Həbsdə olan jurnalist Polad Aslanov hicab qadağasına görə aclığa başladığı gün saxlanıldığı 15 saylı cəzaçəkmə müəssisəsinin rəisi Ramiq Nəsibov və müəssisə əməkdaşı tərəfindən döyülüb.
Bu iddia ilə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova çıxış edib. Onun sözlərinə görə, hadisədən oktyabrın 29-da Polad Aslanovla telefon danışığı zamanı xəbər tutub.
“Polad bildirdi ki, oktyabrın 12-də aclıq aksiyasına başladığı gün 15 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Ramiq Nəsibovun otağında rəis və Teymur adlı əməkdaş tərəfindən döyülüb və cəza kamerasına salınıb. Poladın dediyinə görə, müəssisəyə yeni təyin olunmuş Teymur adlı əməkdaş rəisin otağında onun qolunu arxaya buraraq yerə yıxıb, Ramiq Nəsibov da Poladı döyüb”, – Gülmirə Aslanova sosial şəbəkə hesabında həyat yoldaşına istinadla yazıb.
Jurnalist baş verənlərlə bağlı vəkillə təmin olunmasını istəyib.
Polad Aslanov Azərbaycanda məktəblərdə hicab taxılmasına qoyulan qadağaya etiraz olaraq oktyabrın 12-dən aclıq aksiyası keçirir. Aclığa başlayandan sonra əvvəlcə saxlanıldığı 15 saylı Cəzaçəkmə Müəssisəsinin cəza kamerasına salınan Polad Aslanov oktyabrın 15-də Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb və hazırda aclığı davam etdirir.
Gülmirə Aslanovanın sözlərinə görə, ona Polad Aslanovla görüşə icazə verilmir. Həyat yoldaşının sağlamlıq vəziyyətindən narahat olan Gülmirə Aslanovanın sözlərinə görə, onun çəkisi getdikcə daha da aşağı düşür. Onun sözlərinə görə, aclıq aksiyasına 52 kiloqram çəki ilə başlayan jurnalistin çəkisi hazırda 42 kiloqrama düşüb.
Meydan TV Polad Aslanovun döyülməsi iddiası ilə bağlı Penitensiar Xidmətdən mövqe öyrənə bilməyib.
“Xeberman.com” saytının rəhbəri Polad Aslanov 2019-cu il iyunun 12-də həbs olunub. 13 il azadlıqdan məhrum edilən jurnalist Cinayət Məcəlləsinin 274-cü maddəsilə “dövlətə xəyanətdə” təqsirli bilinib.
O, ittihamları qəbul etmir tənqidçi jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.