Bakıya ard-arda üz tutan diplomatların səfərlərinin arxasındakı səbəb nədir?

Foto-kollaj: Chatgbt

Son günlər Bakıda xarici ölkələrin yüksək səviyyəli rəsmilərinin səfərləri intensivləşib.Son bir həftə ərzində Almaniya, İtaliya, Gürcüstan, Monteneqro və Litvanın yüksək səviyyəli rəsmiləri Azərbaycana səfər ediblər. ABŞ-nin daxili təhlükəsizlik naziri də Bakıda olub.

Almaniyanın xarici işlər naziri Yohann Vadeful noyabrın 17-də, İtaliyanın xarici işlər naziri Antonio Tajani noyabrın 22-23-də, Monteneqronun Baş naziri Miloyko Spajiç noyabrın 24-də, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili noyabrın 24-də Bakıya səfər edib. Litvanın xarici işlər naziri Kestutis Budrisin səfəri isə noyabrın 25-26-na planlaşdırılıb. ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullin də noyabrın 22-də Azərbaycanda olub.

Rəsmi açıqlamalara görə, görüşlərdə ikitərəfli siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi, enerji təhlükəsizliyi, ticarət və investisiya imkanları, nəqliyyat-logistika layihələri, xüsusilə Orta Dəhlizin inkişafı müzakirə olunub. Həmçinin Azərbaycan-Ermənistan sülh prosesi, Cənubi Qafqazda regional təhlükəsizlik və sabitlik, Avropa ilə əməkdaşlığın dərinləşdirilməsi və ABŞ-nin regiondakı iqtisadi bağlantı təşəbbüsləri diqqət mərkəzində olub.

Bəs bu səfərlərdə əsas məqsəd nədir? Qərb diplomatlarının ard-arda səfərlərinin pərdəarxasındakı səbəblər nələrdir?

Məsələyə özünün “Facebook” səhifəsində fikir bildirən REAL Partiyasının keçmiş sədri, hazırda partiyanın Siyasi Komitəsinin üzvü İlqar Məmmədov düşünür ki, səbəblərdən biri Azərbaycanın ATƏT-ə sədrlik məsələsi ilə bağlı ola bilər.

İlqar Məmmədov. Mənbə: Real Partiyası

“Dekabrın əvvəli Azərbaycan 1 il müddətinə ATƏT sədrliyinə yiyələnəcək. Əgər səbəb budursa, onda ilin sonunda bir qisim siyasi məhbusun əfvlə azad olunması haqda müzakirə də gedir ki, üzv dövlətlər bu sədrliyi beynəlxalq insan haqları təşkilatlarına əsaslandıra bilsinlər”.

Yeri gəlmişkən, 46 beynəlxalq və bir sıra ölkələrdən olan vətəndaş cəmiyyəti təşkilatları Azərbaycanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) mümkün sədrliyinə qarşı çıxıb. Noyabrın 23-də “Human Rights House Foundation”ın saytında yayımlanan birgə bəyanatda ATƏT-in 57 iştirakçı dövlətinə müraciət edilərək Azərbaycanın 2027-ci ildə təşkilata rəhbərlik etməsinə razılıq verilməməsi istənilib.

İlqar Məmmədov səfərlərin sıxlığının səbəbi haqqında başqa ehtimalları da istisna etmir.

“Lakin, tutalım, İran məsələsindəki gərginliklə əlaqəli olsaydı, neftin qiyməti də eyni vaxtda artardı. Halbuki artmır. Yenə də, bilmək olmaz”.

Siyasətçi enerji bazarındakı gözləntiləri də diplomatik səfərlərin mümkün səbəbləri sırasında nəzərdən keçirir.

“Yaxın aylarda dünya bazarında qazın bahalaşacağını deyirlər. Bu artım, səfərlərin coğrafiyası ilə əlaqəni daha ağlabatan edir, amma tam da izah etmir”.

“Hər halda, bu diplomatik qonaq-qara həmişə olan şey deyil deyə diqqət çəkir. Görək hansı ölkəni və harasından vurur”, – Məmmədov fikrini belə yekunlaşdırıb.

Ana səhifə ▸ Siyasət ▸ Bakıya ard-arda üz tutan diplomatların səfərlərinin arxasındakı səbəb nədir?