Baksol yolunda gəncin ölümünə görə vəzifəli şəxsə 3 il həbs cəzası verilib

Cümşüd Cümşüdlü – Foto: Facebook

Baksol yolu kimi tanınan ərazidə kanalizasiyanın çökməsi nəticəsində 28 yaşlı Cümşüd Cümşüdlünün həyatını itirməsi ilə bağlı cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb. Bakı Su Kanal İdarəsinin vəzifəli şəxsi Azər Cümşüdov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Noyabrın 19-da Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Azər Cümşüdov Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib.

İttihama əsasən, hadisənin baş verdiyi kanal Bakı Su Kanal İdarəsinin balansında olub və qurum tərəfindən istismar edilib. Ərazidə təmir işləri aparılarkən təhlükəsizlik tədbirlərinin görülməsi, sahənin lentlə əhatələnməsi və xəbərdarlıq nişanlarının qoyulması tələb olunurdu.

56 yaşlı Azər Cümşüdov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Qanunvericiliyə görə, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə 5 ilədək azadlıqdan məhrumetmə cəzası alan şəxslər cəzalarını bu tip müəssisələrdə çəkirlər.

Məhkəmədə Azər Cümşüdov özünü təqsirli bilmədiyini bildirib. O, hadisəyə aidiyyətinin olmadığını, həmin vaxt artıq sözügedən ərazidə işləmədiyini deyib və bunu təsdiqləyən rəsmi əmrin olduğunu vurğulayıb. Dövlət ittihamçısı onun 5 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi.

Hadisə 2025-ci il iyunun 26-da Ələsgər Qayıbov küçəsi, 20/90 ünvanının qarşısında baş verib. Həmin vaxt ərazidə dayanan 28 yaşlı Cümşüd Cümşüdlünün olduğu yerdə qəfil çökmə yaranıb və o, kanalizasiya sularının axdığı kanala düşüb.

Gəncin meyiti hadisədən iki gün sonra Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizlənməsi anbarından tapılıb.

Ana səhifə ▸ Sosial ▸ Baksol yolunda gəncin ölümünə görə vəzifəli şəxsə 3 il həbs cəzası verilib