanını özündə saxladı…”

Zərərçəkmiş Asif Əzizov deyib ki, qızına 40, qayınanasına isə 42 bıçaq zərbəsi vurulub. Onun fikrincə, bunları tək adamın eləməsi mümkün deyildi.

“Bu qədər zərbə vurmasının səbəbini bilmədim. Teymur özündə deyildi. Dayanmadan vururdu. Sanki narkotikin təsiri altında idi…”, – Anar Ağalarov bildirib.

Asif Əzizov onun yalan danışdığını, hadisəni üçünün birlikdə törətdiklərini iddia edib:

“Bu qətldə özləri ilə yanaşı, nənələrinin, atalarının da əli var. Mütəşəkkil dəstə şəklində bu qətli törədiblər. Anar Ağalarovun atası polis işçisi olub. 18 il bu qətli gizlədib, üstünün açılmasına imkan verməyib. Atası da, nənəsi də qətli bilib. İndi türmədə bir-birlərinə xəbər ötürürlər, Teymur ölüb, onun üstünə yıxırlar”.

Məhkəmədə məlum olub ki, Anar Ağalarov istintaqda fərqli ifadə verib. O bildirib ki, qətli Teymur və Fərid qardaşlarıyla birlikdə törədiblər və daha sonra evdə birlikdə pul axtarıblar.

O da aydınlaşıb ki, evdən 4 qanlı bıçaq tapılıb.

“Teymurda cəmi bir bıçaq olub və həmin bıçaqlada cinayəti törədib. İşdə olan sənədlərdən də görünür ki, digər 3 bıçaq ailəyə məxsus olub. Məndə isə bıçaq olmayıb”, – Anar Ağalarov bildirib.

O, istintaqdakı ifadəsində isə deyib ki, Teymurda bıçaq olsa da, evdəki bıçaqlardan da istifadə ediblər. Anar Ağalarov əlavə edib ki, özü Aygün Əzizovanı tutub, Teymur Məmmədov da bıçaqla zərbələr vurub. Fərid Məmmədlinin isə bıçaqla vurduğunu görməyib.

Anar Ağalarov istintaqdakı bu ifadəsini təsdiqləmir. O bildirib ki, müstəntiq yazdığı ifadəni istintaq təcridxanasına gətirib, o da oxumadan imzalayıb.

Bu iş üzrə məhkəmə prosesi oktyabrın 19-da davam edəcək.

Bu cinayətin üstü 18 il sonra açılıb. Teymur Məmmədov vəfat etsə də, bu işdə təqsirləndirilən şəxs statusundadır. Onun qardaşı Fərid Məmmədli və xalası oğlu Anar Ağalarova qarşı Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə adam öldürmə) və digər maddələri ilə ittiham elan edilib. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Zərərçəkmiş Asif Əzizov 1999-2002-ci illərdə Cəlilabadın icra başçısının aqrar məsələlər üzrə müavini vəzifəsində çalışıb, 2002-ci ildən 2015-ci ilə qədər birinci müavin olub. 2015-ci ildə öz ərizəsilə vəzifədən azad edilib və o vaxtdan biznes fəaliyyəti ilə məşğul olur.

Ana səhifəBölgə18 il sonra üstü açılmış qətl: nənə və nəvəsinə 82 bıçaq zərbəsi vurulub