Elnarə Qasımova beynəlxalq mükafata layiq görülüb

Elnarə Qasımova. Foto: Meydan TV

“Abzas Media işi” üzrə 8 il azadlıqdan məhrum edilən jurnalist Elnarə Qasımova Kurt Şork Beynəlxalq Jurnalistika Mükafatına layiq görülüb. O, həbsxana şəraiti ilə bağlı hazırladığı yazılara görə “Yerli jurnalist” kateqoriyasında ikinci yerin sahibi olub.

Bu barədə oktyabrın 31-də Kurt Şork Xatirə Fondu məlumat yayıb.

“Qasımovanın Azərbaycan həbsxanasından reportajı böyük cəsarət nümayiş etdirdi və ölkədəki dəmir barmaqlıqlar arxasındakı həyatın dərin narahatedici aspektlərinə, o cümlədən korrupsiya, rüşvətxorluq və təhlükəli iş şəraitinə işıq saldı”, – münsiflər heyətinin rəyində deyilir.

Münsiflər Elnarə Qasımovanın yığcam, faktlara əsaslanan və emosional mühakimələrdən uzaq yazı üslubunu yüksək qiymətləndiriblər. Onun həbsxanada yaşadığı təcrübəyə əsaslanan yazılarında digər qadın məhbusların üzləşdiyi ayrı-seçkilik və alçaldıcı rəftarı sənədləşdirdiyi, Azərbaycan həbsxanalarındakı indiyədək işıqlandırılmamış problemləri üzə çıxardığı qeyd olunub.

“Onun işinin sizə çatdığını və münsiflər heyətində belə təəssürat yaratdığını bilmək həqiqətən təsirlidir. Azərbaycanda təxminən 30 jurnalist və media işçisi həbsdədir və bu kimi tanınma təkcə Elnarə üçün deyil, həm də onların hamısı üçün olduqca əhəmiyyətlidir. Bu, onlara unudulmadıqlarını, jurnalistikalarının vacib olduğunu xatırladır”, – AbzasMedia-nın mühacirətdə olan direktor əvəzi və baş redaktoru Günel Səfərova Elnarə Qasımovanın beynəlxalq mükafata layiq görülməsini şərh edərkən deyib.

“Yerli jurnalist” kateqoriyasında birinci yer Nigeriyalı Abdullah Tijaninin olub. O, Zamfara ştatında fəaliyyət göstərən qanunsuz qızıl mədənlərində insanların məcburi əməyə cəlb olunması ilə bağlı araşdırma aparıb.

Münsiflər Tijaninin riskli şəraitdə hazırladığı materialların Nigeriyada qızıl hasilatı ilə silah ticarəti arasındakı beynəlxalq əlaqələri üzə çıxardığını vurğulayıblar.

“Sərbəst jurnalist” kateqoriyasında qaliblər fransalı jurnalist və fotoqraflar Pyer Terra və Pol Boyer olublar. Onlar İndoneziyada cəmiyyətin diqqətindən kənarda qalan insanların həyatını əks etdirən reportajlar silsiləsi hazırlayıblar. Materiallarda homoseksuallığın cinayət hesab edilməsi, dini polisin fəaliyyəti və şəriət qanunlarını pozan şəxslərin ictimai yerlərdə şallaqlanması kimi mövzulara yer verilib.

Bu kateqoriyada ikinci yeri Efiopiyanın Amhara bölgəsindəki silahlı münaqişəni işıqlandıran fransalı fotojurnalist Robin Tutenges tutub. O, regionda kifayət qədər diqqət görməyən qarşıdurma barədə reportajlarına görə fərqləndirilib.

Xarici jurnalistlərin fəaliyyətini yerli şəraitdə dəstəkləyən media əməkdaşlarına verilən “News Fixer” mükafatının qalibi ukraynalı Alla Didur olub. O, Ukraynadakı müharibəni izləyən xarici media nümayəndələrinin işinə göstərdiyi dəstəyə, xüsusilə onların dron və raket hücumları zamanı təhlükəsizliyinin təmin olunmasına köməyinə görə mükafatlandırılıb.

Həmin kateqoriyada ikinci yer Katerina Hatsenkoya verilib. O, xarici jurnalistlərin cəbhə xəttinə yaxın şəhərlərə və səngərlərə gedərək reportaj hazırlamasına şərait yaratması, eləcə də Ukraynada əsir düşmüş Şimali Koreya hərbçiləri ilə bağlı materialların hazırlanmasına verdiyi dəstəklə seçilib.

Kurt Şork Beynəlxalq Jurnalistika Mükafatı 2000-ci ildə Syerra-Leonedə “Reuters” agentliyi üçün işləyərkən üsyançıların silahlı hücumu nəticəsində öldürülən amerikalı sərbəst jurnalist Kurt Şorkun xatirəsinə təsis edilib. 

Mükafat hər il münaqişə, korrupsiya, ədalətsizlik və insan hüquqlarının pozulması kimi mövzuları çətin və təhlükəli şəraitdə işıqlandıran jurnalistlərə təqdim olunur.

Ana səhifə ▸ Siyasət ▸ Elnarə Qasımova beynəlxalq mükafata layiq görülüb