Ehtiyatda olan hərbçinin Müdafiə Nazirliyindən kompensasiya ala bilmədiyi iddia olunur.
Naxçıvan şəhər sakini, İkinci Qarabağ müharibəsi iştirakçısı Pərviz Muradovun ona çatmalı olduğunu bildirdiyi kompensasiyaları ala bilmədiyinə görə iki dəfə özünə qəsd etməyə cəhd göstərdiyi bildirilir.
Bu barədə Meydan TV-yə qazinin yaxınları məlumat verib.
Verilən məlumata görə, ehtiyatda olan baş gizir, III qrup müharibə əlili, 1992-ci il təvəllüdlü Pərviz Hikmət oğlu Muradov oktyabrın 29-da özünə qəsd edib. Hadisədən sonra xəstəxanaya çatdırılıb.
Noyabrın 4-də isə onun yenidən özünə xəsarət yetirməyə cəhd göstərdiyi, polis əməkdaşlarının müdaxiləsi nəticəsində bunun qarşısının alındığı bildirilir.
Məlumata görə, Pərviz Muradov uzun illər Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. O, ehtiyata buraxılarkən verilməli olduğunu bildirdiyi birdəfəlik kompensasiyanı, eləcə də kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları üçün nəzərdə tutulan ödənişləri ala bilmədiyindən şikayətçidir.
Söhbət ümumilikdə təxminən 50 min manatdan gedir.
İddia olunur ki, keçmiş hərbçi həmin vəsaiti almaq üçün Müdafiə Nazirliyinə dəfələrlə yazılı və şifahi müraciət etsə də, nəticə əldə edə bilməyib.
Muradova verilən cavabda onun Naxçıvandan Bakıya göndərilməsi zamanı sənədləşmədə səhlənkarlığa yol verildiyi, xidmət yerinin dəyişdirilməsinin müvafiq əmr və sərəncamlarla rəsmiləşdirilmədiyi bildirilib.
Keçmiş hərbçi bu səbəbdən kompensasiyalarının ödənilmədiyini iddia edir.
Müdafiə Nazirliyinin sözügedən ödənişlərin hüquqi əsasları, sənədləşmə problemi və Pərviz Muradovun şikayətləri ilə bağlı mövqeyi hələlik məlum deyil.
Hadisələrin təfərrüatları və keçmiş hərbçinin hazırkı səhhəti barədə də rəsmi məlumat yoxdur.
Müharibədən sonra qazilərin intihar halları
2020-ci ilin 44 günlük müharibəsindən sonra hərbi xidmət iştirakçıları arasında intihar və intihara cəhd halları dəfələrlə qeydə alınıb.
Bu hadisələr fonunda qazilərin sosial təminatı, əlillik statusunun verilməsi, kompensasiyaların ödənilməsi və psixoloji yardımla bağlı problemlər gündəmə gəlib.
Müharibə iştirakçıları və onların yaxınları bəzi hallarda dövlət qurumlarının laqeyd münasibətindən, müraciətlərinin cavabsız qalmasından və məmur səhlənkarlığından şikayət ediblər.
Meydan TV-nin 2023-cü ilin iyulunda dərc etdiyi araşdırmada müharibədən sonra intihar nəticəsində həyatını itirən 24 qazinin kimliyi dəqiqləşdirilmişdi. Qeyri-rəsmi məlumatlarda isə daha çox hadisənin baş verdiyi bildirilirdi.
Həmin araşdırmada sosial və iqtisadi çətinliklərlə yanaşı, müharibənin yaratdığı psixoloji travmalar və lazımi dəstəyin vaxtında göstərilməməsi məsələlərinə də diqqət çəkilirdi.