Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin hüquqlarını Müdafiə Komitəsi onun saxlanma şəraitinin ağırlaşdırıldığı barədə bəyanat yayıb.
Komitə bildirir ki, 8 aydır Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılan Əli Kərimliyə qarşı fiziki və psixoloji təzyiqlər davam edir, son günlər isə yeni məhdudiyyətlər tətbiq olunub.
Bəyanata görə, Kərimlinin yerləşdirildiyi kamerada psixi problemləri olduğu deyilən və terrorçuluq ittihamı ilə saxlanılan məhbus hələ də onunla birlikdə saxlanılır. Komitə iddia edir ki, həmin şəxs gecələr səs-küy salaraq Kərimlinin yatmasına imkan vermir.
Müdafiə Komitəsinin məlumatına əsasən, Kərimlinin ailəsi ilə görüş, telefon danışığı, açıq havada gəzinti və gündəlik xəbərlərlə tanış olmaq imkanlarına qoyulan əvvəlki məhdudiyyətlər də qüvvədə qalır.
Müdafiə Komitəsinin iddiasına görə, son günlər Əli Kərimliyə tətbiq olunan məhdudiyyətlər daha da artırılıb. Bildirilir ki, ona ailəsindən qida sovqatı qəbul etməyə məhdudiyyət qoyulub, kamerasında televiziya yayımı yenidən dayandırılıb. Həmçinin məhkəmə üçün hazırladığı vəsatətlər də daxil olmaqla əlyazma qeydlərinin müsadirə olunduğu, vəkillərinin isə görüş zamanı ona yazılı qeydlər təqdim etməsinə imkan verilmədiyi qeyd olunur.
Müdafiə Komitəsi hesab edir ki, bu məhdudiyyətlər Əli Kərimlinin beynəlxalq mediaya verdiyi müsahibələrlə bağlıdır. Bəyanatda qeyd olunur ki, məhdudiyyətlər xüsusilə onun France 24 telekanalına müsahibəsindən sonra güclənib və bunun birbaşa Prezident İlham Əliyevin göstərişi ilə həyata keçirildiyi iddia olunur.
Komitə həmçinin bildirir ki, vəkillərin saxlanma şəraiti ilə bağlı verdiyi şikayətlər rayon və apellyasiya məhkəmələri tərəfindən icraata qəbul edilmir.
Bəyanatda Əli Kərimliyə qarşı münasibət “qəddar və qeyri-insani rəftar” kimi qiymətləndirilir, onun hüquqlarının bərpa olunması və azadlığa buraxılması tələb edilir. Komitə eyni zamanda bütün siyasi məhbusların azad edilməsinə çağırış edib.
Əli Kərimli 2025-ci il noyabrın 29-da həbs olunub. Onunla birlikdə AXCP Məclisinin üzvü Məmməd İbrahim də saxlanılıb. Onlara qarşı dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham irəli sürülüb.
Hər iki siyasətçinin həbsi sabiq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ətrafında aparılan istintaqla əlaqələndirilir.
Müxalifət və tərəfdarları bu həbslərin siyasi motivli olduğunu bildirirlər. Beynəlxalq insan hüquqları təşkilatları və müşahidəçilər də həbsləri siyasi təqib nümunəsi kimi qiymətləndiriblər.
Hazırda 20-dən çox AXCP üzvü və fəalı həbsdədir. Partiya onların da siyasi motivlərlə təqib olunduğunu bəyan edir.
Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaqın son siyahısına görə, ölkədə 328 siyasi məhbus var.
Azərbaycan hakimiyyəti isə ölkədə siyasi motivli həbslərin olması ilə bağlı iddiaları rədd edir. Rəsmi qurumlar bildirirlər ki, həbs olunan şəxslər siyasi baxışlarına görə deyil, konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb ediliblər.