Ermənistan hökuməti 23 noyabr 2026-cı il tarixində Ermənistanın yeni konstitusiyasının qaralama versiyasını dərc edib. Bu, hələ layihənin ilkin versiyasıdır və dəyişikliyə məruz qala bilər.
Ermənistan hökuməti niyə konstitusiyanı dəyişmək istəyir?
Nikol Paşinyan hökuməti Ermənistan konstitusiyasını dəyişmək istəyini hələ 44 günlük müharibədən əvvəl səsləndirmişdi. 2020-ci ilin iyunun 15-də çıxışı zamanı Nikol Paşinyan bildirmişdi ki, Ermənistanın yalnız konstitusiya dəyişikliyinə yox, həm də yeni bir konstitusiyaya ehtiyacı var. Buna səbəb olaraq da baş nazir əvvəlki konstitusiyanın xalqın iradəsini ifadə etməməsini göstərmişdi.
Ancaq 44 günlük müharibədən sonra Ermənistanın konstitusiya dəyişikliyi yalnız Ermənistanın daxili məsələsi olmaqdan çıxıb, Ermənistanla Azərbaycan arasında sülh prosesinin bir parçasına, hətta ən əhəmiyyətli parçasına çevrildi. Belə ki, əsasən 2024-cü ildən sonra Prezident İlham Əliyev başda olmaqla Azərbaycan rəsmiləri Ermənistanın konstitusiya dəyişikliyini sülhün əsas şərti olaraq irəli sürüblər. Bu tələbin arxasında Ermənistan konstitusiyasının preambula hissəsində Ermənistanın müstəqillik aktına istinad durur. Belə ki, Ermənistanın mövcud konstitusiyasının giriş hissəsində Ermənistanın 1990-cı ildə qəbul etdiyi müstəqillik aktına istinad edilir. Müstəqillik aktında isə 1989-cu ildə Ermənistan SSR ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Milli Şurası arasında bağlanan və Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsini nəzərdə tutan qərara istinad edilir. Rəsmi Bakının iddiasına görə bu istinadlar zənciri nəticə etibarilə Ermənistanın mövcud konstitusiyasının Azərbaycana qarşı ərazi iddiası irəli sürdüyünü göstərir. Sülh müqaviləsi üçün konstitusiyanın giriş hissəsində müstəqillik aktına istinad dəyişdirilməlidir. Paşinyan yeni konstitusiyanın heç bir xarici təzyiq ilə təklif edilmədiyini iddia edir.
Niyə konstitusiyaya dəyişiklik yox, yeni konstitusiya?
Nikol Paşinyanın 2020-ci ildəki çıxışında da göründüyü kimi Ermənistan hökuməti mövcud konstitusiyanın xalqın iradəsini ifadə etmədiyi qənaətində olduğu üçün onun tamamən dəyişdirilməsini istəyir. Ancaq bu situasiya yalnız hökumətin mövqeyi ilə bağlı deyil, ən azından, 2021-ci ildən sonra. Çünki, 2021-ci ildə Ermənistan Konstitusiya Məhkəməsinin qərarı ilə Ermənistan konstitusiyasının preambula hissəsi dəyişdirilə bilməz. Konstitusiyanın özündə belə bir müddəa olmasa da Konstitusiya Məhkəməsi belə bir qərar qəbul edib. Məhz bu səbəbə görə, Paşinyan hökuməti artıq istəsə belə konstitusiyanın preambula hissəsinə dəyişiklik edə bilməz. Bu səbəbdən, preambula hissəsinin dəyişdirilməsi üçün yeni konstitusiyanın qəbul edilməsi labüddür.
Yeni konstitusiyada nə dəyişikliklər var?
Yeni konstitusiyada hər şeydən əvvəl maddələrin sayında azalma var. Belə ki, hazırkı konstitusiyada 220 maddə varsa, yeni konstitusiyada bu maddələrin sayı 89-a endirilib.
Konstitusiyanın giriş hissəsində, Azərbaycan tərəfinin tələbinə uyğun olaraq Ermənistanın müstəqillik aktına istinad aradan qaldırılıb. Yeni konstitusiya 1990-cı ilin müstəqillik aktına heç bir istinad ehtiva etmir. Həmçinin, preambula hissəsində “Ermənistanın beynəlxalq səviyyədə tanınan sərhədləri” ifadəsi də əlavə edilib ki, bu da Azərbaycanın Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olması ilə bağlı iddiaları tamamilə aradan qaldırır.
Yeni konstitusiyada həmçinin hazırkı konstitusiyada bəyan edilmiş simvollarla bağlı dəyişiklik edilib. Belə ki, hazırkı konstitusiyanın 21-ci maddəsində Ermənistanın gerbində Ağrı dağının (Ararat dağı) əks edilməsi ilə bağlı müddəa var. Yeni konstitusiya isə bayraq, gerb və himn kimi dövlət simvollarının referendumla qəbul ediləcək qanunla təsbit edilməsini nəzərdə tutur.
