İlham Əliyevin açdığı kəndə milyonlar ayrılıb, memar layihəni “kazarma tipli” adlandırır

Cəbrayıl rayonunun Soltanlı kəndi – Foto: Azərtac

Macarıstanın 30 milyon dollarlıq qrant ayırdığı kəndin layihəsi tənqid olunur. Tikinti üçün 114,5 milyon manatlıq müqavilə bağlansa da, layihənin ümumi dəyəri və vəsaitin necə bölüşdürüldüyü tam açıqlanmayıb.

Azərbaycan Prezidenti İlham Əliyev və həyat yoldaşı Mehriban Əliyevanın noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirakı memar Elçin Əliyevin sərt tənqidi ilə müşayiət olunub.

Memar sosial şəbəkə hesabında paylaşdığı açıqlamada kəndin baş planını uğursuz hesab edib, layihənin hazırlanmasına nə qədər vəsait xərcləndiyinin ictimaiyyətə açıqlanmasını istəyib.

Cəbrayıl rayonunun Soltanlı kəndi – Foto: Azərtac

Elçin Əliyevin sözlərinə görə, Soltanlıda müasir yaşayış mühiti yaratmaq əvəzinə, bir-birini təkrarlayan evlərdən ibarət yaşayış məntəqəsi salınıb.

“Belə primitiv layihəyə mən bir manat da verməzdim!” – deyə memar bildirib.

O, layihənin hazırlanmasına xarici mütəxəssislərin cəlb olunmasının zəruriliyini də sual altına alıb.

Meydan TV-nin araşdırdığı açıq satınalma məlumatlarında isə Soltanlı kəndində yaşayış evlərinin, qeyri-yaşayış obyektlərinin və infrastrukturun tikintisi üçün 114 milyon 499 min 593 manat 20 qəpik dəyərində müqavilə bağlandığı görünür. Bundan başqa, Macarıstan hökumətinin kəndin bərpasına 30 milyon dollar qrant ayıracağı açıqlanıb.

Memar: “Yaşayış qutularını mexaniki şəkildə yerləşdiriblər”

Elçin Əliyev hesab edir ki, Soltanlı kəndinin planlaşdırılması müasir şəhərsalmanın tələblərinə cavab vermir.

Onun fikrincə, layihənin əsas problemi yaşayış evlərinin monoton düzülüşü, küçələrin düzbucaqlı şəbəkəsi, memarlıq müxtəlifliyinin və ictimai məkanların özünəməxsusluğunun olmamasıdır.

Memer Elçin Əliyev – Foto: Facebook hesabı

“Xalqımıza müasir, rahat və hərtərəfli yaşayış mühiti əvəzinə, planlaşdırma quruluşu konsentrasiya düşərgəsini xatırladan kazarma tipli məskunlaşma prinsipi təklif olunur”, – memar yazıb.

Elçin Əliyev layihədə insanların gündəlik həyatını daha rahat və maraqlı edəcək məkanların yaradılmasına yetərincə diqqət ayrılmadığını düşünür.

“Layihəçilər müasir yaşayış məntəqəsi yaratmaqla deyil, ərazidə yaşayış qutularını mexaniki şəkildə yerləşdirməklə məşğul olublar”, – deyə o bildirib.

Memar xarici şirkətin cəlb olunmasını da tənqid edib:

“Doğrudanmı, belə bir nəticə əldə etmək üçün xarici şirkəti cəlb etmək lazım idi? Məgər bu cür primitiv planlaşdırma sxemini xarici mütəxəssislərin xidmətlərinə müraciət etmədən, öz qüvvəmizlə çəkmək mümkün deyildi?”

O, layihənin hazırlanma xərcinin və onu təsdiqləyən şəxslərin ictimaiyyətə açıqlanmasını istəyir. Həmçinin hüquq-mühafizə orqanlarının layihənin maliyyə tərəfi ilə maraqlanacağına ümid etdiyini bildirib.

Elçin Əliyev Azərbaycan Memarlar İttifaqının üzvü, memarlıq üzrə elmlər doktoru, professordur. O, uzun illər memarlıq və şəhərsalma sahəsində çalışıb, Azərbaycan Memarlar İttifaqının İdarə Heyəti sədrinin müavini olub.

114,5 milyon manatlıq müqaviləni kimlər qazanıb?

Dövlət satınalmalarının vahid internet portalında dərc olunmuş məlumata görə, Soltanlı kəndində tikinti və abadlıq işlərinin aparılması üçün 114 milyon 499 min 593 manat 20 qəpik dəyərində satınalma müqaviləsi bağlanıb.

Sifarişçi qurum “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsidir.

2025-ci il sentyabrın 19-da dərc edilən satınalma məlumatında qalib kimi iki şirkət göstərilib: “KESZ Group Azerbaijan” MMC və “19 Saylı Tikinti Təmir İdarəsi” MMC.

Müqavilə açıq tender yolu ilə deyil, bir mənbədən satınalma metodu əsasında bağlanıb.

E-Satınalma portalından screenshot

Satınalmanın predmetinə fərdi yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin tikintisi, su, kanalizasiya, elektrik, qaz və rabitə xətlərinin çəkilməsi, yolların və səkilərin salınması, eləcə də yaşıllaşdırma və abadlıq işləri daxildir.

“KESZ Group Azerbaijan” MMC 2024-cü ilin mayında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 min manat olan şirkətin qanuni təmsilçisi Otto İzsodur. Şirkət Macarıstanın “KESZ” tikinti və layihələndirmə qrupu ilə əlaqəlidir.

“19 Saylı Tikinti Təmir İdarəsi” MMC isə 2011-ci ildə qeydiyyatdan keçib. Nizamnamə kapitalı 890 min manat olan şirkətin qanuni təmsilçisi Loğman Aslanovdur.

