Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin formalaşmasında dövlətin maliyyə yükü artır 

İllüstrasiya Chatgpt ilə hazırlanıb

2027-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərinin formalaşmasında dövlət sektorunun payında artım gözlənilir.

DSMF-nin 2027-ci il büdcə layihəsinə əsasən, Fondun gəlirlərində ən böyük paya malik olan məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 7 milyard 586,5 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, məcburi dövlət sosial sığorta haqları əməkhaqqı və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin gəlirləri əsasında hesablanan ödənişlərdir.

Gələn il Fondun bu istiqamət üzrə daxilolmalarının 32,5 faizi büdcədən maliyyələşən təşkilatların payına düşəcək. Belə ki, həmin təşkilatlardan DSMF-yə 2 milyard 467 milyon manat məbləğində sosial sığorta haqqının daxil olacağı gözlənilir.

Qeyri-büdcə sektorundan məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar isə 5 milyard 120 milyon manat təşkil edəcək. Beləliklə, bu istiqamətdə yığımların 67,5 faizi qeyri-büdcə sektorunun payına düşəcəyi proqnozlaşdırılır.

Burada bir məqamı da nəzərə almaq lazımdır ki, hökumətin hesabatlarında qeyri-büdcə sektoruna dövlət şirkətləri də aid edilir. Bu şirkətlərin əməkhaqqı fondu birbaşa dövlət büdcəsindən maliyyələşdirilmədiyinə görə onlar qeyri-büdcə təşkilatları olaraq təsnifləşdirilir. İqtisadçılar isə hesab edirlər ki, bu ödəmələr də nəzərə alındıqda vergi və sosial sığorta sistemində dövlət sektorunun payı rəsmi göstəricilərdən daha yüksək olur. 

DSMF-nin 2027-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə yığımlarının cari illə müqayisədə 671,25 milyon manat və ya 9,7 faiz artacağı proqnozlaşdırılır.

Bu artımın böyük hissəsi məhz büdcədən maliyyələşən təşkilatların payına düşəcək. Belə ki, həmin təşkilatlar üzrə daxilolmaların 357,88 milyon manat və ya 17 faiz, qeyri-büdcə sektoru üzrə isə 313,37 milyon manat və ya 6,5 faiz artacağı gözlənilir.

Başqa sözlə, artımın 53,3 faizi büdcədən maliyyələşən təşkilatların, 46,7 faizi isə qeyri-büdcə sektorunun payına düşür.

Nəticədə məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərin strukturunda büdcədən maliyyələşən təşkilatların xüsusi çəkisi 2026-cı ildə gözlənilən 30,5 faizdən 2027-ci ildə 32,5 faizə yüksələcək.

Fond 2027-ci ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən (yəni VÖEN-lə xidmət müqaviləsi əsasında fəaliyyət göstərən işçilərdən) cəmi 130 milyon manat sosial sığorta haqqı toplamağı düşünür. Büdcə layihəsinə əsasən, bu kateqoriya üzrə daxilolmaların 21,4 milyon manat və ya 19,7 faiz artması nəzərdə tutulur.

Bu kateqoriya üzrə artım tempinin yüksək olacağı proqnozlaşdırılsa da, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin DSMF-yə ödəyəcəyi sosial sığorta haqlarının ümumi daxilolmalarda çəkisi cəmi 1,7 faiz təşkil edəcək.

Qeyd edək ki, Hesablama Palatasının DSMF-nin 2027-ci il büdcə layihəsinə dair rəyində cari il iyulun 1-nə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayını, yəni VÖEN əsasında xidmət haqqı alanların sayını 778,92 min nəfər göstərir. Cari ilin altı ayı ərzində onların sayının artdığı göstirilsə də, ümumi olaraq nə qədərinin aktiv ödəyicilər olduğu qeyd edilmir.

Azərbaycanda 1,2 milyard manatlıq muzdlu iş gəliri sosial sığortaya cəlb edilməyib

Hesablama Palatasının DSMF-nin büdcə layihəsinə dair rəyinə əsasən, 2025-ci ildə hesablanmış əməkhaqqı və əməkhaqqının tərkibinə daxil olmayan digər gəlirlərin 1 milyard 209,35 milyon manatlıq hissəsi məcburi dövlət sosial sığortasına cəlb edilməyib.

Qeyd edək ki, sosial sığortaya cəlb edilməyən ödənişlərə qanunvericiliklə müəyyən edilmiş ezamiyyə xərcləri, mükafatlar, kompensasiya və digər ödənişlər şamil edilir.

Dövlət Vergi Xidmətinin məlumatına əsasən, 2025-ci ildə muzdlu işlə əlaqədar hesablanmış əməkhaqqı və digər gəlirlərin ümumi həcmi 26,5 milyard manat olub. Bunun 25 milyard 317,5 milyon manatı, yəni 95,4 faizi sosial sığortaya cəlb olunsa da, qalan 4,6 faizi, yəni 1,2 milyard manatı bu ödənişlərdən kənarda qalıb.

2025-ci ildə sosial sığortaya cəlb edilməyən gəlirlərin məbləği əvvəlki illə müqayisədə 14,43 milyon manat artıb.

2026-cı ilin ilk altı ayında da sosial sığortaya cəlb edilməyən gəlirlərin həcmi 673 milyon manat təşkil edib. Belə ki, bu dövrdə hesablanmış 14 milyard 115,24 milyon manatlıq əməkhaqqı və digər gəlirlərin 4,8 faizi sosial sığortaya cəlb olunmayıb.

DSMF-nin 2027-ci il üzrə gəlirləri 9 milyard 220 milyon manat, xərcləri isə 9 milyard 272 milyon 540 min manat səviyyəsində proqnozlaşdırılır. Fondun xərclərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 1,6 milyard manat transfert ayrılması nəzərdə tutulur.

Hesablama Palatası qeyd edir ki, 2028-2030-cu illərdə DSMF-nin gəlirlərinin daha yüksək templə artacağı proqnozlaşdırılır. Lakin gözlənilən artım əsasən dövlət büdcəsindən ayrılacaq vəsaitin hesabına formalaşacaq.

Palataya görə, bu tendensiya qarşıdakı illərdə pensiya təminatının maliyyələşdirilməsində dövlət büdcəsinin rolunun daha da artacağını göstərir.

Ana səhifə ▸ İqtisadiyyat ▸ Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin formalaşmasında dövlətin maliyyə yükü artır