Önəmli dəyişikliklərdən biri səsvermə hüququ ilə bağlıdır. Hazırkı konstitusiya 18 yaşı tamam olmuş bütün Ermənistan vətəndaşlarının harada yaşamalarından asılı olmayaraq seçkilərdə yaxud referendumda səs vermə hüququnu təsbit edir. Ancaq yeni konstitusiyaya görə referendum yaxud seçkilərdə iştirak etmək üçün Ermənistan vətəndaşları ötən iki ilin ən azı bir ilini Ermənistanda keçirməlidir (Maddə 20.1.28). Bu maddənin əhəmiyyəti xarici ölkələrdə yaşayan Ermənistan vətəndaşlarının seçkilərdə yaxud referendumlarda iştirakının məhdudlaşdırılması ilə bağlıdır. Belə ki, bu ilin martında Ermənistan Xarici Kəşfiyyat İdarəsi Ermənistanda keçiriləcək seçkilər zamanı müxtəlif aktorların xaricdə yaşayan Ermənistan vətəndaşlarına müəyyən siyasi qüvvələrə səs vermələri üçün təzyiq göstərdiyini açıqlamışdı. Bunu Nikol Paşinyan da seçkilərdən əvvəl ifadə etmişdi. “Reuters”in may ayında verdiyi məlumata görə, Rusiyanın Ermənistan vətəndaşlarını seçki dövründə Ermənistana göndərmək planı var və Rusiya təqribən 100 min seçicinin Ermənistana gəlib səs verməsi üçün 50 milyon dollar xərc hesablayıb (Ermənistan vətəndaşları xaricdə səs verə bilməzlər). Qeyd edək ki, artıq bu ilin iyulunda qəbul edilmiş qanuna görə Ermənistan vətəndaşları parlament seçkilərində və referendumda iştirak etmək üçün ötən iki ilin ən azı bir ilini Ermənistanda keçirməlidirlər.
Səsvermə ilə bağlı digər önəmli dəyişiklik vətəndaşlığın ləğv edilməsi ilə bağlıdır. Hazırkı konstitusiyanın 47-ci maddəsinə görə, Ermənistan vətəndaşı vətəndaşlıqdan məhrum edilə bilməz. Ancaq yeni konstitusiyaya görə, əgər Ermənistan vətəndaşı Ermənistan konstitusiya quruluşunun əsaslarına yaxud Ermənistanın dövlət təhlükəsizliyinə qarşı cinayət işləsə, məhkəmə onu vətəndaşlıqdan məhrum edə bilər (Maddə 24.11.5).
Daha bir vacib dəyişiklik siyasi partiyalarla bağlıdır. Belə ki, siyasi partiyaların qadağan edilməsi səbəblərinə xaricdən hər hansı maliyyə alması da daxil edilib. Beləliklə, sadəcə xarici ölkədən maliyyə almaq siyasi partiyanın məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas ola biləcək (Maddə 24.12).
Yuxarıda qeyd edilən dəyişikliklər yeni konstitusiyanın əsas dəyişiklikləri olsalar da, digər dəyişikliklər də nəzərdə tutulub. Məsələn, baş nazir sadəcə müharibə vaxtı deyil, hər zaman ali baş komandan olacaq, konstitusiya dəyişikliklər yalnız referendumla keçiriləcək və s.
Ermənistan müxalifətinin mövqeyi
Ermənistan müxalifəti yeni konstitusiyanı tənqid edərək onu “Əliyevin konstitusiyası” adlandırır. Müxalif “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan bildirib ki, sülh bəyannaməsi heç bir konstitusiya dəyişikliyi tələb etmir:
“Bu, İlham Əliyevin tələbidir. Əgər o görsə ki, onun tələbləri qarşısında geri çəkilirik, sülh müqaviləsinin imzalanmasını gecikdirəcək. Güzəştləri dayandırmağın yolu ediləcək heç bir güzəştin qalmadığını göstərməkdir”.
Bundan sonrakı prosedurlar nədir?
Yeni konstitusiyanın qəbul edilə bilməsi üçün parlamentin 2/3 hissəsinin razılığını almalıdır. Nikol Paşinyanın İctimai Müqavilə partiyası hazırda parlamentdə bu çoxluğa sahib deyil. Bunun üçün də digər partiyalardan olan deputatların da dəstəyi lazımdır. Əgər yeni konstitusiya parlamentdə tələb olunan dəstəyi ala bilsə, o zaman referenduma çıxarılacaq.
Nikol Paşinyan bildirib ki, əgər yeni konstitusiya referendumda qəbul edilməsə, o, istefa etməyə hazırdır. Həmçinin, o bildirib ki, əgər konstitusiya referendumda qəbul edilsə, 2031-ci ildə nəzərdə tutulan parlament seçkilərində baş nazir vəzifəsinə namizəd olaraq iştirak etməyəcək.
Rəsmi Bakının mövqeyi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, yeni konstitusiya ilə bağlı şərh vermək istəmir, çünki bu, Ermənistanın daxili məsələsidir. Azərbaycan üçün önəmli olan yeni konstitusiyada Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır və yeni konstitusiyada belə bir müddəa yoxdur. Ceyhun Bayramov bunu pozitiv dəyişiklik kimi qiymətləndirib.