“MilliÖn” və “Expresspay” terminallarında 500 manatdan artıq ödəniş etmək və ya pul köçürmək istəyən şəxslər artıq şəxsiyyətlərini təsdiqləməli olacaqlar.
Yeni qayda noyabrın 16-dan tətbiq edilir. Məqsəd nağd ödənişlərin təhlükəsizliyini artırmaq və əməliyyat aparan şəxsin kimliyini müəyyənləşdirməkdir.
Yerli media xəbər verir ki, “MilliÖn” terminallarında 500 manatdan artıq ödəniş və pul köçürməsi zamanı şəxsiyyətin rəqəmsal qaydada təsdiqlənməsi tələb olunur.
Bunun üçün vətəndaş terminalda istədiyi xidməti seçib məbləği daxil etməlidir. Məbləğ 500 manatı keçdikdə ekranda Bir ID, SİMA və ya MyGov vasitəsilə təsdiqləmə seçimləri görünəcək.
İstifadəçi həmin variantlardan birini seçdikdən sonra terminalın ekranında QR kod yaranacaq. Kodu telefonundakı müvafiq tətbiqlə oxudub şəxsiyyətini təsdiqlədikdən sonra ödənişi davam etdirə biləcək.
Bir ID vasitəsilə təsdiqləmə Birbank tətbiqi üzərindən də mümkündür.
Bəs digər terminallarda necə olacaq?
Məlumata görə, oxşar tələb “Expresspay” terminallarında da noyabrın 16-sı saat 00:00-dan qüvvəyə minib.
Bu terminallarda 500 manatdan artıq nağd ödənişlər üçün SİMA İmza tətbiqindən istifadə olunacaq.
“Expresspay”ın açıqlamasında bildirilir ki, yenilik Azərbaycan Mərkəzi Bankının tələbinə uyğun tətbiq edilir. Qayda həm “Expressbank”ın filiallarında yerləşən terminallara, həm də ölkə üzrə bütün “Expresspay” ödəniş nöqtələrinə aiddir.
500 manat və daha az ödənişlərdə isə yeni rəqəmsal təsdiqləmə tələbi tətbiq edilmir.
Yeni qayda vətəndaşların şəxsiyyət vəsiqəsini fiziki olaraq terminala təqdim etməsini tələb etmir. Kimlik təsdiqi telefon vasitəsilə aparılır.
Hələlik digər terminal şəbəkələrinin hamısında bu tələbin tətbiq edildiyi barədə təsdiqlənmiş məlumat yoxdur.
Mərkəzi Bankın məhz 500 manat həddini müəyyən edən normativ qərarının nömrəsi və tarixi də açıqlanmayıb.