“QHT işi” üzrə həbsdə olan hüquq müdafiəçisi, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlıya 9 il azadlıqdan məhrumetmə cəzası verilməsi təklif olunub.
Noyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasında dövlət ittihamçısı bu təkliflə çıxış edib.
Prokuror iddia edib ki, Süleymanlıya qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması ilə bağlı ittihamlar məhkəmə araşdırması zamanı sübuta yetirilib.
Cinayət işinin materiallarına görə, QHT-yə ayrılan qrant vəsaitləri qeydiyyata alınmayıb və ittiham tərəfi bu məbləğləri qanunsuz gəlir kimi qiymətləndirib.
Növbəti məhkəmə iclası noyabrın 19-na təyin edilib. Həmin iclasda əvvəlcə Bəşir Süleymanlının vəkili müdafiə nitqi ilə çıxış edəcək, daha sonra hüquq müdafiəçisinin özünün son söz deməsi gözlənilir.
Bəşir Süleymanlı ona qarşı irəli sürülən ittihamları qəbul etmir. O, məhkəmədə bildirib ki, əldə olunan vəsaitlər qanuni olub və regionlarda yaşayan vətəndaşlara, o cümlədən məcburi köçkünlərə hüquqi yardım göstərilməsinə, eləcə də seçkilərin monitorinqinə sərf edilib.
“Mən heç bir cinayət törətməmişəm. Müxtəlif təşkilatlardan vəsaitlər daxil olub və bütün bunlar tam qanuni formada həyata keçirilib. Vəsaitlərin hamısı kart hesabına köçürülüb, burada hər hansı qanunsuzluqdan söhbət gedə bilməz”, – deyə o bildirib.
“QHT işi” üzrə digər hökmlər
Azərbaycanda QHT-lərin maliyyələşməsi ilə bağlı cinayət işi 2014-cü ildə açılıb. İcraatı 2022-ci ildə dayandırılan iş üzrə istintaq 2025-ci ilin fevralında Baş Prokurorluq tərəfindən yenidən başlanıb.
Bu iş çərçivəsində beynəlxalq donor təşkilatları ilə əməkdaşlıq edən bir sıra vətəndaş cəmiyyəti nümayəndələri cinayət məsuliyyətinə cəlb olunub. Onların bir qismi həbs edilib, digərləri barəsində isə həbsdən kənar qətimkan tədbirləri seçilib.
Həbs olunanlar arasında Bəşir Süleymanlı ilə yanaşı, “Ubuntu” Sosial İş Assosiasiyasının təşəbbüs qrupunun rəhbəri Zamin Zəkiyev, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov və Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) da var.
Artıq iş üzrə bəzi şəxslərə hökm oxunub. Asəf Əhmədov 8 il, Zamin Zəkiyev isə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslərdən bir neçəsinə şərti cəza verilib.
“QHT işi” üzrə təqsirləndirilən şəxslər ittihamları qəbul etmir və hər hansı cinayət törətmədiklərini bildirirlər.
İş üzrə şəxslərə Cinayət Məcəlləsinin əmlakın leqallaşdırılması, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı ilə bağlı maddələri ilə ittiham irəli sürülüb. Bu maddələr üzrə ən ağır cəza 12 ilədək azadlıqdan məhrumetmədir.