Satınalma məlumatında müqavilənin məbləği göstərilsə də, onun hansı hissəsinin layihələndirməyə, yaşayış evlərinin tikintisinə, mühəndis-kommunikasiya şəbəkələrinə və digər işlərə ayrıldığının təfərrüatlı bölgüsü yer almır.

Bir mənbədən satınalma metodunun məhz bu müqavilə üzrə hansı əsaslarla seçildiyi də açıqlanmış məlumatlardan aydın olmur.  “Bir mənbədən” satınalma rəqabət proseduru keçirilmədən birbaşa bir şirkətlə müqavilə bağlanması deməkdir.

Macarıstan 30 milyon dollar qrant ayırır

Soltanlı kəndinin yenidən qurulmasında Macarıstan da iştirak edir.

Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında Macarıstanın kənddə yaşayış binalarının bərpası üçün 30 milyon ABŞ dolları qrant ayıracağı qeyd olunub.

Bununla bağlı Azərbaycanın İqtisadiyyat Nazirliyi və Macarıstan Yardım Agentliyi arasında qrant vəsaitinin qəbuluna dair təsdiq məktubu imzalanıb. Sənəd Nazirlər Kabineti tərəfindən təsdiqlənib.

Baş planı da Macarıstan şirkəti hazırlayıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, Soltanlı kəndinin baş planı qurumun sifarişi əsasında Macarıstanın “KESZ” şirkətlər qrupu və Bakı Dövlət Layihə İnstitutu tərəfindən birgə hazırlanıb.

Kəndin təməli 2023-cü il noyabrın 23-də qoyulub. Mərasimdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto da iştirak edib.

2023-cü ilin noyabrında açıqlanan baş plana əsasən, Soltanlı kəndinin ümumi sahəsi 398,82 hektar olmalı, burada 1 525 ailədən ibarət 6 100 nəfərin yaşaması təmin edilməli idi.

Layihədə 496 fərdi yaşayış evi, 1 044 mənzildən ibarət dörd və beşmərtəbəli yaşayış binaları, məktəb, uşaq bağçası, xəstəxana, idman və digər ictimai obyektlər nəzərdə tutulub.

Həmin vaxt birinci mərhələdə 78 hektarlıq ərazidə 315 fərdi evin tikilməsi və 1 336 sakinin yerləşdirilməsi planlaşdırılmışdı.

Noyabrın 6-da Prezidentin rəsmi saytında yayımlanan məlumata görə isə açılışı keçirilən birinci mərhələ 108,5 hektarı əhatə edir və burada 420 fərdi ev tikilib.

Beləliklə, 2023-cü ildə açıqlanan ilkin birinci mərhələ göstəriciləri ilə hazırda təqdim edilən rəqəmlər fərqlənir. Bu fərqin layihənin hansı dəyişiklikləri ilə əlaqədar olduğu barədə ayrıca izahat açıqlanmayıb.

Hesablama Palatası həmin sifarişçi qurumun əvvəlki layihələrində nöqsanlar aşkarlayıb

Soltanlı kəndinin tikintisini sifariş edən publik hüquqi şəxsin fəaliyyəti daha əvvəl Hesablama Palatasının auditində də yoxlanılıb.

Palatanın 2024-cü ildə apardığı auditin nəticələrinə görə, qurumun Cəbrayıl rayonunun Horovlu kəndində həyata keçirdiyi yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi layihələrində smeta sənədlərinə nəzərdə tutulandan artıq iş həcmləri daxil edilib.

Nəticədə həmin layihələrin müqavilə dəyəri ümumilikdə 996 min 46 manat 52 qəpik artırılıb.

Hesablama Palatası qurumun əvvəlki illərdə bir mənbədən satınalma yolu ilə bağladığı bir sıra müqavilələrdə ehtimal olunan qiymətlərin müəyyən edilməməsini və rəqabət mühitinin pozulmasını da nöqsan kimi göstərib.

2026-cı ilin iyununda “Abzas Media”nın yaydığı araşdırmada Horovlu kəndindəki tikinti müqavilələrinin bir hissəsinin “19 Saylı Tikinti Təmir İdarəsi” MMC ilə bağlandığı müəyyənləşdirilib.

Həmin şirkət daha sonra Soltanlı kəndinin 114,5 milyon manatlıq satınalma müqaviləsinin də iştirakçısı olub.

Soltanlı kəndində nə tikilib?

Prezidentin rəsmi saytının məlumatına görə, noyabrın 6-da açılışı keçirilən 108,5 hektarlıq ərazidə 420 fərdi yaşayış evi inşa olunub.

İki, üç, dörd və beşotaqlı evlərin su, elektrik, qaz, günəş panelləri və yüksəksürətli internetlə təmin edildiyi bildirilir.

Kənddə ikimərtəbəli inzibati bina, 140 yerlik uşaq bağçası, həkim məntəqəsi, ticarət və xidmət obyektləri üçün çoxfunksiyalı bina da tikilib.

Rəsmi məlumatda kənddaxili yolların asfaltlandığı, kommunal infrastrukturun yaradıldığı qeyd olunur.

Soltanlı kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, 2020-ci il oktyabrın 19-da Azərbaycan Ordusunun nəzarətinə keçib.

Kəndin bərpası işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, sifarişçi publik hüquqi şəxs və layihəni həyata keçirən şirkətlər memar Elçin Əliyevin tənqidlərinə hələlik münasibət bildirməyiblər.

Ana səhifə ▸ Xəbərlər ▸ İlham Əliyevin açdığı kəndə milyonlar ayrılıb, memar layihəni “kazarma tipli” adlandırır